Sülhəddin Əkbər: «Tehran Azərbaycana qarşı təzyiq dairəsini genişləndirərək, «Hizbullah»ı da bu prosesə cəlb edib»
“Hizbullah”ın baş katibinin müavini Şeyx Naim Qasımın Azərbaycan hakimiyyətini xalqı sıxışdırmaqda ittiham etməsini müxtəlif aspektdən qiymətləndirənlər var. Xüsusilə də tənqiddə hicabın taxılmasına qadağa qoyulmasını insan hüquqlarının pozulması kimi dəyərləndirilməsi. Bəzi ekspertlərin fikrincə, “Hizbullah”ın mesajının mənbəyi bu təşkilatın yaxın olduğu Irandandır. Bir növ Iran son zamanlar Azərbaycana yönəltdiyi təzyiqlərə daha birisini əlavə etmək istəyir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin də fikrincə, “Hizbullah”ın baş katibinin müavininin açıqlamasını bu təşkilatın Iranla münasibətlərini gözardı edərək qiymətləndirmək düzgün olmazdı. S.Əkbər hesab edir ki, Iran bu dəfə “Hizbullah”dan istifadə edərək Azərbaycan hakimiyyətinə təzyiq göstərir: “Iranın Azərbaycan hökumətinə bundan əvvəl etdiyi təzyiqlər nəticə vermədiyindən, Tehran görünür, təzyiq dairəsini genişləndirmək qərarına gəlib. Ona görə də ”Hizbullah”ı bu prosesə cəlb edib”.
Iranın son zamanlar Azərbaycan hakimiyyətini təhdid etməsinin səbəblərinə gəlincə, S.Əkbər vurğuladı ki, Iranla Azərbaycan arasında münasibətlər onsuz da gərgin idi. Amma son zamanlar Iranın təzyiqlərinin artmasının səbəblərini Suriya ətrafında cərəyan edən proseslərdə axtarmaq lazımdır: “Türkiyənin Iranın strateji müttəfiqi olan Suriyaya təzyiqləri artdıqca, Tehran da simmetrik olaraq Türkiyənin strateji tərəfdaşı olan Azərbaycana qarşı təzyiqləri artırır”.
Xəyal