ANS-in “Hökm” verilişinin hakimi etiraz edir

Zülfiyyə Bayramova: «Mən heç kimi aldatmamışam»

“Azadlıq”ın ötən saylarının birində Təhminə Nuhovanın şikayətini dərc etmişik. Şikayətçi ANS-in “Hökm” verilişinin hakimi Zülfiyyə Bayramovadan şikayət edirdi. Qarşı tərəf – şikayətdə adı hallanan Z.Bayramova redaksiyamıza gəlib məsələ ilə bağlı mövqeyini bildirdi:
“Təhminə Nuhova şikayətində yanlış informasiyalar verib. Mən hüquqşünas kimi fəaliyyət göstərirəm və bununla bağlı dövlətə vergi verirəm. Təhminə mənə müraciət edəndə onunla notarial qaydada müqavilə bağladım. Onun işiylə bağlı məhkəmə prosesinə çıxdım. Məhkəmənin sonuna qədər onunla getdim və Təhminədən mənə bütün informasiyaları düzgün söyləməsini xahiş etdim. Onun dediyinə görə, qızlığı onu yaşadığı evdən çıxarır. Təhminən söylədiyinə əsasən, 12 il müddətində həmin evdə evin sahibi ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıb, sonradan rəsmi nikaha daxil olub. Buna görə Təhminənin sözügedən evdə yaşamaq hüququnu müdafiə etmək istədim. Lakin iddiaçı Bahar xanım məhkəməyə gələndə aydınlaşdı ki, Təhminə həmin evdə kirayənişin qalıb. Bahar xanım da kirayə haqqı əvəzində atasına xidmət etməyi ondan xahiş edib. Təhminə sonralar həmin qızın atalığını, 80-nə yaxın yaşı olan xəstə kişini aldadaraq onunla rəsmi nikaha girib evi ələ keçirmək istəyib. Məhkəmədə bu da aydınlaşdı ki, həmin evi əslində atası hələ sağlığında Bahar xanıma notarial qaydada bağışlayıb. Mən bu faktların qarşısında Təhminənin yalan danışdığını aydınlaşdırdım, ondan sübutlar istədikdə isə o, heç bir arqument gətirə bilmədi və qabaqcadan dediyi kimi, qonşularını da şahid gətirə bilmədi. Sonradan Təhminənin təkrar müqavilə bağlamağa maddi imkanı olmadığını və eləcə də yuxarıdakı düzgün olmayan faktlara görə növbəti instansiyalara getmək istəmədiyimi dedim. Işimiz yekunlaşdığı üçün birgə əməkdaşlıqdan imtina etdim.
Bu işdən iki ilə yaxın vaxt keçir, onun məndə 5 min manat pulu qalıbsa, nə üçün gəlib qapımı döyüb pulunu istəmir? Həmin şəxsin dedikləri düzdürsə, nə üçün haqqımda hüquq-mühafizə orqanlarına şikayət etmir? “Hökm” verilişinin yayımlandığı müddətdə nəyə görə məni arayıb-axtarmayıb? Təhminənin dediklərinin hamısı yalandır, bu iddialar mənim işgüzar imicimə xələl gətirir. Mənim hüquqşünaslıq fəaliyyətimin ANS televiziyasına heç bir aidiyyəti yoxdur, heç yerdə həmin telekanalın adından istifadə etməmişəm. Mən müştərilərlə işləyirəm və onlar məndən razı qala və qalmaya bilər. Lakin buna görə telekanala deyil, başqa orqanlara müraciət etməlidirlər. Əslində mənim ona yazığım gəlmişdi və onunla dəyərindən qat-qat aşağı məbləğdə müqavilə bağlamışdım. Yəqin hər şeydən əli üzülmüş həmin xanım mənim sadəliyimi sadəlövhlük kimi anlayır və məndən nəsə qoparmağı düşünür. Yanılır, mən sadəyəm, sadəlövh deyiləm. Bu məsələni eşidəndə mən və mənə yaxın olan hər bir kəs psixoloji sarsıntı keçirdi. Ən çox sevdiyim kanalın – bu işə qətiyyən aidiyyəti olmayan ANS-in adı hallandı. Mən Təhminə barəsində qanunun dilində və qanun çərçivəsində tədbir görəcəyəm. O, bütün bunlara görə cavab verəcək”.

Sosial şöbə