Gəncə xarabalıqlarından reportaj

Yüzlərlə vətəndaşın mülkiyyət hüququ ayaq altda məhv edilir

 

Artıq 6-ci ildir ki, qanuni surətdə texniki pasportu və digər sənədlərini alaraq fəaliyyətinə start verdiyi mağazasının səhər işə gələrkən söküləcəyi xəbəri Rza Qafuri ilə birgə, buradan hər gün evinə çörək pulu aparan 5 ailə başçısının da sabahını bərbad etdi. Bu sabahdan etibarən artıq neçə insanın gələcək dolanşığı da çətinləşdi. Gəncə sakini Rza Qafuri deyir ki, Icra Hakimiyyətinin nümayəndələri gəlib mağazanın təcili sökülməli olduğunu bildirdilər və hətta onlara tikilini söküb, materialları daşımağa belə imkan verilməyib, axşam saat 8-də ağır texnikanın vasitəsi ilə mağaza ucurulub:
“Obyekt qanunla şəhid ailəsi olan bacıma məxsusdur, mən işlədib onun övladlarına da çörəkpulu aparırdım. Bu tikili üçün hər bir sənədimiz var, lakin heç bununla maraqlanan olmadı, izahsız-filansız mağazanı sökməyi əmr etdilər. Heç bir kömək, kompensasiya haqda söhbət belə getmir. Gələcəkdə başqa yerdən bizə torpaq verilib-verilməyəcəyi də sual altındadır. Icradan deyirlər hələ gözlə, baxarıq. Bir sözlə bizim aqibətimiz sual altındadır”.
Mağaza üçün külli miqdarda pul xərcləməli olduqlarından, Rza Qafuri deyir ki, hətta onlara başqa ərazidən yer ayrılacağı təqdirdə belə yenidən hər hansısa bir obyekt tikməyə imkanları yoxdur. Işindən və mülkündən olan Rza Qafuri kimi Gəncədə artıq yüzlərlə sahibkar var.

 

Müharibədən çıxmış şəhər

Gəncədə baş verənlərdən əksər vətəndaşlar kimi çaş-baş qalan şəhər sakini Xədicə Hüseynova deyir ki, artıq alış-veriş etmək üçün yaxınlıqda bir mağaza, aptek qalmayıb. Hətta onun mütəmadi olaraq getdiyi gözəllik salonu və stamatoloci kabinet də atrıq dağıdılaraq, yox edilib: “Yaşadığım qəsəbədə nə qədər ərzaq mağazası, ət dükanı, çörək sexi var idi. Hamısını uçurub, ərazini zibilliyə döndəriblər. Ona görə, hər şey üçün şəhərə qaçmalı oluram. Amma orda da vəziyyət eynidir, isdətiyin yeri axtarıb tapa bilirsən, şəhəri söküntü başına alıb. Elə hey sökürlər, nə üçün, buna nə lüzum var, anlaya bilmirsən. Gəncə müharibədən çıxmış şəhərləri xatırladır, adama elə gəlir ki, şəhər bombardıman olunub”.
Sahibkarların obyektləri qanunsuz adı altında və ya yerində nə isə inşa olunması planlaşdırılması əsas gətirilərək sökülür. Amma bu söküntülərdən sonra əksər vaxtı elə ərazilər boş və dağıntıların içində qalır.

“Heç faşist də belə etməzdi”

Yaşadığı evin qabağını abadlaşdırıb, yaşıllıq salan 67 yaşlı Bəhram dayı deyir ki, icra hakimiyyətindən gəlib oranı bir neçə saatın içindəcə dağıdıb, yerlə-yeksan ediblər: “Neçə illik ağaclar əkmişdim, hər kəs dincəlib alqış edirdi. Hamısı traktorun təkərləri altında qalıb məhv oldu, ”çömçəsi” ilə kökündən qoparıb atdılar. Heç “faşist” də belə etməzdi. Yaxınlıqdakı mağazaları da sökdülər, amma niyə dağıdılıb yerinin viran qoyulduğunu anlamaq olmur. Elə bil şəhərə qənim kəsiliblər. Elə obyektləri dağıdırlar ki, baxırsan çox yaraşıqlıdır, axı nə ehtiyac var onların uçurulmasına? Millətin başına bu nə müsibətdir gəlib, anlaya bilmirəm”.
Çaşqınlıq və kədər dolu gözləri ilə uzağa boylanan Bəhram dayının bir neçə saniyyəlik bu səssizliyini dərindən çəkdiyi ah pozur və söhbətinə daha ağrılı bir səs tonu ilə davam edir: “Dəhşətlisi burasındadır ki, insanların davamlı bəlaya düçar edirlər. Camaata deyirlər ki, obyektinin yerinə daha böyüyünü, iki və ya üçmərtəbəlisini tik, şəhərə yaraşıq versin. Amma bunu yenə qanuniləşdirmirlər. Bu o deməkdir ki, problem yenə saxlayırlar, sabah gələn başqa başçı da deyəcək ki, ”qanunsuzdur, sök!”. Özləri qanuniləşdirməyə qoymur, ürəkləri istəyəndə də dağıdıb insanları zülmə qoyurlar” – deyə, ağsaqqal nigarançılığını bildirir.

Söküntülər eyvanlardan başlanıb

Vətəndaşların kommersiya obyektləri kimi dağıntıya məruz qalanlar sırasında eyvanlar və binalara edilən əlavə tikililər də var. Yeni mənzil almağa imkanı çatmayan əksər sakinlər, mənzil şəraitlərini yaxşılaşdırmaq üçün illərlə pul toplayıb, otaqlarının sayını artırıblar. Qanunla yol verilməsə də buna uzun illər göz yumulduğundan indi şəhərdə elə bir bina tapılmaz ki, orada bu cür əlavə tikililərə rast gəlinməsin. Şəhərdə söküntü bumu ilk olaraq elə bu sakinlər arasında adlandırılan ?artırmalar?ın uçurulması ilə başlandı.
“Güclə əlavə bir otaq etmişdik, oğlum evləndiyindən mənzilimiz darlıq edirdi, yenisini almağa gücümüz çatmadı. O gün isə icradan gəldilər ki, artırman qanunsuzdu və başladılar sökməyə. Xəbərdarlıqsız etdiklərindən, evin əşyaları da içəridə qalıb qırıq-qırıq oldu” – deyən Gəncə sakini Qənfilə Hüseynova, heç kəsin ona dəymiş zərəri ödənmədiyini və xeyli ziyana uğradığını bildirir. 
Hələ söküntülərə yeni başlanan zaman, yəni mart ayında Gəncə şəhər Mənzil Kommunal Təsəsrrüfatı Istehsalat Birliyinin sədri Elgün Məmmədov məhkəmə qərarı olmadan aparılan söküntü işləri zamanı vətəndaşların narazılıqlarının nəzərə alınacağını, kompensasiyanın verilməsinin mümkünlyünü də bildirmişdi. Bununla belə indiyəcən heç bir insana dəyən ziyanın bir qəpiyi belə ödənilməyib. Evyanların söküntüsü isə hələ də davam edir.

Növbə tarixi abidələrə də çatdı

Şəhərdə aparılan söküntü və yenidən qurma işlərindən ziyan görən həm də tarixi abidələr oldu. Belə ki, ilk olaraq onların xarici görünüşünə müdaxilələr başlandı. 500-dən çox tarixi abidəsi olan Gəncədə müxtəlif dövürlərdə bu cür tikililərin başına cürbə-cür oyunlar gətirilir, üzəri rənglənir, suvanır, yanğına davamsız olan ?alkapron? deyilən plastik materialı cəkilir. Artıq neçə aydır ki, sürətlə aqlay və kaşı materialdan üzlüklərin vurulmasına başlanılıb.
“Özəlləşdirib çörək sexi kimi fəaliyyət göstərdiyimiz bu bina 1913-cü ildə inşa olunub, qədimi binadır, düzdür. Gəncə şəhərinin gözəlləşməsi üçün icra başçısı sahibkarların hamısına bu göstərişi verib, ona görə biz bu binanı aqlay, ”kafel” kərpiclərlə bəzəkli formada gözəlləşdiririk” – deyən Əhməd Kərimov, kimi şəhər rəhbərliyinin göstərişi ilə bu işləri fəaliyyət göstərdikləri obyeklərində aparan sahibkarlar bunu Gəncənin abadlığı naminə etdiklərinə inanırlar. Lakin dövlət tərəfindən qorunan, qədim binalarda özbaşına təmir işlərinin aparılması qadağandır. Bu cür tikililərin naşıcasına kasmetik təmirə yox, mütəxəssislər tərəfindən restavrasiyaya ehtiyacı var. Lakin bunun əvəzinə onları sement qarışığı ilə suvayaraq müasir materiallarla üzləyirlər. Uzun müddət Gəncə şəhər Tarix Mədəniyyət Qoruğunda rəhbər işləmiş, tarixçi Səyyaf Sədniqoğlu deyir ki, şəhərin milli simasına xələl gətirən naşı münasibət tədricən bu qədim tikililərin məhvini sürətləndirir. Cünki qırmızı kərpiclə tikilən köhnə binalar fərqli xüsusiyyətlərə malik gil-palcığı ilə inşa olunub. Bu material qışda quruyur, yayda isə nəmi özünə çəkir. Ona görə də belə tikililərin daxilində qışda isti, yayda isə sərin olur. Sementdə isə bu proses tamam əksinə olur: “Sement materialı da yayda qızır, qışda soyuyur və bir-birinə əks olan bu iki material reaksiyaya girərək yayda istilikdən binanın daxilində yaranan buxarlanmanı çıxmağa qoymur, nəmliyi içində qaynadıb suya çevirir, qışda isə həmin suyu dondurur. Beləliklə yüz illərlə gəlib günümüzə çatmış bu binalar sürətlə erroziyaya uğruyur və bu, gələcəkdə binaların tez sıradan çıxarılmasına gətirib çıxarır”.

***

Tarixi binaların başına gətirilənlər bununla yekunlaşmır. Söküntüdə növbə onlara da yetişib. Belə ki, avqustda 100 ildən çox ayaqda duran bir abidə dağıdılaraq tarixin tozuna qərq oldu. Gəncə şəhər Icra Hakimiyyətinin göstərişi ilə XIX əsr abidəsi olan, dövlət tərəfindən qorunması vacib sayılan, Memarlar Ittifaqının Gəncə Bölməsinin yerləşdiyi qədim bina da söküldü. Şəxsi mülkiyyətdə olmasına və sakinlərin buna etiraz etməsinə baxmayaraq abidə texnika vasitəsi ilə yerlə yeksan edildi, xəbərdarlıqsız və izahsız.
Indi də Gəncədəki Hərbi Hospitalın yerləşdiyi XIX əsr abidəsinin sökülməsi planlaşdırılır. Bu binada isə həmin dövürdə şəhərdə geniral qubernator olan Varansovun ilk qərargahı yerləşib. Artıq hospital 150-dən çox yaşı olduğu bildirilən abidədən başqa əraziyə köçürülüb. Sözügedən hər iki abidələrin yerində ticarət mərkəzləri və yaşayış binalarının tikintisi planlaşdırılır.
Tarixçi Səyyaf Şədniqoğlu isə deyir ki, yerli əhəmiyyətli olmasına rəğmən bu abidələrin sökülməsi üçün bir neçə idarə və orqan nümayəndələrinin iştirakı ilə təşkil olunan kommissiyanın rəyi əsasında Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunmalı idi. Əgər Nazirlik icazə verərsə, yalnız bundan sonra abidəni uçurmaq olar. Nazirliyin yerli qurumundan isə bildirildi ki, Memarlar Ittifaqının yerli binasının uçurulması ilə bağlı icazə üçün onlara heç bir müraciət olunmayıb. Hospitalla bağlı da belə bir müraciət yoxdur.

O ki, qaldi abidələrin aqlay və digər yad materiallarla üzlənməsinə Gəncə şəhər Mədəniyyət və Turizm Idarəsinin rəisi Mina Məlikova deyir ki, əhəmiyyətlilik dərəcəsindən asılı olmayaraq, onlar yalnız Nazirliyin icazəsi ilə bərpa olunmalıdır. Müəyyən hallarda Nazirlik icazə üçün Nazirlər Kabinetinə, prezidentə müraciət edə bilər. M.Məlikova özü də qədim inşaat materiallarının müasirlərlə uyğunlaşmadığını bildirsə də şəhərdə baş verənlərin razılaşdırılmış şəkildə aparıldığını bildirdi: “Bu işlər Gəncədə yaradılan memarlar şurasının məsləhəti ilə birgə bir nəticəyə gəlinərək aparılır”-deyən M.Məlikova, həmçinin bu “üzlənmə” işləri üçün Nazirliyin icazəsi olmadığını da gizlətmədi. Bir sözlə təşəbbüs bir başa Icra Hakimiyyətindən gəldiyindən, uzağa getmədən elə yerindəcə həll olunur.

Gəncədəki göydələnlər və yeni qəsəbələr də sökülə bilər

Gəncənin ətrafında gündən günə böyüməkdə olan Sevinc, Natavan, Sadıllı, Gülüstan, Avtozavod kimi yeni qəsəbələrində inşa edilən evlərin demək olar ki, 90 faizinin sənədləri yoxdur. Təxminən 5 min ev və 20 minə yaxın əhalisi olan Sevinc qəsəbəsinin sakini Tapdıq Qocayev də neçə ildir tikdiyi evi sənədləşdirməyə can atsa da istəyinə nail ola bilməyib: “Sovetlər dövründə iş yerindən torpaq veriblər, gəlib ev tikmişik, sənədləşdirə bilmirik. Gedəndə müxtəlif problemlər yaradırlar ki, orda ev tikmək olmaz. Əgər olmazdı niyə indiyəcən bu qədər ev tikməyə qoyurdular” Ona görə də burada heç bir infrostruktur yoxdur, qəsəbə öz başına tikilə-tikilə gedir, heç bir şərait də yaradılmır. Burada normal yol, heç evlərin ünvanı belə yoxdu. Lazım olanda təcili yardıma bilmirsən necə deyəsən ki, hansı ünvana gəlsin”.

Ölkədə qanunsuz tikililərin qeydiyyata alınması və sənədləşdirilməsi mexanizmlərinin hazırlanması ilə bağlı Nazirlər Kabinetinin yerli icra strukturlarına bu ilin aprel ayından xüsusi tapşırıq verməsindən sonra Tapdıq Qocayev kimi minlərlə Gəncə sakinin də evlərini qanuniləşdirə biləcəyinə ümidi yarandı. Lakin elə həmin aydan şəhərdə başlanılan kütləvi söküntü işləri tez keçmədi ki, onları evlərini itirmək qorxusuna saldı. Gəncənin baş memarı Allahverdi Əliyev şəhərinin müxtəlif ərazilərində sənədsiz torpaq almış, zəbt edilmiş ərazilərdə ev tikmiş vətəndaşların torpaqlarının və mülklərinin bundan sonrakı aqibətinin Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənəcəyini deyir. Onun sözlərinə görə, kommunikasiya və mühafizə zolağına düşən, qanunsuz torpaq zəpt edən vətəndaşların obyektlərinin sökülməsi qaçılmazıdır. Bir sözlə bəzi vətəndaşlar bu qeydiyyat, sənədləşmə prosesi zamanı evlərini qanuniləşdirmək əvəzinə onu itirə bilərlər.
Gəncədəki 30-dan çox yeni inşa olunan binaların da istismara təhvil aktının olmadığını deyən baş memar, yaxın zamanlarda onların da aqibətinə aydınlıq gətiriləcəyini deyir: “Bu binaların istismara qəbul aktı olmasa da əksəriyyətində yaşayış var artıq. Bu isə qanunla qadağandır. Bu o demək deyil ki, onların hamısı söküləcək, müvafiq qurumlar tərəfindən istismara uyğun gəlib-gəlmədiyi müəyyən olunandan sonra bu məsələlər bəlli olacaq”.
O ki, qaldı şəhəri başına alan söküntü işlərinə, Allahverdi Əliyev bunu tikililərin qanunsuzluğu və şəhərsalma normalarına uyğun gəlməməsi ilə izah edir. Bu işlərin şəhərin yeni baş planına əsasən aparıldığını deyən baş memarın sözlərinə görə, əhəmiyyətsiz və tarixi abidələr siyahısında olmadığını iddia etdiyi Memarlar Ittifaqının binası da bu plana uyğun olmadığına görə, uçurulub: “Hələlik bu ərazidə nə tikiləcəyi dəqiqləşməyib. Çox gümankı orada yeni inzibatı binalar inşa olunacaq. Biz istəyirik ki, şəhərin inzibatı mərkəzinin planını hazırlayaq və orada uçuq-sökük yox, yaraşıqlı binalar olsun. O məqsədlə ərazi bu cür tikililərdən, qəzalı binalardan azad olunur”.

“Mülkiyyətçilərlə qeyri-insani rəftara yol verilir”

Hüquq müdafiəçisi, vəkil Fuad Ağayev isə hesab edir ki, bu cür hadisələrin analizi görərik ki, ölkədə mülkiyyətçilərin hüquqları olduqca kobud şəkildə pozulur: “Bu zaman onlara qarşı insan hüquqları və əsas azadlıqların müdafiəsi haqda Avropa Konvensiyasının 3-cü maddəsinə uyğun olaraq söyləsək, qeyri-insani rəftara yol verilir. Əslinə qalsa aylar uzunu sökülmə, küçədə qalma təhdidi altında olan vətəndaşlar olduqca ciddi stresə məruz qalırlar. Onların içində ailə üzvləri, azyaşlı uşaqlar, ahıl şəxslər də olduğuna nəzər alsaq əlbətdə ki, bu təhdidin nəticələrinin nə dərəcədə ağır və acı olduğunu görərik”.

Fuad Ağayev deyir ki, dövlət tərəfindən mülkiyyətçilərin əmlakından məhrum edilməsinə qanunvericiliklə nəzədə tutulan əsas, bu torpağın və onların üzərində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasını nəzərdə tutur. Bu barədə mütləq Nazirlər Kabinetinin qərarı olmalıdır, həmin qərar barədə mülkiyyətçilər köçürülmə vaxtından ən azı bir il qabaqcadan xəbərdar edilməlidirlər və ixtisaslaşdırılmış qiymətləndirmə təşkilatları onların əmlakını qiymətləndirməlidirlər: “Bu saat baş alıb gedən bu proseslər əlbətdə ki, özbaşınalığın ən şiddətli dərəcəsidir və mən belə fikirləşirəm ki, bu hala beynəlxalq təşkilatlar artıq münasibət bildirməkdədirlər və ciddi, daha sərt münasibətlər də bildiriləcək. Əgər qeyri-hüquqi qaydada, olduqca çox sayda obyektlər dağıdılırsa, o cümlədən yaşayış evləri viran qoyulursa, əlbətdəki bu, mərkəzi hakimiyyətin vəziyyəti düzgün qiymətləndirib, idarə edə bilməməsindən irəli gəril. Bu, qüvvədə olan konstitusiyanın və digər qanunvericilik aktlarının tətbiq olunmamasından irəli gəlir. Təsəvvür edin ki, Leyla Yunisova və Arif Yunisovun mülkiyyətçisi olduğu ev, Sülh və Demokratiya Institutunun , Qadın Böhran Mərkəzinin yerləşdiyi sahə ilə bağlı hələ may ayında məhkəmənin onların sökülməsinə və hər hansı xələl yetirə biləcək işlərin görülməsinə qadağa qoyması barədə qərarı da alınmışdı. Həmin qərardat məhkəmə icra məmurları tərəfindən Əmlak Komitəsinin, Bakı və Nəsimi rayon icra hakimiyyətlərinin və digər cavabdehlərin nəzərinə çatdırılmışdır. Bütün bunlara baxmayaraq Bakının mərkəzində həmin ofis göz-görə görə, onlarla vətəndaşın, müşahidəçinin, qonşuların gözü qabağında darma-dağın edildi. Əlbətdəki bu tamamılə xoşa gəlməyən haldır”.

Qanunsuz tikiliyə mülkiyyət hüququ

Hüquq müdafiəçisi hesab edir ki, beynəlxalq hüquqda müəyyən hallarda qanunsuz tikililərə görə mülkiyyət hüququ tanınır: “Əgər qanunvericiliyə müvafiq olmayan şəkildə inşa olunan bir tikili və ya bina uzun müddət mövcuddursa, orada yaşayırlarsa, həmçinin elektrik enercisi, qaz, su, kanalizasiya xidmətindən istifadə edilirsə və üstəlik neçə illər bilavasitə bu sahələrə görə məsul olan dövlət orqanları öz sükütuyla bu vəziyyətlə barışmışlarsa həmin qanunsuz tikililərdə yaşayan şəxslər mülkiyyət hüququnu qanunla nəzərdə tutulan qaydada əldə etməsələr də insan hüquqları və əsas azadlıqları konvensiyasına dair bir saylı protokolunun birinci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnu əldə etmiş olurlar. Və onların hüquqları da digər şəxslərlə bərabər səfiyyədə qorunmalıdır. Heç bir vəclə onlar küçəyə atıla bilməz”.

“Məhkəmələr mülkiyyət hüququnu müdafiə etmək iqtidarında deyil”

F.Ağayev mülkiyyətinin söküləcəyinə dair təhlükə olduğu zaman vətəndaşlaırn birinci növbədə məhkəmələrə üz tutmalı olduğunu vacib bilir: “Daha gözləmək lazım deyil ki, sabah ekskalatarun qoşqusu gəlib qapıya-pəncərəyə dəysin və ailə üzvləri daş altında qalmaq təhlükəsi ilə üzləşsin. Yəni bu təhlükənin mövcud olduğu haqqında bilən andan məhkəməyə mümkün qədər tez müraciət etmək lazımdır. Əgər yerli məhkəmələr vətəndaşların hüqüqlarını qorumaq iqtidarında deyillərsə, yaxud bundan açıqca şəkildə boyun qaçırırlarsa, əlbətdə ki, həmin şəxslər Avropa Insan Hüquqları Məhkəməsinə üz tuta bilərlər. Son hadisələr onu gösrərir ki, məhkəmələr Azərbaycanda daşınmaz əmlaka mülkiyyət hüququnu müdafiə etmək iqtidarında deyil. Səmərəli müdafiə vasitəsi yoxdur, hətta məhkəmə qərarını belə icra hakimiyyəti, inzibati orqanlar pozurlar və məhkəmə öz qərarlarının icra edilməsində israrlı olmaq imkanında da deyil. Əlbətdə ki, belə məhkəmə ədalətli məhkəmə araşdırması hüququnu təmin edə bilmir”.
Müsahib həmçinin bildirir ki, əgər bu gün məhkəmələrin kütləvi halda mülkiyyət hüququnu müdafiə etmək, buna dair iddia ərizələrini qəbul etmədən əsassız imtina faktları mövcuddursa, bu zaman bir başa Avropa Məhkəməsinə müraciət etmə məsələsi də nərəzdən keçirilə bilər.
Indi iki aydır işsiz alan Rza Qafuri bir neçə il öncə Gəncənin keçmiş icra başçısı Eldar Əzizovun vaxtında “Dubay” bazarı kimi tanınan ərazidəki sökülən obyektlərin yerinədə eyni aqibəti yaşamış dükanı üçün ona yer veriləcəyi haqda vəd olunduğunu deyir. Lakin bu ərazinin sənədləşdiriləcəyi haqda icra hakimiyyətindən zəmanət verən yoxdur. Həm də özü kimi mülkündən məhrum olmuş bir kimsənin torpağına yiyələnməyi vicdanı qəbul etməyən sahibkar, qanuni obyektinin uçürülmasına görə, pozulmuş haqqını bu cür sövdələşmələrdə deyil, məhkəmədə tələb etmək qərarına gəlib.

Təhminə Tağızadə