PA şöbə müdiri Əli Həsənova bir rica

“Mən bu ölkənin ən çox qəzet oxuyan adamıyam. Hər gün səhər saat 9-dan günorta saat 2-yə qədər ölkədə və ölkədən kənarda çıxan qəzetləri, həmçinin saytları oxuyur, televiziyalardakı məlumatlardan xəbər tutur, tapşırıqlar verirəm. Ondan sonra cəmi 4 saat vaxtım qalır ki, ölkənin ictimai-siyasi işinin idarəçiliyi ilə məşğul olum”.

Hörmətli Əli müəllim, bu sözlər sizə məxsusdur. Dairə Seçki Komissiyalarının sədrləri ilə görüşünüzdə izhar edilib.

Öncə şəxsinizə təşəkkürümü bildirirəm ki, qəzetləri oxuyursunuz. “Tapşırıqlar verirəm” səsləndirməniz isə məndə bir az təəccüb doğurur, Əli müəllim.Hansı tapşırıqlar verdiyinizin üzərində gəzişmək fikrində deyiləm, sadəcə, o fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikasında zaman-zaman təzahür olunan anormallıqlar barədə qəzet səhifələrində oxuduqdan sonra “tapşırıq vermək” iqtidarında olmursunuz.

Olsaydınız, 2010-cu ilin dekabr ayının 12-də – Beynəlxalq Insan Hüquqlarının müdafiəsi günündə Şərur rayon polis idarəsinin rəisinin Püsyan kəndinə 30-a qədər polis və texnika gətirərək, 6 nəfər ailə üzvümə xəsarət yetirməsinə və evimizin dağıdılmasına reaksiya verərdiniz.

Evimizin dağıdılması, yaxınlarıma xəsarət yetirilməsi, iki qardaşımın və bir bacımın ailəliklə Naxçıvandan didərgin düşməsinin yeganə səbəbi o idi ki, mən “AXCP-Müsavat seçki bloku”nun vahid namizədi olaraq 2 saylı Şərur Seçki Dairəsindən parlament seçkilərində iştirak edirdim.

Vəssalam. Bizə qarşı gerçəkləşmiş cinayətin başqa bir səbəbi yoxdur, Əli müəllim. Mənim qardaşlarım zəhmətkeş adamlardır, heç bir biznes strukturları yoxdur, siyasətlə məşğul olmurlar. Iki qardaşım parlament seçkilərində mənim vəkilim olub. Nəticəsi olaraq, birinə ağır bədən xəsarəti yetirilərək evi dağıdıldı, digəri isə 4 nəfərlik ailəsi ilə Avropa ölkələrindən birində sığınacaq almaq məcburiyyətində qaldı.

Əli müəllim, sizin və mənim doğulduğumuz kəndlərin arasında məsafə o qədər də uzaq deyil və həqiqəti elə həmkəndlilərinizdən də öyrənə bilərsiniz. Mən başa düşürəm ki, baş vermiş cinayət hadisəsini araşdırmaq sizin işiniz deyil. Nəzərinizə çatdırıram ki, son 9 ay ərzində Püsyan kəndindəki hadisəni araşdırmalı olan qurumların demək olar ki, hamısına müraciət etsəm də, reaksiya verən tapılmayıb. Bu hadisəyə, hətta Bakıdakı müvafiq orqanlar cavab verməyə çəkinirlər. Ölkə prezidentinə belə, müraciətimiz cavabsız qalıb.

Fakt budur ki, Azərbaycan vətəndaşı fərqli siyasi baxışı olduğuna görə təcavüzə məruz qalıb və haqqın yerini tapması üçün hakimiyyət orqanları biganəlik nümayiş etdirir.

Hörmətli Əli müəllim, Şərur rayon polis idarəsinin rəisinin 6 Azərbaycan vətəndaşını qəddarcasına döyməsi, mülkünü dağıtması əslində hakimiyyətin özünə qarşı bir hərəkətdir. Beynəlxalq Insan Hüquqlarının müdafiəsi günündə vətəndaşların polis zorakılığına məruz qalması isə dövlətin imicinə zərbə vurmaqdan savayı bir şey deyil.

Fərqli düşünmək cinayətə tay tutulmamalıdır. Əminəm ki, siz də belə düşünürsünüz. Ancaq fakt ortadadır. Müxalif düşərgədə dayandığıma görə mənim doğulduğum evi dağıdıblar. Və bunu dağıdan da sıradan bir vətəndaş deyil, bir rayonun polis rəisidir.

Əli müəllim, 9 aydır həqiqətin üzə çıxması üçün mübarizə aparırıq və bundan sonra da bu mübarizəni davam etdirəcəyik. Nədən ki, bu bir evin sadəcə, dağıdılması deyil, bir nəslin qürur məsələsidir.

Mən siyasətlə məşğulam, Müsavat Partiyası başqanının müşaviriyəm. “Azadlıq” qəzetinin köşə yazarıyam. Siz isə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri vəzifəsini daşıyırsınız. Bu məsələ sırf ictimai-siyasi məsələdir. Odur ki, sizdən bir ricam var. Evimin dağıdılması, ailə üzvlərimə xəsarət yetirilməsi və hüquq-mühafizə orqanlarının biganəliyi ilə bağlı sizinlə görüşmək istəyirəm.

Əli müəllim, əminəm ki, “Azadlıq” qəzetini də hər gün oxuyursunuz və sizə ünvanlanan bu ricaya müsbət cavab verəcəksiniz.