“Mazlumder” hakimiyyəti yenə “topa tutdu”

«Həbslərlə bütün toplumu basqı altında saxlamaq istəyirlər»

Üzeyir Igid: “Azərbaycanda rüşvət bataqlığına şahid olduq”

 

Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatı ilə bir müddət əvvəl böyük səs-küy yaratmış Türkiyənin “Mazlumder” təşkilatı növbəti dəfə ölkəmizdəki durumu gündəmə gətirib. Qurumun rəhbərliyində təmsil olunan Üzeyir Igid Türkiyənin nüfuzlu təşkilatlarından olan Orta Doğu Strateji Araşdırmalar Mərkəzinə müsahibəsində bir daha məlum hesabata toxunub və Azərbaycanda hüquq və azadlıqların vəziyyətini qiymətləndirib. Müsahibəni ixtisarla təqdim edirik.

– Azərbaycanla bağlı xüsusi hesabat hazırlamaq zərurəti nədən yarandı?
– Biz hesabatları iki halda hazırlayırıq. Haqqı pozulanlar “Mazlumder”ə müraciət edəndə və ya sosial sifariş olanda. Azərbaycanla bağlı hesabat hazırlamağı hər iki məqam zəruri edib. Azərbaycan vətəndaşları bizim də uzun illərdən bəri mətbuatdan izlədiyimiz məsələlərlə bağlı təşkilatımıza müraciət etmişdilər. Biz də Idarə Heyətində müvafiq qərar qəbul edərək Azərbaycana səfər etdik.
Bu cür hesabatlar təkcə Azərbaycanla bağlı olmur. “Mazlumder” ən müxtəlif ölkələrdə yol verilən hüquq pozuntularını eyni şəkildə hesabat halına gətirərək beynəlxalq ictimai rəyə çatdırır. Hüquq pozuntularının ən çox olduğu ölkələrə fəallarımızı göndəririk. Üç il əvvəl Suriya ilə bağlı hazırladığımız hesabat ölkənin indiki vəziyyətə necə gəlib çıxdığını gözlər önünə sərir. Tunisdəki inqilabdan sonra ora da fəallarımızı göndərdik və hazırda orada işlərimizi davam etdiririk. Fransa, Şərqi Türküstan, Fələstinlə də bağlı hesabatlarımız var. Üstəlik, hər il “Mazlumder”in dünya üzrə hesabatı yayılır.

– Azərbaycanda əsasən hansı tip hüquq pozuntuları ilə rastlaşdınız? Pozuntular nə zaman başladı və çoxaldı?
– Azərbaycan böyük qurbanlar verərək bağımsızlıq mücadiləsi aparmış bir ölkədir. Apardığımız araşdırmalar göstərdi ki, bu ölkədə əsasən siyasi partiyalara və mətbuata basqılar var. Indinin özündə bir sıra siyasilər həbsdə saxlanılır.
Bizim təsbit etdiyimiz ən böyük problem məhkəmə sisteminin müstəqil olmaması və ədalətli qərarlar qəbul etməməsidir.
Bu səbəbdəndir ki, Avropa Insan Haqları Məhkəməsində Azərbaycana qarşı bir neçə dəfə cərimə qərarları çıxarılıb. Ziyarətimizin bir səbəbi də Israil-Qəzza olaylarına görə Israil səfirliyinin önündə aksiyalar keçirən dindarların həbs olunması idi. Hazırda həbsə atılan dindarların sayı 40-dan artıqdır. Azərbaycanın ən önəmli müxalifət partiyaları sayılan AXCP və Müsavatın bu il aprelin 2-də təşkil etdikləri aksiyada “Azadlıq” və “Istefa” qışqıran, buna görə həbs edilən 14 nəfərdən 6-na uzun müddətli həbs cəzası verilib. Bunlardan 4-ü AXCP-dən, 2-si Müsavatdandır. Üstəlik, onlar Azərbaycan toplumunun yaxından tanıdığı insanlardır. Bu həbslərlə əslində bütün toplumu basqı altında saxlamaq istəyirlər. Bugünlərdə ölkənin tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı təzyiqlər artıb, onun ofisinə ciddi ziyan vurulub. Vəkil Elçin Namazovun fəaliyyətini əngəlləmək üçün rəsmi qurumlara müraciət olunub. Avqustun 26-da Israil səfirliyinin önündə aksiya keçirən 30 nəfər gözaltına alınıb, onlardan 5-i həbs olunub. Insan üçün ən önəmli haqq sayılan yaşama haqqının pozulması ilə bağlı yaxın tarixlərdən də misal vermək mümkündür. Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyi 2011-ci ilin avqustunda Turac Zeynalovu dindirmək üçün nazirliyə dəvət edib. Şahidlərin dediyinə görə, 2 gün sonra başına torba, əllərinə qandal salıb ona işgəncə veriblər. Işcəncə nəticəsində dünyasını dəyişən Turac Zeynalov öldürüldükdən iki gün sonra heç bir əsas gətirilmədən ailəsinə təslim edilib.

– Azərbaycanda hüquq pozuntularının əsas səbəbi nədir? Məhkəmə sisteminin azad olmaması, yoxsa iqtidarın bürokratik əməlləri?
– Mərkəzi hakimiyyətin təsirində qalan bürokratik sistem və uzun illərdir iqtidarda olan Yeni Azərbaycan Partiyasının müxalifətə qarşı münasibəti problemlərin əsas qaynağıdır.

– Cəmiyyətin əsasən hansı kəsiminin haqları daha çox pozulur? Gənclərin, qadınların, yoxsa yoxsulların?
– Bu cür sistemləşdirirksə, bunların hamısını aid edə bilərik. Amma belə bir məqam var ki, sovet sistemindən yeni ayrılmış bir ölkə olaraq gənclər daha çox dinə yönəlir.
Indi basqıların əsasən inanclı kəsimə olduğunu nəzərə alsaq, gənclərin daha çox təzyiqə məruz qaldığını söyləmək olar.
Əslində dünyanın hər yerində ən çox əzilənlər yoxsullardır. Amma Azərbaycanla bağlı bir məqamı xüsusi qeyd etməliyəm. Bakı dünyanın ən zəngin paytaxtlarından biri olsa da, şəhərdə ciddi təbəqələşmə hiss olunur. Dövlət işləyənlərə çox cüzi maaş verir. Bu vəziyyətdə də rüşvət və korrupsiya dövlət qurumlarında çox geniş şəkildə yayılır.
Bu, hətta WikiLeaks sənədlərində də əksini tapıb. Üstəlik, biz özümüz də bu rüşvət bataqlığına şahid olduq.

– Bəs, Azərbaycan hökumətinin arqumentləri nədən ibarətdir?
– Təzyiqlərin heç bir bəraəti yoxdur. Amma Azərbaycan hakimiyyəti həyata keçirdiyi həbslərə müəyyən əsaslar göstərir. Son həbs edilənlərin demək olar ki, hamısı narkotik və silah saxlamada ittiham olunur. Həbs edilən islamçılardan Abgül Süleymanovun vəkili Anar Qasımov  müvəkkilinin evində aparılan axtarışların hüquqi olmadığını, ittihamların heç bir sübuta söykənmədiyini israr edir. Bunun qarşılığında vəkillik hüququnun əlindən alınması ilə təhdid olunub. Bu nümunələri çoxaltmaq da olar. Ilin əvvəlindən bu yana saxlanılan şəxslərin həbs müddəti məqsədli şəkildə uzadılır.

– Azərbaycan hökumətinin narahatlığını nəylə izah edərdiz?
– Bu sualın cavabı ehtimaldan ibarətdir. Azərbaycana getmədən öncə Azərbaycan Ədliyyə və Təhsil nazirliklərindən görüş istəmişdik. Bizə təqdim olunan iddiaların doğruluğunu araşdırmaq üçün Bakıya gələcəyimizi, onlardan da bilgi almaq istədiyimizi bildirmişdik. Fəqət, bizə heç bir cavab verilmədi. Bununla belə, Bakıda olarkən Ədliyyə Nazirliyinə getdik, amma görüşmək istəyimiz qəbul edilmədi. Təhsil Nazirliyində isə həqarətə məruz qaldıq və binadan qovulduq. Beləliklə, hökumətin narahatlığının səbəbini öyrənə bilmədik.
Amma sizə xalqın nə düşündüyünü deyə bilərəm. Xalq belə hesab edir ki, ölkənin bağımsızlığından sonra xüsusən kasıb dindarların sayı artıb, onlar daha geniş şəkildə iqtisadi və sosial fəaliyyətlə məşğul olmağa, hökumətin addımlarını açıq tənqid etməyə başlayıblar. Hökumət də buna görə sərt tədbirlərə əl atır.
Bu deyilənlərlə bizim ehtimallarımızı birləşdirəndə belə bir nəticə yaranır: Azərbaycanda son illərdə çoxalan milli gəlirlərin ədalətsiz bölgüsü ictimai qəzəbi də körükləyir. Dolayısı ilə Hökumətin mənafeyi baxımından cəmiyyətin diqqətini başqa yerə yönəltmək gərəkir. Bu məqamda topluma artan təhlükə kimi Islamçılar göstərilir və onları heroin istifadəçisi, silahlı adamlar kimi təqdim edib gözdən salmağa çalışırlar. Üstəlik, bu qarayaxma kampaniyasına olmayan Iran dəstəyini də əlavə edib olayı tamam başqa istiqamətə çəkirlər.

– Azərbaycan hökumətinin davranışında Irandan təhlükənin payı nə qədərdir?
– Bunu son həbslərdə Milli Təhlükəsizlik Nazirliyinin açıqlamalarında qəti olaraq görürük. Azərbaycan Iranın siyasətini dini baxımdan bir təhdid kimi qəbul edir və ya bunu siyasi taktika olaraq istifadə edir. Hərçənd bu təbii gerçəklikdir ki, 70 illik kommunizm diqtəsindən qurtulan Azərbaycan xalqı dinə və milliyyətçiliyə meyl edib. Toplumun bu təbii davranışının arxasında xarici dövlətlərin oyunlarını axtarmaq dövlət adamlarına yaraşan hərəkət deyil.