Ermənistan Naxçıvana sement satır, muxtar respublikadan isə ora kömür daşınır
Ermənistandan Naxçıvana sement ixracına başlanılıb. Bu barədə “Yeni Müsavat” qəzetinə Naxçıvanda xidmət keçən zabit məlumat verib. Zabit bu prosesdə muxtar respublikanın siyasi və hərbi elitasının da iştirak etdiyini, əslində düşmən ölkə ilə gizli biznes əlaqələrinin qurulduğunu bildirib. Onun dediyinə görə, Ermənistanın “Multi Group” şirkətində istehsal olunan “Ararat” markalı sementlər Iran üzərindən Naxçıvana daşınır. “Multi Group” şirkəti 2000-ci ildən tikinti bazarında fəaliyyət göstərir. Tikinti materialları ilə yerli təlabatı ödəyən şirkət 2001-ci ildən məhsullarını MDB bazarına çıxarıb. “Ararat” sementlərinin ən çox idxal olunduğu ölkə isə Gürcüstanla Ukraynadır.
Zabit sementin muxtar respublikaya necə daşındığına da aydınlıq gətirib: “Irandan karqo ilə gətirilən tikinti materiallarının içərisindən üzərində ”Multi Group” “Ararat” yazılan sementlər seçilir, boşaldılır. Sonra sementi üzərində heç bir yazı olmayan boş kisələrə doldururlar. Sement kisələri daha sonra Naxçıvandakı tikinti materialları satılan bazara aparılır. Bu işin başında Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun durduğu hər kəsə bəllidir. Onun razılığı olmadan belə böyük biznes əməliyyatını başqa kimsə həyata keçirə bilməzdi. Lakin Naxçıvanın hərbi elitasını da işə qatıblar. Çünki sement kisələrinin dəyişdirilməsində, boşaldılmasında və daşınmasında əsgərlərdən istifadə olunur. Çünki əsgər əməyinə pul ödəmək lazım gəlmir”.
Mənbə onu da əlavə edib ki, üzərinə “Ararat” yazılan boş sement kisələrini isə kömürlə doldurularaq Naxçıvandan Ermənistana göndərirlər. Kömür isə Naxçıvan korpusunun qış yanacaq anbarından təmin edilir: “Onsuz da qışı olduqca sərt keçən Naxçıvanda postlara kömür əvəzinə odun verilir. Kömür isə düşmən ölkəyə satılır. Postlardakı əsgərlər qışda, qarlı havada yaxınlıqdakı kəndlərə enərək yandırmağa odun axtarırlar. Bəzən olub ki, camaat təzək yığıb əsgərlərə verib ki, soyuqdan donmasınlar”.