“Trabzonspor”un qapıçısı ilk turun ən yaxşısı seçilib

Türkiyənin “Trabzonspor” komandasının qapıçısı Tolqa Zəngin Çempionlar Liqasında ilk turun ən yaxşı futbolçusu seçilib.

Lent.az-ın məlumatına görə, “La Gazzetta dello Sport” qəzetinin keçirdiyi sorğuda 28 yaşlı qolkiper 10966 səs yığıb. Bununla 
da Tolqa dünyanın ən yaxşı futbolçusu sayılan Lionel Messini böyük fərqlə geridə qoyub. İspaniyanın “Barselona” klubunun 
argentinalı ulduzu cəmi 2779 səs toplayıb. Sonrakı yerləri İtaliya “Napoli”sinin uruqvaylı hücumçusu Edinson Kavani (2270), 
“Barselona”ya 24-cü saniyədə qol vuran “Milan”ın braziliyalı forvardı Aleşandro Pato (2094), “Mançester Yunayted”in veteranı 
Rayan Giqqz (780) tutub.

İtaliyalılar Tolqanın “İnter”lə səfər matçında 3 möcüzəvi qurtarışla “Trabzonspor”un qələbəsində böyük rol oynadığını 
vurğulayaraq, türkiyəli qapıçıya səs yağdırıblar. Onun komandasını xilas etdiyi epizodlar isə İtaliya telekanallarında tez-
tez ekranlara gətirilib.