Beli qırılmış təhsilimiz

Neçə ildir təhsildəki biabırçılıqlar barədə qəzetlər yazır, camaat toyda-yasda danışır. Biz azərbaycanlılarda əcaib bir məntiq var. Düşünürük ki, hökumətin hər hansı bir axsayan strukturunda irəliləyiş əldə etmək üçün mütləq onun başında dayananı dəyişmək lazımdır. Marksist düşüncəsidir bu. Ayrıca götürülmüş bir dövlətdə kommunizm qurmağın mümkünlüyünü 90 il qulaqlara doldurdular və 1991-ci ildə Kommunist Partiyasının kürəyi yerə vurulanda bu fikirlərin sabun köpüyündən savayı bir şey olmadığı məlum oldu.

Azərbaycanın hər hansı bir nazirliyində ciddi kadr islahatlarından sonra işlərin sahmana düşəcəyini fikirləşənlər səhv edirlər. Mövcud idarəetmə metodları ilə nə təhsilin, nə səhiyyənin, nə də digər sahələrin pozitiv inkişafına nail olmaq absurddur.

Sabah prezident sərəncam verib təhsil naziri postunu baş nazir Artur Rəsizadənin, lap belə özünün çiyninə çəksə də Azərbaycanda təhsilin səviyyəsi dəyişməyəcək.

Bir el misalı var, deyir, atın yəhəri əyiləndə yerə düşüb əyilən hissəni yuxarı qaldırmaqla uzun yol getmək olmaz. Uzun yol getmək üçün yəhər açılıb yerə qoyulmalı və təzədən bərk-bərk atın belinə bağlanmalıdır.

Azərbaycanda təhsilin beli qırılıb, yerindən qalxa bilmir. Ilham Əliyev Təhsil nazirinin üç müavinini bir sərəncamla işdən çıxarsa da, hətta başda nazir Misir Mərdanov olmaqla cümlə kollegiya üzvlərini, idarə rəislərini və məktəb direktorlarını yeni kadrlarla əvəzləsə də, təhsil sisteminin qəddi düzəlməyəcək.Şəxsən mənim üçün müəmmalı qalan bir nüans var. Ölkədəki mövcud idarəetmə sistemi ilə təhsilin bir addım da irəli getməyəcəyini gözəl bilən Misir Mərdanov 13 ildir nazir kreslosundan nədən bərk-bərk tutub?

5 il, lap belə 10 il nazir işləmək olar. Uçuruma gedən maşının sükanına 13 il qırsaqqız olub yapışmağın anlamı nədir?

Müəllimlərə verilən aylıq maaş 10 gün onun dolanışığına bəs edir. Qalan 20 günü müəllim acqarına necə dərs deyə bilər? Bu bir.

Bu gün Azərbaycanda minlərlə uşaq valideynlərinin işsizliyi ucbatından təhsildən kənarda qalıb. Bakının çoxsaylı xidmət, iaşə, ticarət müəssisələrində saysız-hesabsız məktəb yaşlı uşaqlar çalışır. Belə bir faktın varlığında təhsilin səviyyəsindən danışmaq sadəcə, sadəlövhlükdür. Bu iki.

Müəllimin aldığı maaş dolanışığına bəs etmirsə və ailə imkansızlıq üzündən məktəb yaşlı uşaqları qazanc dalınca göndərmək məcburiyyətindədirsə, TƏHSIL yerə uzanıb TƏSLIM olur.

Bu iki arqumentin üstünə təhsil işçilərinin zorla YAP-a üzv yazdırılmasını və onların seçkilər zamanı “karusel” əməliyyatlarına cəlb edilməsini də əlavə etsək, ürəkbulandırıcı bir mənzərənin şahidi olarıq.

Azərbaycanda təhsilin beli qırılıb. Neft gəlirlərinin hesabına ölkədəki məktəbləri yüksək səviyyədə təmir etsələr, o məktəblərin hamısına müasir elektron və texniki avadanlıqlar quraşdırılsa və hətta uşaqlara kitab və məktəbli forması pulsuz-parasız paylansa belə, təhsilin sınmış belini düzəltmək mümkün olmayacaq.

Bunu etiraf etməlidir, Misir Mərdanov. Təhsil nazirliyi dövlətin ən mühüm qurumlarından biridir. Gömrük və vergi sistemlərindəki geriliyi rüsumlarla, vergilərlə nizamlamaq olar, oğurluğun qarşısını alıb bank və maliyyə sistemlərindəki anormallıqları aradan qaldırmaq olar.

Təhsil sistemindəki anormallıqları isə bu metodlarla qaydaya qoymaq olmaz. Digər tərəfdən, “BISAVAD” istehsalının millətin genefonduna vurduğu zərbəni düşünmək lazımdır.

Lütfən özünüzün, qohumlarınızın, qonşularınızın uşaqlarını bir savad süzgəcindən keçirin. Görün, onların içərisində nə qədər BISAVAD var.Bu, təkcə o bisavad uşaqların valideynlərinin deyil, millətin və dövlətin bəlasıdır. Kimi dindirsən, uşaqlar bizim gələcəyimizdir deyir.Sual edirəm, hansı uşaqlar? Bisavad, yoxsa savadlı uşaqlar?