Bir həftənin söhbətidir, üç hərfli anatomik orqanlarının əksəriyyətində patoloji proseslər yüksələn xətlə inkişafda olan bir elmlər namizədi düz dörd müəllimin yanında mənə etirazını bildirdi. Ki, “Azadlıq” qəzeti “ulu öndər”in varisinin gördüyü işləri qaralayır. Dedi, varis yollar çəkir, körpülər salır, məktəb tikdirir, siz isə bu işləri görmürsüz.
Cavab verdim ki, varisin lentkəsmələrini işıqlandıran saysız-hesabsız telekanal mövcuddur, nə qədər qəzet onun yolunda “ləbbeyk” deyir. Dedim biz ona görə əl çalmırıq ki, üstündən 40 gün keçməmiş bu işlərin çoxunun zayı çıxır və ona bir dəfə yağış yağdıqdan sonra o yolların üstündə peyda olan çala-çuxuru xatırlatdım.
Son illər məhz mənim sayəmdə mütəmadi şəkildə həmkarlarımdan pulsuz-parasız uroloji, nevroloji və qastroenteroloji müalicə alan elmlər namizədi – müasir Novruzəli iki ayağını bir başmağa soxaraq, inad etdi.
Bu gün-sabah tamam olacaq 65 yaşının bəxş edəcək maddi üzüntülərini fikirləşib qərara aldım ki, xətrinə dəyməyim və onun könlünü xoş edən bir yazı yazım. Və yazdım.Taxt-tac 2003-cü ildə Varisə keçdi.
Və:- Azərbaycanda rüşvətə və korrupsiyaya qarşı müharibə elan olundu;
– Ilham Əliyevin göstərişi ilə telekanallarda və qəzetlərdə mədhiyyəçiliyə son qoyuldu, yaltaqlığın kökü kəsildi;
– Dövlət başçısının göstərişinə əsasən, bütpərəstlik elementləri olan heykəllər və büstlər yığışdırıldı;
– Neftdən əldə olunan gəlirlər bir neçə ailənin cibinə deyil, dövlətin xəzinəsinə yönəldildi;
– Məhz neft gəlirləri üzərində şəffaf nəzarət sayəsində qocalara, yenidoğulmuşlara verilən müavinət və təqaüdün miqdarı 5 dəfə artdı;- Azərbaycan əhalisi tibbi sığorta ilə təmin olundu;
– Minimal əmək haqqı aylıq istehlak zənbilinin üç misli miqdarına çatdı;
– Millətin və dilinin adı özünə qaytarıldı;
– Bankları kredit faizi aşağı salındı;
– Onun təklifi ilə Milli Məclis “Gəlirlər haqqında ”bəyannamə”ni qəbul etdi;
– Periferiyanın sosial-iqtisadi inkişafına nail olduğuna görə ölkə əhalisinin Abşeron yarımadasına axınının qarşısı alındı;
– Universitetlərimizin ən azı birinin dünyanın 500 aparıcı universitetinin siyahısına düşməsi üçün təhsildə köklü islahatlara start verdi;
– Əhalinin kütləvi şəkildə bazarlara axınının qarşısını almaq və işsizliyin qarşısını almaq üçün ölkədə zavod və fabriklərin, istehsal müəssisələrinin fəaliyyətinə şərait yaratdı;
– Gömrükdə idxal-ixrac rüsumları aşağı düşürüldüyünə görə bazarda qiymətlər qat-qat ucuzlaşdı;
– Büdcədən maliyyələşən səhiyyə və təhsil işçilərinin maaşları iki-üç qat artırıldı;
– Qohumbazlığa, yerlibazlığa və dostbazlığa “əlvida” deyildi;
– Vətəndaş həmrəyliyi naminə şəffaf, demokratik seçkilər keçirildi, müxalifətlə mütəmadi dialoqlar aparıldı;
– Prezidentin dilindən çıxan “CINAYƏT CƏZASIZ QALMAMALIDIR!”, “RÜŞVƏTƏ YOX!”, “YA QARABAĞ, YA ÖLÜM!” şüarları şəhərin görməli yerlərindən asıldı… Və sair, və ilaxır. Uzatmağa lüzum yox…
Bilmirəm, indi bunları oxuduqdan sonra Novruzəlinin iradı olacaq, ya yox.
“Azadlıq” oxucularının isə məni anlayacağına şübhəm yoxdur.