Rayonun mərkəzi xəstəxanasının qapıları qıfıllıdır; iş adamları rayondan didərgin salınıb; xalçaçılıqla məşğul olanlar 25-30 manat maaş aldıqları üçün işdən imtina edirlər
Ölkənin ən qədim və turizm potensialı olan bölgələrindən biri Şabran (köhnə Dəvəçi rayonu – red.) uçuruma sürüklənir. Şimal zonasının səfalı guşələrindən olan rayonda işsizlik, sosial ədalətsizlik, korrupsiya, məmur özbaşınalığı hökm sürür. Qısa desək, bu rayon daş dövrünü xatırladır. Şabran “mezeolit” dövründən qalmış “inkişaf” mərhələsinə qədəm qoyub. Heç şübhəsiz ki, bu “nailiyyəti” icra başçısının sayəsində əldə edib.
Heydər Əliyev prospekti daim təmir olunur
Şabran rəhbərliyi əhaliyə “qan uddurur”, rayonu isə zahirən dəyişməklə büdcədən milyonlar yığışdırılır. Rayonun başçısı Novruz Novruzov Şabrana rəhbər təyin olunduğu gündən bəri əhalinin “gününü göy əskiyə büküb”. Gözdən uzaq, könüldən iraq olan bu bölgədə vəziyyət başçının dövründə daha da pisləşib: “Novruz Novruzov rayonu cəngəllik qanunları ilə idarə edir. Son 4 il ərzində gördüyü iş yalnız öz oğluna məxsus sexlərdə istehsal olunan divar daşları ilə şəhərin mərkəzini bəzəmək olub. Başçı rayonun Mərkəzi Xəstəxanasına qədər olan ərazidə evlərin bayırdan divarlarını eyni qaydada hördürüb, bir neçə park açıb”.
Heydər Əliyev prospekti boyunca evlərin divarları artıq neçənci dəfədir dəyişdirilir. Sanki Şabranda bundan başqa vacib heç bir iş yoxdur. Bu hasarların kosmetik olaraq dəyişdirilməsi hər il yerli büdcənin talan olunması hesabına həyata keçirilir.
Şabran Mərkəzi Xəstəxanasının yanında təzə tikilən xəstəxana binasının açılışına avqustun 15-də Ilham Əliyev gəlsə də, səhiyyə ocağı indiyə qədər fəaliyyət göstərmir. Bundan başqa, icra başçısı obyektləri sökdürməmək üçün sahiblərindən əlavə “haqq” alır. Buna etiraz edənlərin isə aqibəti heç də yaxşı olmur.
Rayonun indiki halı müharibədən təzə çıxmış ölkənin halına bənzəyir. Mərkəzi küçədən başqa ərazidə işıq dirəkləri yoxdur. Işıq dirəkləri olan bir çox yerlərdə isə qəribə də olsa işıqlar yanmır. Buna görə də axşam düşən kimi Şabran zülmətə qərq olur.
Cəmi 50 min əhalisi olan rayonda böyük işsizlik hökm sürür. Şabranda xalçaçılıq tənəzzül dövrünü yaşayır. Odur ki, xalçaçılıqla məşğul olan işçilər çarəsizlikdən işləməkdən imtina edirlər. Onlar ayda cəmi 25-30 manat maaş alırlar. Gənclər isə kütləvi surətdə köç edir.
Əsasən Bakı, Rusiya çöllərində iş tapmağa gedirlər. Rayonda 700-ə yaxın işçisi olan “Dəvəçi-Broyler” müəssisəsi var. Quşçuluq fabrikində də iş şəraiti və maaş çox aşağıdır.
“Səba Broyler” ələ keçirildi
Şabranın deputatı Tahir Süleymanov öz vəzifə “borcuna” uyğun olaraq, rayon əhalisinin problemləri ilə deyil, özünün var-dövlətini artırmaqla məşğuldur.
Artıq neçənci dəfədir ki, deputat seçilən cənab Süleymanov Milli Məclisdə bir dəfə də əhalinin problemlərini qaldırmayıb. Onun bir neçə toyuq ferması və çoxlu sayda obyektlərinin olduğu söylənilir. Hətta Heydər Əliyev prospektinin yaxınlığında yerləşən “Günel” şadlıq sarayı da ona məxsusdur. Həmçinin, Azərbaycanda ən böyük dəyirmanlardan birinə sahiblik edir.
Şabranda yerləşən “Səba Broyler” bir müddət nəzarətsiz qalsa da, nəhayət, Tahir Süleymanovla Novruz Novruzov onun da üzərinə əl qoyublar. Belə ki, deputatla icra başçısı birləşərək, broyleri ələ keçiriblər. Broylerin köhnə rəhbərliyi isə yerində saxlanılıb. Sadəcə, onun gəlirləri əvvəlki kimi deyil. Yəni, ona ayda konkret məbləğdə pul veriləcək. Bir də həmin şəxsə broylerdən müəyyən miqdarda toyuq və toyuq məhsulları götürərək, dükanlarda satdıra bilmək səlahiyyəti verilib. Ancaq həmin miqdarı da deputat və icra başçısı müəyyənləşdirib və elə də böyük rəqəm sayılmır.
Rayon sakinlərinin dediklərinə görə, Tahir Süleymanovla şərikli hərəkət edən Novruz Novruzov “Səba Broyler”i ələ keçirmək üçün xeyli müddət idi ki, çalışırmışlar. Nəhayət, bu yaxınlarda həmin quşçuluq fabrikinin rəhbərinin “səhv”ini taparaq, ona ilişiblər. Sonra şərtlərini diqtə edərək, istəklərinə nail olublar.
Ramin DEKO,
Bakı-Şabran-Bakı