Ağlaya-ağlaya işdən çıxan nazir müavini

Misir Mərdanovun təzəliklə işdən azad olunan 3 müavinindən biri yolasalma mərasimində göz yaşlarını saxlaya bilməyib zülüm-zülüm ağlayırmış. Qəzetlər belə yazıb və ağlaşma quranın “kişi müavin” olduğunu da xüsusi vurğulayıblar.

“Kişi” söhbətinin araya düşməsi yaxşıdır – təbii olaraq, şübhələr Iradə Hüseynovanın üstündən götürülür və qalır ikisi: Isgəndər Isgəndərov və Elmar Qasımov. Görəsən, bunlardan hansı utanıb eləmədən, kişi kimi vəzifəyə görə göz yaşı töküb?

Isgəndər Isgəndərovun 65 yaşı oktyabrın 4-də tamam olasıdır, bu səbəbdən onun iş yoldaşlarının gözü qabağında ağlaması bir azacıq inandırıcı deyil. Ona görə yox ki, adam vəzifədən getməsini özünə dərd eləməyib; ona görə ki, 65 yaşında olan kadrların işdən çıxarılacağı ilə bağlı qanun var və bu qanunun tətbiqi xeyli vaxtdır müzakirə olunur. Isgəndər Isgəndərov başının üstünü alan qara buludlardan xəbərdar idi (və ya xəbərdar olmalıydı). Onun 2 ay öncədən ağlamağı gələ bilərdi və çox güman ki, əmr verilənə qədər artıq ağlayıb qurtarmışdı.

Qalır gənc, perspektivli, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov. Bu nazir müavininin ağlaması mümkündür: zatən, onun nazir olmaq uğrunda apardığı savaş bir neçə dəfə qəzet səhifələrinə qədər gedib çıxıb. Indi özünüz düşünün: nazir olmaq savaşına girən gənc birdən, hoppatan, gözlənilmədən müavinlikdən çıxarılırsa, kişi kimi ağlamamalıdır?

Doğrusu, onun hansı fitri istedadına görə 26 yaşında nazir müavini təyin edilməsinin səbəbini 12 ildən sonra nəhayət ki, anladım: vəzifə naminə ağlayan adam elə vəzifə naminə nəyə desən, gedər. YAP-a belə gözəl kadrlar lazım deyilmi? Bəs, beləsini nə deyib işdən çıxarırlar? “Neqativlik”, “rüşvət”, “korrupsiyaya” görəmi?

Azərbaycanda idarəetmə mexanizminin rüşvət və korrupsiya üstündə bərqərar olunduğu halda “korrupsiya” ittihamıyla kiminsə vəzifədən alınması ehtimalı sıfra bərabərdir. Həm də “korrupsiyaya” görə adamı işdən çıxarmırlar, həbs edirlər…

Vəzifədən şərəflə və şərəfli getmək

Misir Mərdanovun yaş məhdudiyyəti ilə bağlı açıqlamasından və 65 yaşının gələn ay tamam olacağından görünür ki, təhsil naziri də artıq çemodan əhval-ruhiyyəsindədir. Ancaq vəzifədən ötrü sıtım-sıtım sızıldayan və qan-yaş tökən müavinindən fərqli olaraq, cənab nazir “şərəflə” getmək istəyir. Ona bu imkanı tanıyan varmı?

Milli Məclisin hüquq komissiyasının sədri Əli Hüseynovun Misir Mərdanovu “populizmdə” ittiham etməsindən görünür ki, nazirin arzusu ürəyində qalacaq. Bu tərəfdən də Məleykə Abbaszadə “getmək” məsələsinə toxunub və 65 yaşı növbəti dəfə gündəmə gətirib. TQDK sədri Məleykə Abbaszadənin 1953-cü il təvəllüdlü olması və “65 yaşda mən də gedəcəyəm” sözü ilə 11 ildi tutduğu vəzifəni hələ 7 il də davam etdirməyə hazırlaşması ayrı mövzudur. 65 yaşın hallanmasında məqsəd isə Misir müəllimə xatırlatmaqdır ki, “şərəf” məsələsini bir kənara qoy, 65 yaşın var, getməlisən!

“Şərəf”ə mane olan “qaynar xətt”

Dünən Təhsil Nazirliyinin “qaynar xətti”nə daxil olan müraciətlərlə bağlı rəsmi açıqlama verilib. Müraciətlərin səbəbləri sırasında isə rüşvət ittihamının olduğu haqda bircə fakt da göstərilməyib.

Belə çıxır ki, ya Azərbaycan məktəblərində rüşvət yığımı faktı yoxdur, ya da bu biabırçılıqla bağlı Təhsil Nazirliyinin qaynar xəttinə xəbər verilməyib.Halbuki “Tərəqqi” liseyinin direktoru, Nəqliyyat naziri Ziya Məmmədovun və millət vəkili Elton Məmmədovun bacısı, icra başçısı Əhəd Abıyevin gəlini Məhbubə Məmmədovanın 1000 manat rüşvət yığması barədə Təhsil Nazirliyinin qaynar xəttinə mən özüm şəxsən məlumat vermiş və bunu, az qala hər dəfə xatırladıram.Nə qədər saxtakar olmaq lazımdır ki, “qaynar xətt”ə daxil olan müraciətlərin sırasında rüşvət faktının mövcudluğunu da gizlədəsən.

Belə bir nazirliyə rəhbərlik edən Misir Mərdanovun istefaya “şərəflə və şərəfli” getmək arzusunu necə qiymətləndirirsiniz? Azərbaycan təhsilinin anasının ağladılmasında iştirakçı olub da pensiyaya şərəfli getmək olarmı?