Suriyalılar da Milli Şura yaratdılar. Hiss olunur ki, “ərəb baharı”nın ardınca “ərəb payızı”, bəlkə də “ərəb qışı” da olacaq. Hər halda, Yaxın Şərqdə baş verən bu proseslər öz məntiqi sonluğuna çatmalıdır. Məntiqi sonluq isə bir nəticədir – Azadlıq! Amma mən səbrsizliklə bu ölkələrdəki postdiktatura dövrünü görmək istəyirəm. Hər halda, ümidlər böyükdür. Bu ölkələr bir çox təsəvvürləri dəyişdilər. Insanların ancaq sosial problemlərə görə inqilab və etiraz etdiyini iddia edən klassik nəzəriyyələri də təftiş etmək lazım gələcək.
Bəli, insanların aclıqdan və susuzluqdan qırıldığı Somalidə heç kim üsyan etmək haqda düşünmür, humanitar yardım paylanan nöqtələrdə növbəsini tutmaqla işini bitmiş hesab edir, amma nisbətən tox Misirdə, Tunisdə, eləcə də Suriyada insanlar etiraz edir, diktaturalardan xilas olmağa çalışırlar.
Bu nəticə haqda digər avtoritar rejimlər də düşünməlidir. Bəli, elə bizimkilər də özlərini bir tezislə arxayın edirlər ki, insanların vəziyyəti yaxşılaşsa bizdə heç bir etiraz-filan olmayacaq, onsuz da bizim xalqımız qeyri-siyasi xalq təsiri bağışlayır və siyasətə elə də maraq göstərmir. Əvvəla, hakim partiya özünün şişirtdiyi ədədlərə o qədər də aludə olmamalıdır. Təsəvvür edin ki, bunlar 2003-cü ildən bu yana 900 min iş yerinin açıldığını iddia edirlər! Bu nağıllara özlərinin inanmağı bir tərəfə, çalışırlar ki, zorla da olsa cəmiyyəti də bu rəvayətlərə inandırsınlar. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdənsə indi “acların qiyamı”na çox az ölkədə təsadüf olunur. Etirazı elə tox adam edir, çünki onda ləyaqət hissi və azadlıq yanğısı baş qaldırır, o, aldadılmaq və aldatmaq istəmir, həyatını ləyaqətlə yaşamağa can atır. Elə ona görə də bizim ölkənin etirazlardan sığortalandığını güman etmək sadəlövhlükdür, o, günlər hələ qarşıdadır, elə bir vaxt gələcək ki, etirazlar baş qaldıracaq və bu hakimiyyətin strateqləri baş sındıracaqlar ki, əcəba, bu, nədən baş verir? O gün onların cavabı birmənalı olacaq: bəli, bu proseslərin arxasında hansısa ölkələr dayanıb!.. Bu, onların hamısının cavabıdır, bütün avtoritar rejimlər və diktaturalar belə hesab edir ki, kənardan müdaxilə olmasa onların xalqı heç vaxt öz hökmdarlarının üzünə ağ olmaz!.. Bəli, bəsit düşüncədir. Amma hər bir despotik rejim bu şoku yaşayır. Onlar inana bilmir ki, on illərlə sürü kimi idarə etdikləri bir cəmiyyət bir gün etiraz səsini ucalda bilər. Lakin belə olur və bu aqibət bütün avtoritar rejimləri gözləyir.
Siyasətin ayırdıqlarını futbol birləşdirir
Bir sözü qoyub, o birisinə keçirəm. Düşünürdüm ki, görən, Isirail-Türkiyə futbol oyunu baş tutacaqmı? Bəli, baş tutdu. Mən bu məsələdə Türkiyənin aktivinə daha bir xal yazardım, türklər bir daha özlərinin mütərəqqi insanlar olduqlarını sübut etdilər. Açığı, Türkiyə ilə Israil arasındakı qarşıdurmanı o qədər də təqdir etmirəm, buna ehtiyac yox idi. Təbii ki, istər hər iki ölkənin, istərsə də regionun çoxlu problemləri var, bunu heç kim inkar etmir. Amma soyuq məntiqdən kənara çıxmaq, emosiyaya qapılmaq siyasətə elə gözəllik gətirmir, hər şeyi korlayır. Mən Israili də qınayıram. Onlar Misirə üzrxahlıq etdilər, üzr istədilər. Bunu Türkiyə ilə bağlı da edə bilərdilər. Eləcə Türkiyə xarici siyasətdə “ərəb vektoruna” aludə olmamalıdır. Təbii ki, Fələstinin öz hüququ və haqqı var, hamı da bunu tanımalıdır. Məsələn, mənim “Fələstinin BMT-də tanınması problemin həlli deyil!” kimi bəyanatlardan o qədər də xoşum gəlmir. Məgər Fələstinin Kosovo qədər də haqqı və hüququ yoxdur?
Aydın məsələdir ki, bir çox məsələlərdə bəzi dövlətlər Israil yönümlü siyasi xətt yürütməyə cəhd edirlər. Lakin bir məsələ də var ki, Türkiyə də ABŞ-ın yaxın müttəfiqidir. Ona görə hadisələrin zahiri parıltısına aldanmaq, tələsik nəticələr çıxarmaq olmaz. Dünya siyasəti həmişə mürəkkəb olur. Sözsüz ki, ABŞ siyasətçiləri yerli yəhudi lobbisindən çox asılıdırlar. Amma bəlkə onlar da kiminsə əli ilə Israili yüngül də olsa cəzalandırmaq istəyirlər? Bu, sadəcə ehtimaldır. Amma dünyada nələr olmur?


