Naməlum şəxs onun qızına hədə-qorxu gələrək SOCAR-ı tənqid etməməyi tələb edib
Neftçilərin hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı və onun ailə üzvləri hədə-qorxuya məruz qalıb. Bu barədə “Turan”a M.Qəhrəmanlı özü məlumat verib. Onun sözlərinə görə, bir həftə əvvəl özünü Nizami rayon Icra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən bir nəfər onun ofisinə gələrək M.Qəhrəmanlının fəaliyyəti, təşkilatın qeydiyyatı ilə maraqlanıb.
Həmin günlərdə bu şəxs M.Qəhrəmanlının hüquq müdafiə fəaliyyəti ilə məşğul olan böyük qızı Mətanət Əzizovanın mənzilinə gedib. M.Əzizova Qadın Krizis Mərkəzinə rəhbərlik edir. Onun ofisi Sülh və Demokratiya Institutu və Minalar Əleyhinə Kampaniyanın yerləşdiyi Şəmsi Bədəlbəyli, 38 ünvanın yerləşib və hakimiyyət tərəfindən dağıdılıb. M.Əzizova hədə-qorxu gələrək beynəlxalq təşkilatlara müraciətlərə son qoymağı tələb ediblər.
Iki gün öncə isə axşam naməlum şəxs onun kiçik qızına yaxınlaşaraq anasının fəaliyyəti ilə əlaqədar ailələrini təhlükənin gözlədiyini bildirib. SOCAR-ın tənqidi ilə bağlı fəaliyyətə, həmçinin Oğuz-Qəbələ su kəməri layihənin monitorinqi də daxil olmaqla, korrupsiya əleyhinə layihələrin reallaşmasına son qoyulmasını tələb edib. “Hazırda ailəmiz qorxu içindədir”,- hüquq müdafiəçisi əlavə edib.
Qeyd edək ki, M.Qəhrəmanlı 20 ilə yaxındır ki, neftçilərin hüquqlarını Müdafiə Komitəsinə rəhbərlik edir və vaxtaşırı olaraq yüksək vəzifəli məmurların əleyhinə tənqidi bəyanatlarla çıxış edir. Məsələylə bağlı Nizami rayon Icra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.


