Hörmət etdiyim müəlliflərdən biri yazıb ki, jurnalistlərin və hüquq müdafiəçilərinin Naxçıvana səfəri faydasızdır, hətta ziyanlıdır. Çünki Vasif Talıbov deyəcək ki, görürsünüzmü Naxçıvanda demokratiya var. Görəsən, Vasif Talıbova kim inanacaq elə deyəndə? Bəs biz, Vasif Talıbov öyünəcək deyə, öz hüquqlarımızdan imtina etməliyik?! O məntiqlə, gərək Naxçıvanda vəziyyət daha da pisləşsin. Azərbaycan hakimiyyəti həmişə deyir ki, görürsünüz, jurnalistlər yazır, qəzetlər çıxır, ölkədə demokratiya var. Belə çıxır ki, onların bu yalançı dəlilinin olmaması üçün yazmaqdan da imtina etməli idik biz…
Mən kimin nəyə görə sevindiyini anlamıram bəzən. Amma mübahisə xatirinə olmasa da, vicdanlı adamların anlaması üçün bu fikrə aydınlıq gətirməliyəm. Hamı bilməlidir ki, bizim ora səfərimiz özümüzə yox, Naxçıvan sakinlərinə lazımdır. Təəssüf edirəm ki, Bakıda olan dostların çoxu yerli sakinlərin, dərdli adamların, əzilənlərin, sadə vətəndaşların, fəal insanların sevincini görmədi.
Naxçıvanı Vasif Talıbovun məzəli islahatlarının məkanı kimi dərk etmək, deyib-gülmək və kənardan seyr etmək orada faciəli durumun yaranmasına gətirib çıxarıb. Burada bizim də günahımız var. Indiyəcən biz oranın qapalı zonaya çevrilməsinə qarşı dirəniş göstərməmişik. Onu da bilməliyik ki, Vasif Talıbovun “uğuru” digər bölgələrin padşahlarını və əsas padşah Ilham Əliyevi daha inamlı edir. Onlar oradakı təcrübədən ruhlanırlar.
Hər şey bir yana qalsın, biz orada baş verənlərin çoxundan xəbərsiz qalırıq. Orada baş verənlərin çox az hissəsi mətbuata çatır. Ona görə ki, adamları şikayət etməyə belə, qoymurlar. Qorxudur, hədələyirlər ki, başlarına gələnləri heç kimə deməsinlər, hətta kimsə soruşanda boynundan atsınlar və təkzib etsinlər.
Biz ora gələndə öyrəndik ki, bütün fəal adamlara, ciddi qurbanlara, qaynar problemi olanlara xəbərdarlıq ediblər: bizimlə görüşməsinlər, şikayət etməsinlər. Amma onların bəziləri sevinclə gəlirdi görüşə və deyirdilər ki, tez-tez gələk, çox adamların deməyə sözü var. Özlüyündə isə bu səfərə biz fövqəladə bir hal kimi baxmırıq, bənzər səfərləri ölkənin müxtəlif bölgələrinə etmək faydalı olar. Çünki başqa yerlərdə də vəziyyət kifayət qədər pisdir.Bizim səfəri oradan qovulmağımız kimi yozanlar da səhv edir. Heç də belə olmayıb. Hərə istədiyi kimi izah edə bilər, reallıq isə fərqlidir. Bizə xəbərdarlıq ediblər. Amma biz bundan sonra da işimizi davam etdirdik. Görüşdük, foto və videolar çəkdik, kəndlərə getdik və planda olduğu vaxtda da qayıtdıq. Hətta oradan qovulmaq belə, bizi utandırmazdı. Çünki vəziyyət bu yerə gəlib…
Bakıda hər kəs bir şeyi bilməlidir ki, Naxçıvan haqda çox az şey bilir. Əsgərlərin daş karxanasında işlədilməsindən tutmuş, hüquq-mühafizə orqanlarında adamlara işgəncələr verilməsinə qədər çox sayda olayların detallarını bilmirik. Iqtisadiyyat deyilən bir şey yoxdur. Hakim ailənin inhisarında olan qazanc və talan sistemi var. Qapısı güclü zərbə ilə örtülməyən Çin avtomobillərini insanlara zorla satırlar. Polis və məmurlar adama qışqırır: “Əlini cibindən çıxar əəə…”.
Insanların hər cür hüquqları nümayişkarlıqla pozulur. Adamlar çayxanalarda da izlənilir, birlikdə gəzə bilmirlər. Çörəyə möhtac qalan çoxluğun həm də insani hissləri tapdanır. Biz vəziyyətin ümumi konturlarını bilirik, amma detallarından xəbərsizik. Bu isə vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır.Lakin biz hər şeydən öncə bir məqamı bilməliyik: oradakı vəziyyəti dəyişmək olar. Buna cəhd etmək lazımdır. Bunu ciddi plana çevirmək lazımdır. Bütün məşəqqətlərə baxmayaraq, burada əhalinin yüksək dəyərləri, azadlıq istəyi və ölkəyə sevgisi yenə də sağlam şəkildə qalır. Orada dirəniş göstərən insanlar yenə də var və möhkəm dayanıblar…