Elxan Şahinoğlu: «Bu vaxta qədər bir neçə dəvətin tarixləri belə göstərilib, sonradan isə dəyişdirilib»
“Azərbaycan özü tələsməlidir ki, Türkiyə ilə qaz anlaşmasını imzalasın”
Son günlər Türkiyə və Azərbaycan mətbuatında “Wikileaks” saytında Ilham Əliyevin qardaş ölkənin ünvanına səsləndirdiyi xoşagəlməz fikirlər geniş yer alıb. Əliyev Türkiyə tərəfini hətta satqın və yalançı adlandırmaqdan belə çəkinməyib. Eyni zamanda iki ölkə arasında qaz anlaşmasının geçikməsinə toxunan Ilham Əliyev Ankaranın Azərbaycan qazını əsir götürmək istəyində olduğunu deyib.
Bundan əlavə, Türkiyə rəhbərliyinin, istər prezident Gül, istərsə də baş nazir Ərdoğanın antidemokratik rejimlərin ünvanına səsləndirdiyi sərt fikirlərdən Azərbaycana pay düşdüyünü də demək olar. Belə bir məqamda iki ölkə arasında münasibətlərin yenidən gərginləşəcəyini ehtimal etmək olar. Lakin dünən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ən geci noyabrın 15-də Türkiyə ilə Azərbaycan arasında Yüksək Əməkdaşlıq Şurasının toplantısının keçiriləcəyini deyib. Səfirin sözlərinə görə, tədbir çərçivəsində Azərbaycan prezidenti Ilham Əliyev Türkiyəyə səfər edəcək. Səfir həmçinin Azərbaycanla Türkiyə arasında qaz sazişinin bu ayın sonunda imzalanmasının nəzərdə tutulduğunu bildirib. Lakin o, sazişin imzalanmasına 15 gün qalsa da, texniki məsələlərinm müzakirəsi hələ də davam etdiyini qeyd edib.
Aylardan bəri həllini tapa bilməyən məsələnin 15 gün içində həll ediləcəyi nə dərəcədə inandırıcı görsənir? Həmçinin münasibətlərin indiki durumunda Ilham Əliyevin Türkiyə səfərinin baş tutmayacağı ehtimalları da var. Bu ehtimallar özünü doğrulda bilərmi? Qaz məsələsinin həllinin çox uzandığını deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunun Türkiyə-Azərbaycan münasibətlərini gərginləşdirdiyini qeyd etdi.
Ekspertin sözlərinə görə, Azərbaycan məsələnin həllini tez tapmasında maraqlı olmalıdı: “Bu günlərdə ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiyəyə məsləhət verir ki, bu məsələnin həllini tapması üçün qanunvericilikdə dəyişiklik etsin. Belə bir məsləhət verməyin özü qardaş dövlətə, strateji müttəfiqə yuxarıdan aşağı baxışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda iri qaz yatağı tapılandan sonra Avropa Birliyi dərhal hərəkət keçərək ”Nabukko” məsələsini yenə aktuallaşdırdı. Avropa komissiyasına tapşırıldı ki, Türkmənistan və Azərbaycanla danışıqları intensivləşdirərək qaz xətti çəkilişini sürətləndirsin. Dərhal Rusiya XIN-i işə qarışaraq Avropa Birliyinə kəskin etiraz bildirdi ki, Xəzərin statusu müəyyənləşmədən burda qaz xətti çəkmək olmaz. Əslində bu xəbərdarlıq dolayısı ilə Azərbaycana ünvanlanmışdı. Belə bir məqamda Azərbaycan özü tələsməlidir ki, Türkiyə ilə qaz anlaşmasını imzalasın”.
Ekspert Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı məsələnin də xeyli yubandığını deyir. Səfirin konkret tarix göstərməsi onu deməyə əsas verir ki, rəsmi Bakı artıq qərar verib və bu məsələ razılaşdırılıb. Lakin ekspert bu vaxta qədər bir neçə belə dəvətin tarixlərinin göstərildiyini, sonradan isə dəyişdirildiyini xatırlatdı: “Yüksək Səviyyəli Əməkdaşlıq Şurası ötən ilin sentyabrında təsis olunsa da, təşkilatın fəaliyyətə başlamasından soraq yoxdur. Halbuki Türkiyə belə əməkdaşlıq şurasını gərgin münasibətdə olduğu Yunanıstanla da yaradır. Eyni zamanda Ərdoğanın Liviya, Tunis, Misirə səfəri zamanı bu səpkidə razılaşma əldə edilib. Azərbaycan isə strateji müttəfiq ola-ola bu məsələni ləngitdi. Hulusu Kılıc deyib ki, noyabrın 15-nə qədər bu məsələyə görə toplaşacaqlar. Buna inanmaq istərdik. Amma çox təəssüf ki, belə tarixlər əvvəllər də təyin edilib və sonradan dəyişdirilib”.
Ekspertin fikrincə, rəsmi Bakı viza məsələsi kimi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması prosesini də uzatsa, Türkiyə hakimiyyəti və ictimaiyyətində özünə olan inamını tam itirəcək.
Fizzə



