Polislər məhkəmədə pərt duruma düşdü

Vicdan məhbsularına qarşı «ağ yalan» ifadələr verildi

“Azadlıq” qışqırın, görün nə qədər çox adam sizə qoşulacaq…

 

Ictimai Palatanın 2 apreldəki aksiyasını təşkil etməkdə təqsirləndirilən Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılının, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin və Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslının işi üzrə məhkəmə prosesi ötən gün şahidlərin dindirilməsi ilə davam etdi.

Zal daralır

Bu dəfə məhkəmə zalında oturacaqlar da nəzərəçarpacaq qədər azaldılmışdı. Çox güman bu, prosesi daha adamın izləməsi üçün düşünülmüşdü. Iş üzrə 26 nəfər zərərçəkən kimi tanınsa da, onlardan heç biri prosesə gəlməmişdi.

Bir “hə”, bir “yox”

Məhkəmə iclası Məhəmməd Məcidlinin ötən iclasda verdiyi vəsatətə baxılması ilə başlandı. Vəsatətdə M.Məcidli ona qarşı şahidlik edən şəxsin ifadəsindəki imzanın ona məxsus olmadığını iddia edərək ekspertiza keçirilməsini tələb edirdi. Qısa müşavirə edən hakim vəsatəti rədd etdi.
Hakim Famil Nəsibovun gözlənilməz addımı Tural Abbaslının verdiyi vəsatəti təmin etməsi ilə bağlı oldu. T.Abbaslı tələb edirdi ki, məhkəmə aksiya günü onu polislər saxlayarkən çəkilən fotolarını “Demokrat” qəzetindən istəyərək işə əlavə etsin. T.Abbaslının sözlərinə görə, həmin fotolar onun müdafiəsinin təşkili üçün vacibdir.

Ağ yalan

Ilk şahid kimi Çevik Polis Alayının (ÇPA) baş serjantı Ilqar Rüstəmov ifadə verdi. O dedi ki, aksiya günü Məhəmməd Məcidlinin olduğu avtobusun bölməyə aparılmasını müşayiət edən 4 polisdən biri olub. Avtobus tıxaca düşəndə aksiyaçılar arxa qapını sındırıb üç nəfəri qaçırdıb. M.Məcidli isə avtobusun içində pəncərəni açıb “Azadlıq”, “Istefa” şüarları qışqırdığına görə yadında qalıb. Şahid polis ona və başqa yoldaşlarına, eləcə də texnikaya, nə təqsirləndirilən şəxslərin, nə də başqalarının xəsarət yetirdiyini, müqavimət göstərdiyini görmədiyini dedi. Avtobusda hər kəsin şüar qışqırdığı halda nəyə görə məhz Məcidli sizin diqqətinizi cəlb edib sualına isə polis orjinal cavab verdi: “Çünki onun şüarları camaatı qıcıqlandırırdı”.
M.Məcidli avtobusda harda oturması və çölə necə şüar qışqırması barədə şahidə sual verdi. Polis dedi ki, Məcidli avtobusun sol yan tərəfində oturub və burdan pəncərəni açaraq şüar qışqırıb. M.Məcidli isə polisi yalanladı. Bildirdi ki, o, əvvəldən axıra kimi həqiqətən avtobusun sol yan tərəfində otursa da, həmin yerdə heç bir pəncərə şüşəsini açmağa ehtiyac olmayıb, çünki oranın şüşəsi avtobus tıxaca düşəndə qırıq olub. Polis şahidin ifadəsində səmimi olmadığı bir avtobusun içinə yoldaşlarının qaz vurduğunu görüb, eşitmədiyi deməsi ilə də üzə çıxdı.

“Azadlıq” polis əleyhinə şüar imiş…

Şahid kimi ifadə verən ÇPA baş serjantı Zöhrab Ismayılov məhkəmədə yalanı tam ifşa olunanlardan oldu. O dedi ki, avtobusda aparılarkən M.Məcidli vətəndaşları polisə tabe olmamağa çağıran şüarlar səsləndirib. Bu hansı şüarlardır, soruşulanda Ismayılov “Azadlıq”, “Istefa” şüarlarının adını çəkdi.
Şahid bildirdi ki, Məcidlinin “gəlin məni burdan qurtarın” deyə xitab etməsindən sonra başında “çeçenka” papağı olan bir nəfər hücum çəkib avtobusa təpik vuraraq onu zədələyib. Şahidə ilk etiraz M.Məcidlidən gəldi. O dedi ki, “Azadlıq”, “Istefa” şüarları ilə həmişə polisin üstünə gedən insanın “gəlin məni qurtarın deyib” imdad istəməsi mümkün deyil. Bunu özü üçün təhqir sayan Məcidli polisə məsləhət gördü ki, onları polislə səhv salmasın.

Yalançının yaddaşı olmur

Şahidin ifşasını vəkil Ilqar Musayev etdi. O soruşdu ki, avtobusa təpik vuran “çeçenka”lı deyərkən Zülfüqar Eyvazovu nəzərdə tuturmu? Polis “hə” dedi. Vəkil məhkəmənin nəzərinə çatdırdı ki, “2 aprelçilərin” yekunlaşan o biri məhkəmə prosesində də bu polis şahid kimi ifadə verib Zülfüqar Eyvazovun avtobusa xəsarət yetirdiyini desə də, məhkəmə onun ifadəsini təsdiq etməyib. Faktiki olaraq, məhkəmə hökmü şahidin yalan danışdığını təsdiq edib, xəsarətlə bağlı Eyvazova bəraət verib. Vəkil tələb etdi ki, məhkəmə hökmündə bu yalançı şahid barədə xüsusi qərar çıxarılsın.
Fuad Qəhrəmanlı da vəsatətində yalançı şahidin ifadəsinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verdi. Onun vəsatətinə vəkil Musayev etiraz etdi. O bildirdi ki, istintaqın iki dəfə yalançı şahiddən istifadə etməsi təqsirləndirilən şəxslərin xeyrinə nəzərə alınmalıdır. Hakim vəsatətlərlə bağlı heç bir qərar açıqlamadı…
ÇPA tağım komandiri leytenant Ilham Quliyevin ifadəsı çox qısa oldu. Vicdan məhbusları ona obyektiv ifadə üçün təşəkkür də etdilər.

Polis xalqın müxalifətin çağırışına hay verdiyini təsdiqləyir

Nəsimi polisinin baş əməliyyat müvəkkili, kapitan Azər Məmmədov Arif Hacılı əleyhinə ifadə verdi. O, ifadəsində göstərdi ki, A.Hacılını aksiyada fəallıq göstərdiyinə görə Fəvvarələr meydanına girmədən həbs edənlərdən olub. Polis şahid dedi ki, A.Hacılı 50-60 nəfərin iştirakı ilə “Azadlıq”, “Polisdən qorxmayın” şüarları ilə irəliləyərkən o, və onun kimi mülki geyimli polislər Müsavat funksionerini həbs ediblər. Polis A.Hacılının onların özlərini də aksiyaya səslədiyini ifadəsində vurğuladı.
A.Hacılı polisə cinayət işindəki fotoları göstərərək dedi ki, ətrafında 10-15 adam olduğu halda nəyə görə bu rəqəmi 5 dəfə artırır? Şahid azca duruxdu və… “burda nolsun az adam düşüb, siz irəlilədikcə camaat sizə qoşulurdu da. Bu dəqiqə gedək şəhərin mərkəzinə ”Azadlıq” qışqırın, görün nə qədər çox adam sizə qoşulacaq” – dedi. Onun bu sözü zalda canlanma yaratdı və polisin ifadəsi xalqın müxalifətin tərəfdarı olması kimi qəbul edildi.
“Mitinq təyin edilən yerdən əks tərəfə getdiyim halda niyə məni tutdunuz” – sualına polis ağlabatan cavab tapa bilmədi. Suala əlaqəsiz cavabları ilə uzunçuluq etdikdə A.Hacılı polis zabitini şoumenlikdə ittiham etdi və hakimdən tələb etdi ki, bu hərəkətin qarşısını alsın.

Liderlik cənfəşanlıq etməkdir

ÇPA-nın daha bir serjantı Məmməd Ismayılov da M.Məcidliyə qarşı ifadə verdi. O, Məcidlini aksiyanın lideri kimi xarakrterizə etdi. Ancaq bu fikirini cəmi iki “arqumentlə” əsaslandırdı: “O, möhkəm qışqırırdı, canfəşanlıq edirdi”. O, ifadəsi və suallara verdiyi cavabda ancaq əzbərlədiyi bu fikiri təkrarlayırdı: “Məcidli canfəşanlıq edirdi”.

Mülki cildə girən mayor

Ifadə verən Nəsimi polis idarəsinin mayoru Ibrahim Ismayılov da A.Hacılının aksiyada fəallığından danışdı. O bildirdi ki, A.Hacılıgilə yaxınlıqdan keçən avtomobildəkilər də yumruqlarını çıxararaq “biz sizinləyik” deyib dəstək verdiyinə şahidlik edib. Şahid xəsarət almadığını, A.Hacılı da daxil olmaqla heç kimin onlara müqavimət göstərmədiklərini dedi. Onun özünü dolaşdırması isə aksiyaçılara guya xəbərdarlıq etmələri barədə dedikləri oldu. Vəkillər bildirdi ki, polis zabiti mülki geyimdə aksiyaçılara qoşulublarsa, bəs onlara necə və hansı formada xəbərdarlıq edilib. Şahid cavab tapa bilmədi. A.Hacılı da bildirdi ki, onun polis olduğunu bilmədiyindən aksiyaya qoşulma çağırışı edib.

Zəif cinsdən zərbə alan

Adil Fərəcullayev adlı polis serjantının ifadəsi isə məhkəmədə aləmi qarışdırdı. O, ifadəsinə “məni qızlar vurdu” cümlələri ilə başlayanda Tural Abbaslı ona özünü ləyaqətli aparmağı tövsiyə etdi. Fərəcullayev, etirazlara baxmayaraq, qızların onu döyüdüyünü deyirdi. T.Abbaslı ilə onun arasında yaranan mübahisəni kəsmək üçün hakim çox cəhd göstərsə də Fərəcullayev sakitləşmirdi. Hakim məhkəmə nəzarətçilərinə onu dayandırmaq üçün göstəriş verdi və polisin ağlının yerində olmamasına atmaca atdı: “Sizi işə götürəndə başınızı yoxlayıblar?”.

Üzə durunca əlifba öyrənsəydı…

ÇPA-nın serjantı Rəşid Gözəlovun da ifadəsi məhkəmədə təəccüb yaratdı. O, şahidin andını nə kiril, nə də latın əlifbası ilə oxuya bildi. Vicdan məhbusları dedilər ki, belə bir vəziyyətdə bu şəxsin istintaqa verdiyi ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Çünki ehtimal böyükdür ki, həmin ifadəni müstəntiqlər yazıb. Şahid vəziyyətdən çıxmaq üçün dedi ki, eynəyi olmadığından oxuya bilmir. Ona eynək təklif ediləndə isə dedi ki, onun eynəyi başqa cürədir. “Başqa cürə”nin nə olduğu isə anlaşılmaz qaldı. Çünki, M.Məcidli ondan təkcə qəzetin iri şiriftlərlə yazılan manşetini oxumasını istəsə də şahidin dili topuq çaldı. Gözəlov M.Məcidlini rəhbərliyin göstərişi əsasında tutduqlarını da etiraf etdi.

Əsl üzədurmaq

Mehman Ələkbərov adlı polis serjantı Fuad Qəhrəmanlını necə tutduqları barədə izahat verdi. O dedi ki, bu hadisə Axundov kitabxanasının arxasındakı keçidin yanında, F.Qəhrəmanlı şüar səsləndirərkən olub. F.Qəhrəmanlı şahidi yalan deməkdə suçladı və istintaq marerillarında belə jurnalistlərə müsahibə verərkən saxlanıldığının əks olunduğunu bildirdi. Polis işçisi isə F.Qəhrəmanlının üzünə duraraq dedi ki, onu saxlayarkən ərazidə jurnalist olmayıb.
Sabunçu rayon polis idarəsinin əməkdaşı Xətai Məmmədov F.Qəhrəmanlıya qarşı ifadə versə də, onu tanımadı. Şahidin çətin vəziyyətə düşdüyünü görən prokuror “Fuad Qəhərmanlı bu şəxsdir” dedi. Bu zaman zaldan gülüş qopdu. Polis dedi ki, şəhəri yaxşı tanımır və F.Qəhrəmanlının harda saxlandığını  xatırlamır.
F.Qəhrəmanlı dedi ki, istintaq materialında onun başında olduğu kalon yolun ortası ilə yox, səki ilə hərəkət edib. Polis isə dedi ki, onlar yolun ortası ilə hərəkət edərək nəqliyyatın fəaliyyətinə mane olublar.
F.Qəhrəmanlı:
– Video görüntülərlə ifadəniz arasında ziddiyyətlər var. Bunu nə ilə izah edirsən?
– Nə bilim? Mənim səhər yediyim günorta yadımdan çıxır.

“Zərərçəkənlər”

Şahid ifadələrindən sonra nəhayət, zərərçəkənlərin prosesə gəldiyi deyildi və onların dindirilməsi başlandı.
Xətai ryaon polis idarəsinin əməkdaşı Mehrac Niftəliyev mitinq iştirakçılarının onun üzünə zərbə vurduğunu dedi. Ancaq həmin şəxslərin heç birinin müttəhim kürsüsündə əyləşmədiyini də bildirdi. Vəkillərin sualları zamanı bəlli oldu ki, N.Niftəliyev məhkəmə-tibbi ekspertizasından keçmədiyi halda zərərçəkən kimi tanınıb.
Zərərçəkən kimi tanına “Transsgeyt” MMC-nin nümayəndəsi Xəyalə Babayeva aksiya günü tıxac olduğundan onlara 1650 manat məbləğində zərər dəydiyini söylədi. “Modalar evi” atelyesinin direktoru Gündüz Süleymanov 2 apreldə atelyesinin şüşəsinin sındırıldığını və 75 manat məbləğində zərər çəkdiyini dedi. O bildirdi ki, onun atelyesinin şüşəsini saat dördə işləmiş sındırıblar. A.Hacılı isə bildirdi ki, həmin saatda onların heç biri atelyenin yerləşdiyi Həzi Aslanov küçəsində olmayıblar.
“3 saylı avtonəqliyyat Müəssisəsi” MMC-nin nümayəndəsi Ayaz Qasımov da aksiya günü tıxaca görə 2255 manat zərərə düşdüklərini dedi. F.Qəhrəmanlı ondan hər dəfə tıxaca görə prokurluğa müraciət edib-etmədiklərini soruşdu.
Qasımov: “Mənə üçüncü dəfədir bu sualı verdilər ki, Ilham Əliyev yolu kəsəndə – (Zalda oturan Pənah Hüseynə dönərək) Pənah bəy şahiddir. 1992-ci ildə Dəmirəl Bakıya qonaq gəlmişdi… Tıxacdan-tıxaca fərq var. Bu zaman zaldan gülüş qopdu.
A.Qasımovun ifadəsindən məlum oldu ki, hər bir avtobus iki saat tıxacda qalıb. Nəticədə sürücülər 60 manatlıq planın yarısını verə biməyiblər. O bildirdi ki, şirkətin  avtobusları gün ərzində 12 saat xəttə olur və 7-8 dövriyyə edir. F.Qəhrəmanlı isə bildirdi ki, 2 saat ərzində 30 manat ziyana düşüblərsə, deməli, gün ərzində bir avtobus sürücüsü 240 manat gəlir əldə edir. F.Qəhrəmanlı dedi ki, bu şirkət vergidən yayınır. Nümayəndə vergi ilə bağlı M.Məcidlinin də sualından yayındı.
M.Məcidlinin “Niyə məhz bizdən şikayət etmisiniz” sualına cavabında A.Qasımov “Şəkillərinizi qəzetdə görmüşəm” deyə cavab verdi.
“Eskilap” aptekinin nümayəndəsi Xəlil Ələkbərov mitinq günü aptekin şüşə qapılarının sınması nəticəsindı 900 manat zərərə düşdüklərini dedi.

“Zərərçəkən” istintaqı ifşa edir

316 saylı avtobusun sürücüsü Sərvan Məhərrəmov isə mitinq günü baş verənləri bu cür təsvir etdi: “Nefçilərdə dayanmışdım. QAI saxladı ki, ”546″ səndələrini gətir.  Məni apardılar bölməyə. Polislər doldular maşına. Firləşdim ki, bunları boşaldıb qayıdacam. Avtobusu sürdürdülər mitinq keçirilən yerə. Şüşənin birini sındırdılar. Polislər içəri qaz buraxdılar. Qazın təsirindən gözlərim şişmişdi. Elə bildim öləcəm. Nəfəs olmaq olmurdu. Mən özüm də boğulurdum”.

“Azərbaycan” qəzeti polisləri zor durumda qoydu

M.Məcidli xəsarət aldıqlarını idda edən polislərin  “Azərbaycan” qəzetinə verdikləri müsahibələri xatırlatdı. Dedi ki, polislərdən biri aprelin 2-dən 9-dək reanimasiyada yatdığını desə də, aprelin 6-da qəzetlərə müsahibə verib. Daha bir polis nəfəri isə hakimiyyətin siyasətini dəstəkləyən açıqlama verib. M.Məcidli dedi ki, 2 aprel məhbuslarının bir qrupunun yekunlaşan məhkəməsində şahid onları təşkilatçı kimi tanıdığını söyləyib. O, həmin hökmün surətini almaq barədə vəsatət verdi. Hakim ikinci vəsatəti təmin etdi.
A.Hacılı bildirdi ki, bu cinayət işi siyasi xarakterlidir, hakimiyyətin siyasi sifarişidir: “Buna görə də ”AzərbaycanÝ qəzetinin həmin sayları istintaq materiallarına tikilməlidirÝ. Hakim bu vəsatəti təmin etmədi.
Proses sentyabrın 16-na təxirə salındı.

Natiq Güləhmədoğlu