Hakimiyyət daxilində 2013 seçkiləri ilə bağlı ziddiyyətlər kəskinləşir
“Prezident yenə Ilham Əliyev olacaq”. Bu fikir deputat Eldar Ibrahimova məxsusdur. O, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı gözləntilərini “Qafqazinfo”ya açıqlayarkən belə deyib. Ilin-günün bu vaxtında Eldar Ibrahimovun 2013-cü ildə də Ilham Əliyevin prezident olacağını əminliklə söyləməsi təsadüfi deyil. Əslində onun bu fikrilə WikiLeaks saytının yaydığı materiallar arasında bir əlaqə var. Izah etməyə çalışaq.
Eldar İbrahimov
WikiLeaks saytının Azərbaycanla bağlı yaydığı materiallardan ortaya çıxan nəticələrdən iki mühüm məqamı xüsusi qeyd etmək lazımdır. Birincisi, Qərb artıq Ilham Əliyevlə işləmək niyyətində deyil. Əgər onunla bağlı aparılan danışıqların bütün detalları açıqlanırsa, deməli, danışmaq limiti bitib. Uzun illərdir Ilham Əliyevlə aparılan danışıqlarda onu islahatlara məcbur etmək mümkün olmayıb. Ölkə başçısı demokratiya mövzusundan qaçıb. Nəhayət, Qərb dairələrində artıq onunla danışmağın yersiz olduğu barədə əminlik yaranıb.
Başqa bir məqam isə Ilham Əliyevin hakimiyyətə gəlişindən sonra kifayət qədər güclü qruplaşmaya çevrilən Paşayevlərin Qərb dairələri ilə görüşlərində özlərini digər qruplaşmalara nisbətən islahata meylli qüvvə kimi təqdim etmələridir. Mehriban Əliyevanın ABŞ hökumətinə məlum müraciəti, Paşayevlərin qrupuna daxil olan xarici işlər naziri Elmar Məmmədyarovun “Azadlıq” qəzetinin redaksiyasından çıxarılmasını və ANS-in bağlanmasını məmur axmaqlığının nəticəsi adlandırması və s. buna misal ola bilər.
Bu iki məqam hakimiyyət daxilində – xüsusilə iqtidarda əsas güc mərkəzlərindən olan Naxçıvan klanında ciddi narahatlığın əsasını qoyub. Naxçıvan klanı da o qənaətdədir ki, Qərb artıq Ilham Əliyevi Azərbaycanın rəhbəri kimi görmək istəmir. Hətta onun 2013-cü ilə qədər postunda qalacağı belə, sual altındadır. Bu halda Əliyevin yeganə çıxış yolu Qərbin tələb etdiyi islahatları həyata keçirməkdir. Ilham Əliyev istəməsə də, islahatlar yönündə bəzi addımlar atmağa məcburdur. Bu sırada isə ilk olaraq 2009-cu il martın 18-də keçirilən referendum nəticəsində prezident seçkiləri ilə bağlı dəyişiklik ləğv edilməlidir. Çünki bu mürtəce dəyişikliyi Qərb dairələri sərt təpki ilə qarşılamışdı. Və indinin özündə dəyişikliyin ləğv edilməsi tələblər sırasındadır. Naxçıvan klanı hesab edir ki, bu dəyişikliyin ləğv olunması onlar üçün ciddi problemlərə səbəb ola bilər. Çünki bu klanın 2013 seçkilərinə Ilham Əliyevdən başqa namizədi yoxdur. Bu halda özlərini Qərbə islahtçı qüvvə kimi təqdim edən Paşayevlər önə çıxa bilər ki, bu isə Naxçıvan klanının hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnər. Bu baxımdan Naxçıvan klanı nəyin bahasına olursa-olsun 2013-də prezident Ilham Əliyevi görmək istəyir.
Eldar Ibrahimovun “prezident yenə Ilham Əliyev olacaq” bəyanatı da Naxçıvan klanının mesajı kimi dəyərləndirilməlidir. Eldar Ibrahimov Naxçıvan klanının sözçüləridən biridir və daim bu qruplaşmanın maraqlarını ifadə edən açıqlamalarla yadda qalıb. Yeri gəlmişkən, Naxçıvan klanının planı olan 18 mart referendumunun anonsunu da Eldar Ibrahimov vermişdi. Indi o, Naxçıvan klanının 2013-də Ilham Əliyevi prezident görmək istədiyinin mesajını verir. Bu bəyanat həm də Ilham Əliyevə təzyiq xarakteri daşıyır…
Analitik şöbə