Türkiyə hakimiyyətə çağırış etdi; YAP “yox” dedi

Hulusi Kılıç: «Azərbaycan İsraillə münasibətlərə yenidən baxmalıdır»

Mübariz Qurbanlı: «Məsləhət vermə səpkisində çıxış etmək Türkiyə ilə Azərbaycan arasında münasibətlər fonunda o qədər də məqbul deyil»

“Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır. Azərbaycanla Israil arasında münasibətlərin hər zaman güclənməsini istəyirik. Amma bunun da bir şərti var. Bir tərəfdən Türkiyə ilə Israil arasındakı münasibətlər pozulub və bu məsələnin belə şəkildə davam etməsi hər türk vətəndaşını rahatsız edir. Bu, münasibətlərə təsir etməlidir. Bunun ən sadə nümunəsi Türkiyə ilə Ermənistan münasibətləridir. Ceyhandan Israilə neft daşındığını bilirik. Israil bu haqda fikirləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Bizim Azərbaycana güvənimiz tamdır”,- deyə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Xatırladaq ki, Israilin Azərbaycandakı səfiri Mixail Lotem ANS-ə müsahibəsində Azərbaycanla Israil arasında çox güclü strateji əlaqələrin olduğunu və hər hansı III dövlətin bu münasibətləri korlamaq gücündə olmadığını söyləyib: “Azərbaycanla Israil bir-birinə strateji tərəfdaşdır və bizim münasibətlər heç bir üçüncü qüvvə və ya üçüncü ölkə tərəfindən nizama alına bilməz. Bu münasibətlər qarşılıqlı münasibətlərdir. Bu gün seçdiyimiz yol hər iki ölkə ilə ayrı-ayrıdır, yəni Azərbaycanla ayrı, Türkiyə ilə ayrı münasibətdəyik”.
Israillə Türkiyə arasındakı münasibətlər ötən il mayın 31-də Israil hərbi-dəniz qüvvələrinin Qəzza zolağına humanitar yük aparan 6 gəmidən ibarət “Azadlıq donanması”na hücum həyata keçirməsindən sonra daha da pisləşib. Israil bu hücuma görə Türkiyədən üzr istəməkdən imtina etdikdən sonra iki ölkə arasında münasibətlər ikinci katib səviyyəsinə düşüb, Türkiyə Israilə qarşı bir sıra sanksiyalar tətbiq edib.
Türkiyə ilə Israil arasında yaşanan gərginliyə bir müddət əvvəl Ictimai Palatadan dəstək gəlmişdi. Təşkilat yaydığı bəyanatda Türkiyə ilə Israil arasındakı gərginliyi xalqlararası yox, dövlətlərarası gərginlik sayaraq, həllinin də bu müstəvidə tapmalı olduğunu qeyd ediblər.
Türkiyə ilə Israil arasında artıq bir müddətdir ki, gərgin münasibətlər yaşansa da Azərbaycan rəhbərliyi baş verənlərlə bağlı mövqe ortaya qoymayıb. Görünür bu üzdəndir ki, Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Bakıdan Israil ilə münasibətlərə yenidən baxmağı təklif edib. Bəs Azərbaycan baş verənlərə nə vaxt reaksiya verəcək? Və bu mövqe nədən ibarət olmalıdır?

Vəfa Quluzadə: “Azərbaycan Türkiyənin mövqeyindən çıxış etməlidir”


XIN sözçüsü Elman Abdullayevin sözlərinə görə, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və rəsmi Bakı hər zaman Türkiyəyə qarşı yaxın münasibətlər sərgiləyib. Amma E.Abdullayev Azərbaycanın konkret olaraq yaranmış situasiyada Israil ilə münasibətlərə yenidən baxa biləcəyinə aydınlıq gətirmədi. Və suala cavab verməkdən yayındı: “Türkiyə həm regionun, həm də dünyanın ən böyük və nüfuzlu ölkələrindəndir. Inanırıq ki, Türkiyə ilə Israil arasında yaşanan gərginlik tezliklə həllini tapacaq”.
Politoloq Vəfa Quluzadənin fikrincə isə, Türkiyə ilə Israil arasında yaşanan gərginlik Fələstin problemindən qaynaqlandığından, səfirin bəyanatı da bununla bağlıdır. Azərbaycanın Israil ilə yaxşı münasibətlərinin olduğunu deyən V.Quluzadə vurğuladı ki, Azərbaycanın Türkiyədən başqa dayağının olmaması da nəzərə alınmalıdır: “Hazırda gündəmdə olan məsələ Fələstinin müstəqilliyi məsələsidir. Israil Fələstinin müstəqilliyini tanımaq istəmir. Bu məsələdə ABŞ-ın mövqeyinə də ümid etməyə dəyməz. Çünki əgər cərəyan edən proseslərdə ABŞ Israili dəstəkləyərsə, o zaman ərəb dünyasında nüfuzunu itirmiş olacaq. Ona görə baş verən proseslərdə Azərbaycan Türkiyənin mövqeyindən çıxış etməlidir. Çünki bu məsələdə Azərbaycan Israili dəstəkləyərsə, o zaman başda Türkiyə olmaqla müsəlman dünyasını özünə qarşı qaldırmış olacaq”.

Mübariz Qurbanlı: “Türkiyə ilə Ermənistan arasında problemlər Dağlıq Qarabağ münaqişəsinin mövcud olmadığı zamanda da var idi”


Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum”a deyib ki, Azərbaycan və Türkiyə dost, müttəfiq, strateji tərəfdaş olan ölkələrdir. Onun fikrincə, Türkiyənin Ermənistanla sərhədləri 18 ildir bağlı saxlaması, Ankaranın Irəvanla diplomatik əlaqələr qurmaması müsbət haldır: “Amma bir məsələni də yadda saxlamalıyıq ki, Türkiyə ilə Ermənistan arasında problemlər Dağlıq Qarabağ münaqişəsinin mövcud olmadığı zamanda da var idi. Hələ SSRI dövründə, 1945-ci ildə Ermənistan SSR Türkiyəyə nota verərək ərazi iddiaları ilə çıxış etmişdi. Ermənistan Sovet Ittifaqının tərkibində ola-ola belə bir addım atmışdı.
Ermənistanın indiki konstitusiyasında açıq formada Türkiyəyə ərazi iddiaları irəli sürən müddəalar var. Bu ölkə qondarma “erməni soyqırımı”nı əldə əsas tutaraq Türkiyəyə qarşı geniş səpkidə, çoxşaxəli çirkin təbliğat kampaniyası aparır”.
M.Qurbanlı bildirib ki, Türkiyə və Azərbaycanın beynəlxalq miqyasda ortaq maraqları var və bunu heç kəs inkar etmir. Deputat xatırladıb ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllində həmişə Azərbaycana dəstək verib.
YAP icra katibinin müavini bildirib ki, bu gün Yaxın Şərq məsələlərinə görə Türkiyə ilə Israil arasında ciddi qarşıdurma yaranıb və hazırda bu qarşıdurmanın həlli yolları axtarılır: “Türkiyə də, Israil də qarşıdurmanın həlli yollarını araşdırır. Hesab edirəm ki, Türkiyənin beynəlxalq miqyasda öz haqlı mövqeyini müdafiə etmək üçün apardığı siyasət müəyyən nəticələr verəcək. Azərbaycanın Israillə münasibətləri heç də Türkiyə-Israil əlaqələri səviyyəsində olmayıb. Azərbaycanın Israildə heç səfirliyi də yoxdur. Bizim münasibətlərimizlə Türkiyə-Israil əlaqələrini müqayisə etsək görərik ki, Ankara-Təl-Əviv münasibətləri bizimkindən daha dərindir, yüksəkdə dayanır. Amma indi iki ölkə arasında problemlər yaranıb. Ola bilər ki, problem qısa zamanda çözülsün.
Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirib Israillə əlaqələrinə yenidən baxaraq hansısa addımlar atsa, Türkiyə-Israil münasibətləri düzəldikdən sonra rəsmi Bakı nə etməlidir? Bu, bizim xarici siyasətimizdə problemlər yarada bilər. Biz gərək bunu göz önünə alaq. Biz Türkiyə ilə dost ölkəyik, həmrəylik nümayiş etdiririk. Amma bu məsələlərlə bağlı səfir Hulusi Kılıçın söylədiyi fikirlər bütövlükdə ümumi maraqlarımızla uzlaşa bilməz. Hesab edirəm ki, bu cür yanaşma, məsləhət vermə səpkisində çıxış etmək Türkiyə ilə Azərbaycan arasında münasibətlər fonunda o qədər də məqbul deyil. Azərbaycan Türkiyə ilə dostluğuna sədaqətini həmişə göstərib və bundan sonra da belə olacaq”.

Hikmət