Zülfüqarlı qardaşlarının zavodu zəbt edildi; işin arxasında ARDNŞ şefinin durduğu deyilir
Tanınmış iş adamları Nürəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus Xəzər Boru Zavoduna silahlı basqın edilib. Zavod Qaradağ rayonunda yerləşir. Zavoda basqın sentyabrın 17-i gecə olub.
Bu barədə “Azadlıq”a məlumat verən Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılovun sözlərindən belə çıxır ki, zavoda basqını Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev təşkil edib. Vəkilin bildirdiyinə görə, ARDNŞ-in mühafizə xidmətinə aid təxminən 20 nəfərlik silahlı dəstə zorla zavoda daxil olub və içəridəki işçiləri çölə atıb. İşçilərin müqavimət cəhdi və izahat tələb etmələri heç bir nəticə verməyib. Vəkil deyir ki, zavod hələ də silahlı dəstənin nəzarətindədir və heç kimə içəri daxil olmağa icazə verilmir. Olayla bağlı polis və prokurorluğa müraciət edilsə də, silahlı dəstəyə qarşı heç bir tədbir görülməyib.
«Zülfüqarlı qardaşlarının bundan əvvəl də bir sıra müəssisələri əllərindən alınıb. Bu müəssisələr Poladtökmə və Elektoronştamp zavodlarıdır. Hazırda basqın edilən Xəzər Boru Zavodu isə keçmiş SSRİ məkanında analoqu olmayan zavoddur. Zavod Azərbaycanda başqa heç bir müəssisənin istehsal etmədiyi iri diametirli borular istehsal edir. İtalya və Türkiyədən gətirilmiş bahalı avadanlıqlarla təchiz olunan zavod hazırda ölkəmizdə böyük ehtiyac duyulan boruları daha ucuz qiymətə təklif edir. Bu zavodun istehsal etdiyi boruları ARDNŞ və «Azərsu» kimi müəssislər xaricdən 2000 dollardan yuxarı qiymətə alıb Azərbaycana gətirir. Halbuki Zülfüqarlı qardaşları eyni keyfiyyətli boruları 800 dollara təklif edir”, – deyə hazırda xaricdə olan A.İsmayılov əməkdaşımızla söhbətində bildirib.
Vəkil “Azadlıq”ın vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edərək hadisəyə dərhal reaksiya verilməyə çağırır.
Zavod rəsmilərindən əldə etdiyimiz məlumata görə isə məhz ortada böyük maliyyə maraqlarının olması Xəzər Boru Zavodunu hədəfə çevirib. Belə ki, R.Abdullayev bir neçə dəfə zavodun ARDNŞ-in tabeçiliyinə verilməsi ilə bağlı «təkliflər» göndərib. Lakin Zülfüqarlı qardaşları bunu qəbul etməyiblər.
Mövzunu diqqətdə saxlayacağıq.
İnformasiya şöbəsi
BUNLARA DA BAX:
Zülfüqarlı qardaşlarını Ramiz Mehdiyev çökdürüb