Bəşər Əsədə qarşı növbəti cümə

Suriyalı müxaliflər «rejim devrilənədək aksiyalara davam» qərarı verdi

Suriyada Bəşər Əsəd rejiminə qarşı etirazlar davam edir. Ötən gün ölkənin müxtəlif yerlərində cümə namazından sonra küçələrə axışan yüz minlərlə suriyalı diktator Bəşər Əsədin istefasını tələb edib. Həma, Humus şəhərləri ilə Maarat bölgəsində keçirilən etiraz aksiyalarına hökumət qüvvələrinin müdaxiləsi nəticəsində 18 nəfərin öldüyü bildirilir.
Bundan başqa, Dəraa və Qamışlı bölgələrində baş tutan antiBəşər nümayişlərinə yüz mindən artıq etirazçı qatılıb. Suriyalı müxaliflərin “rejim devrilənə qədər aksiyalara davam” adlandırdıqları nümayişlərə qatılanlar Bəşər Əsədin dərhal istefa verməli olduğunu bildiriblər. Hökumət qüvvələri keçirilən aksiyalara sərt müdaxilə edib, mitinqlərin dağıdılması üçün odlu silaha əla atıblar. Dəraanın Busra əl-Həriri və Nehta bölgəsində keçirilən mitinqləri əsgərlər atəşə tutub. Ölən və yaralananlar barədə dəqiq məlumatlar yoxdur.
Bu arada BMT-nin baş katibi Pan Gi Mun Suriya hakimiyyətini sərt tənqid edib və beynəlxalq ictimaiyyəti Suriyadakı hadisələrə dair konkret mövqe sərgiləməyə çağırıb: “Mən bir neçə dəfə Bəşər Əsədlə danışmışam və ondan bir neçə vəd almışam. Lakin bu vədlər yerinə yetirilməyib. O, verdiyi sözə əməl etməyib. Bu, artıq dözülməzdir. Beynəlxalq ictimaiyyət razılaşdırılmış tədbirlər görməli və ortaya vahid mövqe qoymalıdır”.
Bundan başqa, ABŞ Suriyadakı vətəndaşlarına müraciət ünvanlayaraq ölkəni tərk etməyə çağırıb. Dövlət Departamentindən yayılan açıqlamada bildirilir ki, Suriyada vəziyyətin daha da pisləşməsi və hökumətin ölkədə nəzarəti itirməsi həm öz vətəndaşlarına, həm də əcnəbilərin təhlükəsizliyinə təhdidlər yaradır. Bunu nəzərə alan ABŞ hökuməti vətəndaşlarını Suriyadan çıxmağa çağırıb.
“Əl-Cəzirə” kanalının verdiyi məlumata görə, Suriya müxalifətinin nümayəndələri Bəşər Əsəd rejiminin devrilməsində səylərini birləşdirmək üçün ümumi təşkilat təsis ediblər. Yeni qurumun adı “Suriya Milli Şurası”dır. Onun təsis olunması barədə qərar Türkiyənin Istanbul şəhərində keçirilmiş dördgünlük danışıqların nəticəsində qəbul olunub. Milli Şuraya ümumilikdə 140 nəfər daxil olacaq. Onların arasında həm ölkə daxilində yaşayan müxalif siyasətçilər, həm də xaricdəki dissidentlər var.