Paris eşq şəhəridir, yoxsa sürgün şəhəri…

Paris dünyanın ən gözəl şəhərlərindən biridir deyirlər. Paris musiqi və eşq şəhəridir deyirlər. Ola bilsin, belədir. Amma kim nə düşünür-düşünsün, kim bunu pafoslu söz oyunu kimi qəbul edir-etsin, mənim üçün dünyanın ən gözəl şəhəri Bakıdır. Istanbul, Şuşa, Təbriz olan yerdə də Parisin musiqi və eşq şəhəri olması ağlımın ucundan belə, keçməz. Oradakı həyat buradan çox cazibədar, sabahları füsunkar, gecələri heyranedici olsa belə, bura daha gözəldir. Nə qədər ağrılı-acılı, sevincli-kədərli olsa belə, həyatımın böyük bir parçasına rəng qatan, məni ən çətin yollardan keçirib bu günə gətirən o rüzgarlı, dəniz qoxulu şəhərə borcluyam.

Mənə görə, insan mütləq özünü gördüyü, sevgiylə bağlı olduğu yerdə yaşamalıdır. Bəzən bu, çox zor ola bilər, bəlkə lap məhrumiyyətlər bahasına başa gələ bilər. Amma həyat öz-özlüyündə elə “dibsiz uçurumlardan atılmaqsa”, o dayanacaq yer də durduğun yerdir ki var…Bəs sənə o yerdə dayanmağa belə, aman vermirlərsə necə…

Hardasa iki ay bundan əvvəl Azərbaycan jurnalistlərinin həyatından bəhs edən bir filmə baxmışdım. Istedadlı telejurnalist Arzu Qazıyevanın ssenarisi əsasında hazırlanmış film “073 saylı reys” adlanırdı. Bu həmin reysdi ki, illər öncə gənc jurnalist Aqil Xəlili Bakıdan Parisə aparmışdı. Buradakı ölüm təhlükəsindən zorla qurtulan o gənc oğlanı tanımadığı, dilini bilmədiyi, dünyanın ən bahalı şəhərinə aparan həmin reys filmin atributu olmuşdu. O filmdə jurnalist zorakılığı ilə bağlı fikirləri yer alan şəxslərdən biri də Qənimət Zahid idi. Keçən həftə başqa bir reys də onu Ankaradan Parisə apardı, həm də ailəsiylə birlikdə…

Bu xəbərə çoxdan hazır olsam da, illər boyu yol gəldiyiniz dostlardan ayrıldıqda hansı hissləri keçirərsinizsə, o hissləri keçirdim. Çünki bizim çevrədə o universitet illərinin yaxın dostlarından çox adam qalmayıb. Dünyasını dəyişən dünyasını, cəbhəsini dəyişən cəbhəsini, üzünü dəyişən üzünü dəyişib gedib… Indi çevrəmizdə sırası xeyli azalmış əqidə dostlarımızın arasında təkcə bir nəfərin deyil, bizə çox yaxın bir ailənin yeri boşaldı. Bir vətənpərvər, əqidəli, öz torpağına bağlı ailəni “sürgün”ə məcbur edən hakimiyyət öz qələbəsini bayram edə bilər. Amma bilirəm ki, bu fikrimlə razılaşmayacaqlar. Çünki dönə-dönə mübarizənin davam etdiyini və orada da Azərbaycan üçün faydalı işlər görəcəklərini yazırlar bizə. Buna heç şübhəm də yox, hələ üstəlik Qənimət bəy yaxın zamanda geri dönəcəyini bəyan edirsə…

Biz yaşadığımız bu şəhərdə dəli-dolu bir mübarizə yolu keçmişik. Indi belə bir yerdən qalxıb ildə 28 milyon turist qəbul edən şəhərə mühacirət etmək asan gəlməsin kimsəyə. Kimsə bu “sürgünü” “lüks həyat axtarışı” qəbul edib qınamasın dostlarımızı. Axı onların da gözəl həyatın fəlsəfəsini elə bizim kimi qəbul etdiklərini bilirik, bu, azad və insani bir mühitdə yaşamaqdan başqa bir şey deyil. “Paris” sözü qədim fransız dilində “işləyən insanlar” və ya “sənətkarlar” mənasını daşıyır. Sözün əsl anlamında, bu, sənət inciləri ilə zəngin olan qaynar bir mərkəzdir. Amma indi Fransada 4 milyondan artıq mühacir yaşayır və dəqiq rəqəmi bilən olmasa da, bunun bir xeyli hissəsi paytaxt şəhərin üzərinə düşür. Qədimlərdən eşq şəhəri adlanan Paris zamanla sürgün şəhərinə çevrilir. Bilmirəm, bu qədər qarışıqlığın ortasında qədim eşq hekayətlərindən əsər-əlamət qalırmı…