Yaxın adamından Misir Mərdanova xəyanət

«Azərbaycan müəllimi» qəzetinin baş redaktoru Bayram Hüseynzadə təhsil nazirinə embarqo tətbiq etdi

Təhsil naziri Misir Mərdanovla bağlı məlumatların ardı-arası kəsilmir. Ötən saylarımızda xəbər vermişdik ki, Misir Mərdanovun işdən çıxarılması ilə bağlı sərəncam hazır olsa da, hələlik elan olunması məqsədəuyğun sayılmayıb. Bu məlumatdan sonra təhsil nazirinin üç müavini işdən çıxarıldı. Daha sonra məlumat aldıq ki, Misir Mərdanovun işdən çıxarılması ilə bağlı sərəncamın hələ elan olunmaması təhsil naziri ilə “yuxarılar” arasında əldə edilmiş bir anlaşma ilə əlaqədardır.
Anlaşmaya görə, oktyabrın 3-də Misir Mərdanovun doğum günü münasibətilə – həmin gün nazirin 65 yaşı tamam olacaq – Ilham Əliyev onu təltif edəcək. Bundan sonra nazir 65 yaşı tamam olduğu üçün istefa verdiyini açıqlayacaq. Bu həm də qulluq yaşı keçmiş digər məmurlara nümunə olacaq. Oktyabrın 3-nə kimi isə Misir Mərdanovun təhsil sahəsinə rəhbərliyi formal xarakter daşıyacaq.

Bayram Hüseynzadə

Dünən bu məlumatı təsdiqləyən başqa xəbərlər almışıq. Bu xəbərlərdən biri artıq Təhsil Nazirliyinin rəsmi orqanı olan və həftəlik nəşr edilən “Azərbaycan müəllimi” qəzetində Misir Mərdanova embarqo qoyulması ilə bağlıdır. Misir Mərdanov təhsil naziri təyin edilən ildən etibarən (1998-ci il 26 mart) “Azərbaycan müəllimi” qəzetinin hər nömrəsində onun çıxışlarına, fikirlərinə yer ayrılıb. Lakin nazirin müavinlərinin işdən azad edildiyi ərəfədə “Azərbaycan müəllimi” qəzetində Misir Mərdanov barədə bir cümlə belə, yazılmayıb. Maraqlıdır ki, həmin ərəfədə qəzet ənənəvi olaraq 16 səhifə deyil, 24 səhifə nəşr olunub. Lakin bu səhifələrin heç birində “Misir Mərdanov” adına rast gəlmək mümkün olmayıb.
Yeri gəlmişkən, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Misir Mərdanova yaxın şəxs hesab edilən Bayram Hüseynzadədir. O, həm də Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəridir. Görünür, Bayram Hüseynzadə də artıq Misir Mərdanovun qatarının getməsinin fərqindədir…

İnformasiya şöbəsi