Təhsil Nazirliyi ilə bağlı bir neçə cinayət işinin istintaqı aparılır
Korrupsiyaya qarşı Mübarizə İdarəsi nazirlikdə yeni həbslərin anonsunu verdi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev mətbuata açıqlamasında bildirib ki, adıçəkilən idarə Təhsil Nazirliyi ilə bağlı bir neçə cinayət işi üzrə istintaq həyata keçirir. K.Əliyevin sözlərinə görə, həmin cinayət işlərinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilən zaman ictimaiyyətə məlumat veriləcək.
Oxucuların diqqətinə çatdıraq ki, bir müddət əvvəl Təhsil Nazirliyinin Təmir-Təchizat Idarəsinin rəisi Allahverdi Dəmirovun həbsilə bağlı məlumat yayılmışdı. Bu məlumat təsdiqlənməsə də, təkzib də edilmədi. Həmin məlumatda o da qeyd olunurdu ki, bu idarə məktəb tikintisi zamanı yeyintilərə yol verib.
Bundan sonra həmin idarənin Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyinə verildiyi barədə məlumat yayıldı. Yeri gəlmişkən, Allahverdi Dəmirovun idarəsində yeyinti faktları aşkar edildikdən sonra məktəblərdə təmir işləri meriyaya tapşırılmışdı. Lakin Təmir-Təchizat Idarəsi hələ Təhsil Nazirliyinin nəzdində idi. Dünən isə məlumat aldıq ki, idarədə yoxlamaların başlanılmasına səbəb Allahverdi Dəmirovdan çoxsaylı şikayətlərin olmasıdır. Araşdırmalar zamanı bəlli olub ki, idarə rəisi məktəb tikintisi və təmiri ilə bağlı keçirilən tenderdə qalib gələn şirkətlərlə faizlə işləyirmiş.
Məlumatlarda iddia olunur ki, bu və digər faktların üstü açıldıqdan sonra Allahverdi Dəmirov ev dustağı edilib.
Qeyd edək ki, idarə rəisi təhsil naziri Misir Mərdanovun xalası oğludur. Yeri gəlmişkən, son günlər təhsil nazirinin istefaya göndəriləcəyi barədə davamlı olaraq xəbərlər yayılır.