Naxçıvan haqda nələri bilmirik? (birinci yazı)

Bir qrup jurnalist və hüquq müdafiəçisi ilə Naxçıvana getdik və qayıtdıq. Qayıtmağı ona görə önə çəkirəm ki, son illər ora gedən həmkarlarımız heç vaxt problem yaşamadan geri dönməyiblər. Döyülüblər, söyülüblər və qovulublar. Odur ki, Bakıya gəldiyimizi eşidən və görən tanışlarımız bizi təbrik edirlər. Bu təbriklər özü oradakı vəziyyətin çox acı və düşündürücü olduğunu sübut edir. Çünki bir ölkə bu qədər ağlasığmaz vəziyyətə asanlıqla gəlib çıxa bilməz. Bunun arxasında yerli sakinlərin, ümumilikdə Azərbaycan xalqının ağır əziyyətləri, hüquqsuzluqları və talesizliyi dayanır…Özünüzə sual edin: Naxçıvanlını Bakıdan qovmaq olarmı?

Naxçıvan Daxili Işlər Nazirliyinin idarə rəisi isə bizi belə hədələdi: 

Dərhal Naxçıvanı dərk edin!
Bu tələbin qanunsuzluğunu şərh etməyə qalxmaq belə, sadəcə ayıbdır, nəinki bu kəlməni dilə almaq. Bu ona bənzəyir ki, kimsə naxçıvanlıdan Bakını tərk etməyi tələb edir. Ona bənzəyir ki, Binəqədi polisi rayon ərazisində olan Yasamal sakinlərinin dərhal oranı tərk etməsini tələb edirlər. Hakim rejim Naxçıvanı bu qədər absurd bir məkana çevirib, onun sakinləri isə bu qədər kobud qanunsuzluqlar içində yaşayır.

Hər kəs bilir ki, Azərbaycan vətəndaşlarına kimsə ölkənin hər hansı bir ərazisində qonaq kimi baxa bilməz. Harada qeydiyyata düşməsindən asılı olmayaraq, hər birimizin ölkənin istənilən yerində maneəsiz olmaq haqqımız var və dövlətin işi buna əngəl olmaq deyil, əksinə buna şərait yaratmaqdır. Lakin ən təəccüblüsü jurnalistlərin, hüquq müdafiəçilərinin Naxçıvanda olmasına dövlət orqanlarının əngəl yaratması deyil. Bizə aydındır ki, bunu oradakı həqiqətləri gizlətmək üçün edirlər. Dəhşətlisi odur ki, orada yerli sakinlərin özlərinin rahat mövcudluğuna, rahat yaşamasına imkan yoxdur. Yerli sakinlərin ciddi qismi oranı tərk etməli olub…

Biz bilirik ki, Naxçıvanda xalqa edilən zülm xüsusidir, orada camaatın vəziyyətinin ölkənin başqa yerlərindən daha fərqli olduğunu da qəbul edirik. Amma orada baş verənlərin yerli sakinlər üçün nə qədər dəhşətli olduğunu hələ də yaxşı bilmirik.

Biz Bakıda Vasif Talıbovun motosikletləri yığışdırmasını eşidib gülürük, təndirə qoyduğu qadağaya qəşş edirik, müxtəlif əcaib islahatlarına ikrah edirik. Acıyırıq, qəzəblənirik, ittiham edirik. Amma bunun yerli insanlar üçün gerçək ağırlıqlarını tam dərk etmirik.

Nəinki ora gələnlər, yerli əhali özü orada artıq qonaq qismindədir.  Sadə camaat oradan qaçıb getməyə, hətta sevinir. Əhalinin ciddi bir hissəsi çoxdan oranı tək edib. Onlar Türkiyədə, Iranda və başqa yerlərdə ən ağır işləri yerinə yetirir, ən məşəqqətli həyat yaşayırlar. 
Naxçıvan barədə bir çox şeyləri biz hələ də yaxşı bilmirik…

Ən birincisi, oradakı abadlıq işlərinin arxasında insanların acılarının gizləndiyini o qədər yaxşı bilmirik. Məhz Naxçıvanda tam aydınlığı ilə dərk etdim ki, ölkəmizdəki abadlıq işləri yalnız və yalnız vətəndaşlara edilən zülmü, ölkədəki talanı, monopoliyanı gizlətməyə xidmət edir. Naxçıvandakı abadlıq birmənalı olaraq mənim gözümə faciəvi göründü. Onun arxasında qan-irin gördüm…

Biz onu da bilmirik ki, Naxçıvanda olan xüsusi rejim, daha sərt zülmkarlıq, qapalı mühit təkcə Naxçıvanı girovdan saxlamaq deyilmiş, bu, uzaq bir məqsədə xidmət edir: Azərbaycanda demokratiya və azadlıq tələblərini Naxçıvan kimi gücdən məhrum etmək. Bütünlüklə Azərbaycanı girov saxlamaq üçün, bu, çox vacib sayılırmış.

Biz Naxçıvanla bağlı bir çox həqiqətləri bilmirik. Məsələn, elə kəndlər var ki, orada cavan qalmayıb və gedənlər də geri qayıda bilmirlər, qocalar rəhmətə gedəndə isə onları əsgərlərin köməyi ilə dəfn edirlər. Həyat çox çətin olub, işsizlik, maddi çətinliklər əhalini əsl sınağa çəkir. Amma burada əhalinin yüksək dəyərləri, aydın düşüncəsi, ölkəyə sevgisi yenə də sağlam şəkildə qalır. Orada əqidəli insanlar möhkəmdir, özlərinin ümid və dirənişi ilə adamı heyran qoyurlar.

Biz onları unutsaq da, bizi özlərindən ayırmır, hətta güneyli soydaşlarımızı bizlər kimi “iranlı”, “cənubi azərbaycanlı” adlandırmır, “o taylı”“” kimi şirin bir kəlmə dillərindən düşmür…