Qətlə yetirilən Tariyel Əhmədovun oğlu «Azadlıq»a danışdı
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədov qətlə yetirilib. Hadisə dünən səhər saatlarında baş verib. Saat 9-da Tariyel Əhmədovun meyiti Şərifzadə küçəsi 8 ünvanındakı yaşadığı binanın qarşısındakı idman meydançasında tapılıb. Məlum olub ki, Tariyel Əhmədov başından aldığı zərbə nəticəsində öldürülüb. Yasamal Rayon Polis Idarəsi də faktı təsdiqləyib. Tariyel Əhmədovun qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Tariyel Əhmədovun oğlu Zaur Əhmədov isə “Azadlıq”a bildirib ki, hüquq-mühafizə orqanları hələ ki, onlara hadisə barədə heç bir məlumat verməyiblər. “Yəni, biz dəqiq bilmirik ki, bu, qətldir ya yox. Deyiblər ki, 15 gündən sonra dəqiq cavab veriləcək. Bu müddət ərzində meyit ekspertizadan keçəcək”, – deyə Zaur Əhmədov vurğulayıb.
Mərhumun oğlu əlavə edib ki, atası heç zaman səhhətindən şikayət etməyib: “Sağlam adam idi, özünə yaxşı baxırdı. Hər gün idman edirdi. Elə bu gün (dünən-red) səhər evdən çıxaraq idman eləməyə çıxmışdı. Saat 9-da xəbər gəldi ki, bəs meyiti tapılıb. Açığı hələ nə baş verdiyi bizim üçün aydın deyil”.
Zaur Əhmədovun sözlərinə görə, atasının kiminləsə düşmənçiliyi olmayıb: “Sakit adam olub. Inanmıram ki, kiminləsə düşmənçiliyi olsun. Bizə belə bir fakt məlum deyil”.
Tariyel Əhmədov 1942-ci ildə anadan olub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin təsisçilərindən biridir.
Universitet yaranandan orada elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. Fəlsəfə elmləri doktoru olan Tariyel Əhmədovu tanıyan şəxslər onu sakit təbiətli şəxs kimi xarakterizə edir. Şəmkirdən olsa da, Qərbi Azərbaycanlı kökənli olan Tariyel Əhmədovun “Təfəkkür” Universitetinin inkişafında xeyli əməyinin olduğu bildirilir.
İnformasiya şöbəsi