Əliyevin səfəri zamanı baş verən qanlı olayla bağlı yeni məlumatlar

Səfər marşrutu üzrə əsgərlərdən ikisini maşın vurması barədə xəbərimiz təsdiqləndi

İlham Əliyevin Qobustana səfəri zamanı baş verən faciəvi olayla bağlı yeni məlumatlar var. Xatırladaq ki, dünən bu hadisə barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, sentybarın 13-də ənənəvi qaydada səfərlə əlaqədar ölkə başçısının marşrutu üzrə yola düzülən Prezident Qvardiyasının əsgərlərindən iki nəfəri avtomobil vurub. Onlardan biri dünyasını dəyişib, birinin vəziyyəti isə ağırdır. Hadisə saat 7-8 radələrində baş verib. Əsgərlər dərhal hərbi hospitala aparılıb. Onlardan biri hospitlada əməliyyat zamanı keçinib. O birinin vəziyyəti isə ağırdır.
Baş verən hadisəni ictimaiyyətdən gizlətməyə çalışırlar.
Məlumatlara görə, hadisə zamanı avtomobil əsgərlərdən başqa bir nəfəri də vurub.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov faktı təsdiqləyib. O, APA-ya açıqlamasında bildirib ki, olay səhər saat 7-də Bakı-Şamaxı yolunun 43.9 kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Rafiq Həsənovun sözlərinə görə, hadisəni Sabirabad rayonunun “Şəhriyar” köçkün düşərgəsində məskunlaşmış Cəbrayıl sakini 1991-ci il təvəllüdlü Anar Sabir oğlu İsmayılov törədib. O, idarə etdiyi “Mercedes” markalı maşını ilə yüksək sürətlə hərəkət edərkən qəfildən yolun soluna çıxıb və kənarda dayanmış 3 piyadanı – Dövlət Mühafizə Xidmətinin çavuşu, Neftçala rayon sakini 1987-ci il təvəllüdlü Kərim Qamət oğlu Xankişiyevi, xidmətin əsgəri Siyəzən rayonu sakini 1991-ci il təvəllüdlü Pərvin Namiq oğlu Əsgərovu və Sumqayıtın Saray qəsəbəsinin sakini 1950-ci il təvəllüdlü Rafiq İslam oğlu Bayramovu vurub.
Hadisə nəticəsində Pərvin Əsgərov dünyasını dəyişib, hərbçi Kərim Xankişiyev hospitala, digər yaralı isə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Sürücü Anar İsmayılov əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün axşam saatlarında tutulub. O, bildirib ki, hadisə sükan arxasında yatdığı üçün baş verib.
Məlumata görə, dünyasını dəyişən Pərvin Əsgərov sentyabrın 14-də 20 yaşını qeyd edəcəkmiş.

İnformasiya şöbəsi