Direktorlar forma geyinməyən məktəblilərdən yalnız qəbz tələb edirlər
Varlıların oxuduğu Heydər Əliyev adına müasir təhsil kompleksində bir, kasıbların oxuduqları məktəblərdə başqa formalar geyilir
Dərs ili də başlandı. Şagirdlər dərslərə məktəbli geyimi ilə yollanırlar. Bir məktəbli geyimi 40-55 manat arasındadır. Təbii ki, hər bir valideynin bu geyimi almağa imkanı çatmır. Bəs, məktəbli geyimi almayanlar uşaqlarını dərsə göndərirlərmi? Düzdür, Təhsil Nazirliyi məktəbli geyimi üçün alış-veriş müddətini bir qədər də artırıb. Ancaq imkanı olmayan heç bir halda bunu ala bilməz. Indi günün sualı budur – hamı məktəbli geyimi ilə dərsə gedəcək? Bu suala cavab tapmaq üçün paytaxtın bir neçə məktəbinə baş çəkdik.
11-cilər məktəbli geyimi ilə dərsə gəlmirlər
Ilk üz tutduğumuz məkan Yasamal rayonundakı 53 saylı orta məktəb oldu. Apardığımız müşahidə əsasında məlum oldu ki, sözügedən məktəbə balacaların, demək olar, əksəriyyəti məktəbi geyimi ilə üz tutub. Ancaq yuxarı sinif şagirdlərində bu nəzərə çarpmır. Söhbət etdiyimiz valideynlər deyirlər ki, balaca uşaqları üçün məktəbli forması almaq gərəklidir: “Çünki qayda-qanun yaradıblar ki, hamı məktəbli forması ilə gəlməlidir. Çətin də olsa məktəbli geyimi almışıq. Heç bir valideyn istəmir ki, övladı ilk dərs günündə məktəbdən uzaqlaşdırılsın. Ona görə də hamı min bir yolla məktəbli geyimi alır”.
Söhbət etdiyimiz yuxarı sinif şagirdləri məktəbli geyimi ilə dərsə gəlməmələrinin səbəbini “dembel” olmaqları ilə izah etdilər: “Artıq ”qocalmışıq”. Bu yaşda məktəbli geyimi ilə dərsə gəlmək ayıbdı. Indiki şəraitdə cins geyinmək daha məqsədəuyğundur. Ən yaxşı halda kostyumla gələ bilərsən. Siz 11-ci sinif şagirdi tapa bilməzsiniz ki, o məktəbli geyimi ilə gəlsin. Məktəbli geyimi çox keyfiyyətsizdi. Bu il sonuncu ilimizdi. Bir daha bu hissləri yaşaya bilməyəcəyik. Ona görə belə qərara almışıq ki, kim necə istəsə, elə geyinəcək. Düzdür, içimizdən elə “mama uşaq”ları çıxacaq ki, sinif rəhbərlərinin dedikləri ilə razılaşacaq. Ancaq bizimlə sona qədər də “vuruşan” olacaq”.
“Məktəbli geyimi ilə gəlməsəniz birdən sizi dərsə buraxmadılar. Onda necə olacaq” sualına on birincilər “məktəbə nə lazımdır”, məktəbli geyimi almaq. Onu da almışıq. Qəbzi də gətirmişik. Bu sübut edir ki, biz həqiqətən deyilən ünvandan paltar almışıq. Qalanı artıq bizlikdir. Məktəbli geyimi ilə dərsə gəlmək çox biabırçılıqdı”.
“Ən pis halda dərsə buraxmayacaqlar”
Nərimanov rayonundakı 47 saylı məktəbdə də deyilənlərə o qədər də əməl olunmur. Yəni birincilər məktəbli geyimi ilə, “yuxarılar” isə adi geyimdə. Adını deməyən şagirdlərdən biri bizimlə söhbətində qeyd etdi ki, məktəbli geyimi onların başına bəla olub: “Mən sinif nümayəndəsiyəm. Müəllim də məndən tələb edir. Heç kəsi başa sala bilmirəm ki, məktəbli geyimi mənlik deyil. Əsas odur ki, bu formanı almışam. Qəbzim də əlimdə. Onu məktəbə təhvil verəcəm. Sonra nə istəsəm onu da geyinəcəm. Ən pis halda dərsə buraxmayacaqlar. Mənə o da heç lazım deyil. Çünki təhsili məktəb yox, repititorlar verir. Belədə bu mənə daha çox sərf edir”.
Nərimanov rayonunda yerləşən başqa bir məktəb – 200 saylı orta məktəbdə durum bir qədər fərqlidir. Şagirdlər bilik günündə dərsə məktəbli forması ilə gəlibələr. Yalnız bir-iki şagird ənənəvi qayda ilə məktəbə üz tutub. Şagirdlər deyirlər ki, ötənilki kimi bu dəfə də bir müddətdən sonra məktəbli geyimini kənara atacaqlar: “Düzdür, keyfiyyətsiz parçadır, ancaq görünüşü yaxşıdır. Şagirdlərin bir formada olması yaxşıdır. Ancaq qışda bu formayla buz bağlayarıq. Ona görə də bir müddət keçəndən sonra məktəbli geyimi evdə qalacaq”.
Qeyd edək ki, formada hər bir məktəbin öz loqosu olacaq. Və həmin loqolar məktəbli geyiminin döşünə taxılacaq. Hazırda heç bir məktəbdə loqolar hazır deyil. Bir neçə gündən sonra həmin loqolar şagirdlərə veriləcək. Əldə etdiyimiz məlumata görə, hər bir loqo şagirdə 1 manata satılacaq.
Imkanlı ailələrə güc çatmır?
Paytaxtın ən prestijli orta məktəbi sayılan Heydər Əliyev adını müasir təhsil kompleksinə üz tutduq. Burada, demək olar, heç bir şagirdin əynində Bakı Tikiş Evinin (BTE) tikdiyi məktəbli formasını görə bilmədik. Məktəblilər çox sərbəst şəkildə özlərinə rahat geyimlə dərsə gəlmişdilər. Maraq üçün bildirək ki, adıçəkilən müəssəsədə təhsil pulludur. Yüksək ödənişlə bura imkanlı şəxslərin övladları üz tutur. Görünür, Təhsil Nazirliyi imkanlı ailələrə gücünü göstərə bilmir.
Qeyd edək ki, 2011-2012-ci tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin birinci sinfinə 124 274 şagird qəbul olunub. Bu il paytaxtın 326 məktəbində 320 minə yaxın şagird təhsil alacaq. Onlardan 33 min 464-ü birinci sinif şagirdidir.
Ramin DEKO


