Hakimiyyətə yaxın ekspertlər «WikiLeaks»ın bununla bağlı yaydığı materialların həqiqəti əks etdirdiyini deyir
“WikiLeaks” saytının yaydığı materiallarda Ilham Əliyevin, hətta Azərbaycan Dövlət Neft Şirkətinə nəzarət imkanlarını qismən itirdiyi bəlli oldu. ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersi Vaşinqtona ünvanladığı məxfi teleqramlarının birində Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Devid Vudvorda istinadən deyir:
“Indiki ölkə başçısı Ilham Əliyev hökumət üzərində, eləcə də ARDNŞ kimi dövlət qurumlarına münasibətdə liderliyini qoruya bilməyib. Vudvord qeyd edib ki, mövcud layihələrin hökumətin ayrı-ayrı qurumlarının maraqlarına uyğunlaşdırılmasına cəhd göstərilir. Ilham Əliyevin atası kimi ”qəddar” olmadığı söylənilir. Onun ətrafına geniş imkanlar yaratması vəziyyəti daha da çətinləşdirir”.
Hakimiyyətə yaxın siyasi ekspertlərin fikrincə, Vudvordun fikirləri tam reallığı əks etdirir. Həqiqətən Ilham Əliyev atası ilə müqayisədə hakimiyyətdə çox zəif təsir bağışlayır. O, Heydər Əliyev kimi yaxın ətrafını qorxu altında saxlamağı bacarmır. Kəmaləddin Heydərov, Ziya Məmmədov, Rövnəq Abdullayev və digər oliqarx-məmurlar Heydər Əliyevin dövründə də geniş imkanlara malik idilər. Lakin eks-dövlət başçısı onları çərçivəyə salmağı bacarırdı. Ilham Əliyevin dövründə tamamilə əks proseslər baş verir. Və nəticə etibarilə dövlət başçısı hökumətə nəzarətini itirir.
Konkret ARDNŞ-ə gəlincə, ekspertlər bildirir ki, digər qruplaşmalar kimi hakimiyyətdəki kürd qrupu da Ilham Əliyevin dönəmində kifayət qədər güclənib. Həmçinin nəzərə alınmalıdır ki, bu qrupa hakim ailəyə daxil olan şəxs başçılıq edir. Bu qrupun ARDNŞ-i ələ keçirməsi, təbii olaraq Ilham Əliyevin adıçəkilən quruma münasibətdə liderliyini itirməsilə nəticələnib.
Informasiya şöbəsi