Buta sənət və folklorda milli atribut kimi
Buta Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biridir. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Badamabənzər naxış növü olan butadan Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində geniş istifadə olunmuşdur. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin dekorativ və tətbiqi sənətində, o cümlədən Hindistanın tirmə şallarında, Iranın parça və metal məmulatlarında yayılmışdır.
Butalar forma etibarı ilə 4 qrupa bölünür: xalça bəzəyində işlədilən butalar – “Muğan-buta”, “Salyan-buta”, “Xilə-buta”, “Bakı-buta”, “Sarabi-buta”, “Gəncə-buta”, “Şirvan-buta”; ailə həyatını təmsil edən butalar – “bala-buta”, “həmli-buta”, “balalı-buta”, “evli-buta”, “qoşaarvadlı-buta” və s.; rəmzi mahiyyət daşıyan butalar – “cıqqa-buta”, “lələk-buta”, “küsülü-buta”, “qovuşan-buta”, “yazılı-buta” və s.; müxtəlif formalı butalar- “saya-buta”, “əyri-buta”, “dilikli-buta”, “qıvrım-buta”, “şabalıd-buta”, “zərxara-buta”, “badamı-buta”, “qotazlı-buta”, “çiçəkli-buta”, “yanar-buta” və s. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşmişdir.
Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən buta şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol kimi daxil olmuşdur.
Buta sadəcə təsviri incəsənətimizin deyil, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir. Tədqiqatçı Məhsəti Ismayıl özünün “Naxçıvan əfsanələri” (Bakı: Elm, 2008) adlı kitabında butanın folklorumuzdakı yeri haqqında maraqlıÿfikirlər səsləndirir:“Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan, buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kontakt rolunu oynayır. O, məhəbbət dastanlarında görünməmiş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik istedadı da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə ”buta verilməsi” ixtiyar qoca-Xızır tərəfindən eşq şərbətinin içirdilməsi ilə başlayır. Bir-birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyali vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur. Aşiqin uzun məşəqqətli sınaqlardan keçməsi son olaraq sevgililərin ilahi vüsalı ilə başa çatır. Buta dünyada mövcud olan qanunauyğunluqların fərqli bir formada və daha üstün icrası üçün vasitədir. Məhəbbət dastanlarında dərviş, ixtiyar qoca, pir və s. mifik obrazların qızı oğlana ani olaraq göstərməsi, bəzən isə eşq şərbətini içirtməsi hadisəsinə “buta aldı”, “buta verildi” deyilir”.
“Azərbaycan türklərində artıq bu, simvollaşıb…”
ÿÿ M.Ismayılın sözlərinə görə, butanın Azərbaycan incəsənətində müxtəlif konkret tarixi dövrlərdə təşəkkül tapmasından danışmaq mümkün olsa da, xalqın mifoloji fikri olaraq onu tarixə sığdırmaq mümkün deyil. “Butaya naxış olaraq, ornament olaraq müxtəlif xalqlarda rast gəlinir. Ancaq Azərbaycan türklərində artıq bu, simvollaşıb. Buta yaşamın simvolu, həyatımızın naxışıdır. Diqqət etsək görərik ki, buta həm də yaranışın ilk rüşeymini də xatırladır. Buta yaşamın özü deməkdir. Sanki butada hər bir şey ardıcıl olaraq düşünülərək bir nöqtədə birləşdirilib”.
Azərbaycan folklor nümunələrinin bir çoxunda həmçinin buta adı çəkilmədən, yuxugörmələrlə bağlı bir neçə süjet xətti var. Yuxunun ardınca getmə, yuxuda sevgilisini görmə, yuxuda başına gələcəkləri görmə və s. hadisələr də, fikrimizcə, “buta vermə” ilə paralel şəkildə izah etmək lazımdır. Məhəbbət dastanlarında aşiqə buta verilməsi, yaxud ona dolu qabdan eşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gedib xöşbəxtliyə qovuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Demək, buta verilməsi ümumi və mücərrəddir. Məhz bu mücərrədlik butanı milli özəlliklərin daşıyıcısına çevirmişdir. Buta verilməsi, buta alınması yuxuda baş verdiyindən, yuxu və buta bir vəhdət təşkil edir. Kamil Vəliyev türklərin yuxuya böyük əhəmiyyət verdiyini, yuxunu və yuxuyozmanı insan təsəvvürünün mənəvi aləminin dərinliklərində gedən gizli dünyanın işarəti və insanın ilk mifi adlandırmışdır.“Azərbaycan butasını atəşpərəstliyə bağlamaq yanlışlıq olardı”.
Azərbaycanda buta qədimlərdən ən çox xalçalarımızda istifadə olunan elementdir. Xalçaçı rəssam Eldar Mikayılzadə deyir ki, buta elementləri mənşəyinə görə fərqlənir: “Dünyada mənşəyi Hindistandan, Ərəbistandan və digər yerlərdən olan butalar var. Azərbaycanın isə öz butası var. Onların da öz mənaları var. Bizdə mənası su damcısı olan, insan xasiyyətini, əhvalını göstərən butalar da var. Küsülü buta, hamilə butaya da Azərbaycan incəsənətində rast gəlinir”.Rəssam butanı sırf atəşpərəstliklə bağlamağı düzgün saymır: “Sovet hakimiyyəti illərində bizi öz tariximizdən, kökümüzdən ayırmağa çalışırdılar. Hətta məqsədli şəkildə bizim tariximizi Midiya tarixinə bağlamağa çalışırdılar. Azərbaycanlılar türkdilli xalq olaraq atəşpərəst olmayıblar. Amma burada atəşpərəstliyə pərəstiş edən insanlar yaşayıb. Odur ki, Azərbaycan butasını atəşpərəstliyə bağlamaq yanlışlıq olardı”.Xalçaçı rəssam onu da vurğulayır ki, Şirvan, Gəncə, Bakı xalçalarında buta elementlərinə daha çox rast gəlinir. Azərbaycanda ən çox işlənən sərv ağacı, şabalıdı, insanın həyat və məişətinə aid olan butalar olub.
Qeyd etdiyimiz kimi, buta Orta Asiya və Yaxın Şərq ölkələrinin parça və metal məmulatlarında, dekorativ və tətbiqi sənətində geniş yayılıb. Hələ 1935-1936-cı illərdə Bakıda yaradılan zərgərlik fabrikində badamı, paxlava və buta kimi bir çox ənənəvi motivlərdə dekorativ üsulla zərgərlik məmulatları emal edilirdi. Bu gün də zərgərlik məhsullarında onun elementlərinə çox rast gəlmək olur.
Araşdırmalar zamanı məlum olur ki, buta elementindən sovet hakimiyyəti illərində memarlıqda demək olar ki, istifadə olunmayıb. Binaların tikilməsində bir çox hallarda əcnəbi mütəxəssislər tərəfindən verilən layihələr qəbul olunurdu ki, təbii ki, onlar da bu qədim türk naxış elementindən istifadə etməyiblər. Amma bu gün bəzi binaların fasadında buta elementlərinə də rast gəlmək olur. Yeri gəlmişkən, butadan milli geyimlərdə geniş istifadə olunması ənənə halını alıb. Maraqlıdır ki, bu gün hətta mülki aviasiyada – hava gəmisinin kapitanı və bələdçi geyimlərində də milli ştrixlər-buta ornamenti də təsvir olunub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir