Rövnəq Abdullayevin Balakənindən reportaj

Bir il qabaq qırmızı lentini Ilham Əliyevin kəsdiyi Rayon Mərkəzi Xəstəxanasının qapıları hələ də bağlıdır

Rayonda işsizlik tüğyan edir; Neft Şirkətinin balansında olan hotel işçilərin qəniminə çevrilib; təbii qaz zəifdir, bir maşın odun isə od qiymətinədir…

Balakənə qatarla getdik. Səhər saat 11 radələrində artıq rayona çatdıq. Hər yer taksiylə dolu idi. Işsizlikdən hərə özünə bir maşın alıb sürücülük edir. Çörək pulunu bu yolla qazanırlar. Dəmiryol vağzalından istənilən ünvana getmək üçün cəmi 1 manat ödəməlisən. Necə deyərlər, sürücülər sənin nazınla oynamağa razıdırlar ki, təki maşına minəsən. Şəhərin mərkəz hissəsindəki yollar ala-babatdır. Çala-çuxur yerlər çox azdır…

Neft şirkətinin işçilərinə məcburi istirahət

Ölkənin hər yerində olduğu kimi Balakənin mərkəzində də Bayraq Meydanı tikilir. Rayon sakinlərinin dediyinə görə, dirəyin hündürlüyü 77 metrə çatır. Tam başa çatmayan bu meydana dövlət büdcəsindən bir milyon manatdan çox pul ayrılıb. Gündəlik ruzi dərdindən ora-bura qaçan balakənlilər üçün Bayraq dirəyinin nə hündürlükdə olmasının heç bir əhəmiyyəti yoxdur.
Meydanın yanında “Qubek” hoteli var. 4 ulduzlu olan hotelin adı eyni adlı dağdan götürülüb. Əsasən Dövlət Neft Şirkətinin işçilərinin istirahəti üçün nəzərdə tutulan bu ünvanda rayona qonaq gələnlər də dincələ bilər. Ancaq bir az baha. Belə ki, “Qubek”də təkcə otaq götürmək üçün günə 70-80 manat ödəməlisən. Yemək sifariş vermək və başqa istəklərinin həyata keçməsi üçün əlini təkrar cibinə salmalısan.

Rusiyadan qonağını qarşılayıb “Qubek”də onlara qulluq edən rayon sakinlərindən birinin dediyinə görə, hoteldə normal əylənmək və dincəlmək üçün bir həftəyə 800-1000 manat xərcləməlisən: “Bu yay iki dostumu Rusiyanın Sankt-Peterburq şəhərindən Balakənə qonaq çağırdım. ”Qubek”də yer götürdük. Cəmi beş gün qaldılar. 1600 manat xərcim çıxdı. Halbuki ötən il Sankt-Peterburqa gedəndə dostlarım məni şəhərin ən bahalı yerlərində saxladılar. 9 günlük istirahətim üçün cəmi 400 manat ödənildi. Xidmət və keyfiyyət “Qubek”dən on dəfə üstündü. Baha olduğu üçün son illər Balakənə gələn turistlərin sayı xeyli azalıb. Burada xərclədikləri pulla bir həftə Antalyada gözəl dincəlmək olar”.
Rayonda olarkən öyrəndik ki, Rövnəq Abdullayevin bu hotelində Neft Şirkətinin işçiləri ildə bir neçə dəfə məcburi istirahət edirlər. Onlar üçün 5 günlük istirahət 200 manatadır. Buna şirkətin heç bir işçisi etiraz edə bilməz. Hər il mütləq və mütləq “Qubek”ə gəlməlisən. Maaşından pul çıxılır və sən məcburi qaydada istirahətə göndərilirsən. Hər il yay aylarında şirkətin əməkdaşları Balakəndən başqa heç bir yerə üz tuta bilməz. Əgər başqa ünvanda istirahət etmək istəsə, ən azı bir günlük də olsun “Qubek”ə gəlməli, adını qeydiyyata saldırmalı, lazım olan məbləği ödəməlidir. Yalnız bundan sonra istədiyi məkana gedə bilər.

Fındıq satmaqla günü günə calayanlar


Balakən Rövnəq Abdullayevin nəzarətindədir. Rayonun icra başçısı Islam Rzayev bu ilin 18 mayında vəzifəyə təyin edilib. O, bu posta gələnə qədər Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyirdi. Balakənlilərin hələ ki, Islam Rzayevdən şikayətləri yoxdur. Çünki ondan əvvəlki başçı Asim Məmmədov rayon əhlinə elə od qoyub ki, yaralar hələ də qaysaq bağlamayıb. Rzayev gələn gündən daha çox abadlıq işlərinə üstünlük verir. Bu isə xoş münasibətə səbəb olub. Sakinlər rayona təyin olunan istənilən icra başçısından heç bir kömək gözləmir. Bilirlər ki, hər gələn yeni başçı onların dərdinə əlac tapmayacaq. Yetər ki, yeni dərd gətirməsin. Heç olmasa rayonda yaşıllaşdırma, abadlıq işlərinə üstünlük versin. Camaat birtəhər başını dolandıracaq. Fındıq satmaqla, Rusiyaya üz tutmaqla günü günə calayacaqlar.
Rayonda təhsilin səviyyəsi babatdır. Hər il yüzdən çox abituriyent ali məktəblərə daxil olur. Balakənlilər bunu təhsilin yüksək səviyyədə inkişaf etməsilə deyil, sadəcə sovetdən qalma ənənə kimi dəyərləndirirlər. Onların sözlərinə görə, rayonda əksər valideynlər övladlarının ali təhsil almasında maraqlıdırlar: “Düzdür, iş yoxdur. Gənclər universiteti bitirib başqa işlərlə məşğul olurlar. Ancaq bu, insanların təhsilsiz qalmasına mane olmur. Ümid edirik ki, nə vaxtsa ölkədə normal sistem olacaq. Haqqı çatanlar layiqli yerlərini tutacaqlar”.
Balakənin məktəblərində vəziyyət normaldır. Yəni, bir neçə məktəb istifadə üçün yararlıdır. Yalnız rayonun Hənifə kəndində orta məktəb bərbad vəziyyətdədir. Bu kəndin məktəbinə dövlət büdcəsindən yardım ayrılmadığı üçün Rusiyada olan rayon sakinləri öz hesablarına onu təmir etmək istəyirlər.

Bir maşın odun 350-400 manatdır

Balakənlilərin problemlərindən biri də təbii qazın zəif olmasıdır. Daha doğrusu, rayonun əksər yerlərinə qaz çəkilməyib. Bu sahədə müəyyən işlər görülsə də, qışa qədər hansısa irəliləyişin olacağı gözlənilmir. Camaat evi isitmək üçün məcburdur ki, meşələrdən odun gətirsin. Bu da çox çətin işdir. Çünki rayon meşələrinin əksəriyyəti qoruq elan edilib. Və burada ağac kəsmək çox çətindir. Əslində Azərbaycanın çox meşələri qoruq elan edilib. Ancaq bu qoruqlara diqqət yetirən yoxdur. Ağaclar bir yandan kəsilir. Düşündük ki, Balakəndə də belədir. Sakinlər isə bizimlə söhbətdə bildirdilər ki, meşələrdən ağac qıranlar böyük məbləğdə cərimələnir. Yalnız bir-iki meşədən ağac qırmağa icazə var ki, oradan da istifadə etmək səlahiyyəti üç-dörd nəfərə verilib. Bu isə odunun qiymətini ceyran belinə qaldırıb. Bir maşın odun almaq istəyən 350-400 manat ödəməlidir. Maddi durumu zəif olan şəxslərin bu məbləği ödəməyə gücü çatmır. Nəticədə sobaları odunsuz qalan ailələr isinmək üçün çör-çöp yığmağa məhkumdurlar…

Heydər Əliyev parkı təbliğat mərkəzi

Rayonun mərkəzində Heydər Əliyev parkı da var. Böyük məbləğlər hesabına başa gələn bu park “Qubek” hotelinin yanındadır. Bunu düşünülmüş addım kimi dəyərləndirən rayon sakininin sözlərinə görə, hotelə təşrif buyuran xarici qonaqları əksər vaxtı parka gətirirlər: “Yəni xariciləri rayonu gəzdirmək adıyla parka aparırlar. Bununla da gələn şəxslərə Heydər Əliyevin Azərbaycan üçün ”gördüyü işlər”dən söz açırlar. Yəni hər addımbaşı çalışırlar ki, təbliğat aparılsın”.
Balakəndə ötən ilin mayında Rayon Mərkəzi Xəstəxanasının açılışı olub. Hər dəfə olduğu kimi, yenə də qırmızı lenti Ilham Əliyev kəsib. Iş elə bununla da bitib. Qırmızı lent uğurla kəsilsə də, bir ildən artıqdır ki, mərkəzi xəstəxana köhnə binasında fəaliyyət göstərir. Bunun səbəbini soruşanda məlum oldu ki, heç kəs ürək eləyib baş həkim postuna gəlmək istəmir. Köhnə, yararsız xəstəxanada baş həkim var. Ancaq o da yeni ünvana köçüb, baş həkim işləməkdən imtina edir. Görünür, mərkəzi xəstəxananın yeni binasının tikintisində çoxlu maxinasiyalara yol verilib. Məhz buna görə hamı ora gəlməkdən boyun qaçırır.

***

Balakəndə “Gənclər evi”də var. Bu gözəl, yaraşıqlı bir mərkəzin qapıları isə daim bağlıdır. Səbəb isə çox sadədi. Rayonda gənc qalmayıb. Qalanlar isə bir-iki manat pul qazanmaq üçün ora-bura vurnuxur. Ona görə də “Gənclər evi”nə gələ bilmirlər. Lap gəlsələr belə, nə edəcəklər ki? Çay içəcəklər, yoxsa domino oynayacaqlar?

Ramin DEKO,
Bakı-Balakən-Bakı