Ilham Əliyevin qaz təbriki, yoxsa təhqiri?

“Abşeron” yatağında qaz tapılmasıyla bağlı Ilham Əliyevin xalqı təbrik etməsini tanış həkimdən eşitdim. AzTV-ni izləmədiyimə, bu şad xəbəri qulaqlarımla eşitmədiyimə görə xeyli üzüldüm… Ilham Əliyevin bu xəbəri verərkən üzünün cizgilərini görmədiyimə təəssüfləndim. Maraqlıdır ki, həkim tanışım xalqın təbrik olunmasından təəccübləndiyini bildirdi. Hələ üstəlik, ritorik sual da səsləndirdi: “Qazdan xalqa nə?”.

Sual məni xeyli düşündürdü. Onun əsaslı olub-olmamasını rəqəmlərlə dəqiqləşdirmək istədim. Iqtisadçı ekspert Ilham Şaban deyir ki, rəsmi statistika vəziyyətin normal olduğunu göstərir. Bu rəqəmlərdə ölkənin 83-85 faizi “qazlaşdırılıb”. Doğulduğum Saatlı rayonunun Azadkənd kəndinə qaz 80-ci illərin sonlarında çəkildi. Amma adamların qaz sevinci uzun sürmədi, sovet dağılan kimi qaz yoxa çıxdı. Əliyevlər hakimiyyəti illərində qazın boruları da çıxarılıb satıldı. Yeri gəlmişkən, sovetlərin vaxtında kəndimizə çuqun borularla su da çəkilmişdi. Ötən il bu boruları da kimlərsə çıxarıb harasa daşıdı. Çuqun su borularının bütün ölkə boyu çıxarıldığı barədə başqa bölgələrdən soraqlar alırdıq. Bəziləri bu boruların silah istehsalçısı Yavər Camalovun nazirliyinə daşındığını deyir. Qayıdaq qaza…

Rəsmi statistikanın açıqladığı 83-85 faiz rəqəmi gözlə görünən yalandır. Ilham Şaban bu faizi almağın “sirrini” belə açıqlayır: “Tutaq ki, hansısa rayona, yaxud kəndə qaz çəkilir. Bir neçə nəfərin evində qaz yanandan sonra rəsmi statistika ”filan kənd qazlaşdırıldı” kimi məlumat yayır və bütün kənd düşür həmin faizə. Bununla istədikləri rəqəmi alırlar. Məsələn, təsəvvür edirsinizmi, turizm zonası kimi məşhurlaşan Nabrana hələ də qaz çəkilməyib. Gürcüstanın turizm zonası olan və SOCAR-ın da investisiya qoyduğu Batumi tam qazlaşdırılıb. Məncə, nəticə çıxarmaq üçün təkcə bu fakt yetərlidir”.

Düzü, Ilham Əliyevin ölkənin qaz təminatı barədə nə dərəcədə məlumatlı olduğunu bilmirəm. Amma dövlət başçısının borcudur ki, rəsmi məlumatlarla gerçək vəziyyətin nə dərəcədə uyğun olduğunu dəqiqləşdirsin. Allaha şükür, regionları gəzməkdə maraqlıdır, Ziya Məmmədov harda 2-3 km-lik yol çəkir, iş tamamlanmamış qırmızı lenti və qayçını götürüb Ilham Əliyevlə birgə ora yollanır. Olsun. Amma bu səfərlərdə bölgənin durumunu yerli sakinlərdən öyrənmək olar. Televiziyaya çıxıb xalqa yalan satmaq dövlət başçısının nüfuzuna öldürücü zərbə vurur. Təsəvvür edin: əhalinin tən yarısı yayda odun, kərmə tədarükünə başlayır. Son illər guya meşələrin qırılmasına qarşı “mübarizə” gücləndirilib. Bu da odunun qiymətinə ciddi təsir göstərib. Adamlar indi oduna pul çatdıra bilmədiklərindən kərməyə daha çox üstünlük verir. Ilham Əliyev kərmənin nə olduğunu kənd təsərrüfatı naziri Ismət Abbasovdan öyrənə bilər, istəsə…Rəsmi statistikaya görə, ölkədə 1 milyon 234 min qaz istehlakçısı var. Ilham Şaban bu rəqəmə təkcə əhalinin yox, bütün idarə və müəssisələrin də daxil olduğunu deyir. Azərbaycanda ailə sayının 2,5 milyon olduğunu nəzərə alsaq, bu o deməkdir ki, ölkə əhalisinin yarıdan çoxu qazsızdır. “Regionun lider dövləti”, “analoqu olmayan inkişaf” kimi dövlət başçısının da dilindən səslənən bu sözlər, Elnur Astanbəylinin sözləriylə desək, filfilodur. Azərbaycan Türkiyəyə illik olaraq orta hesabla 6 milyard, Gürcüstana isə 1 milyard kubmetr qaz ixrac edir. 1 milyard kubmetr qaz Iran və Rusiyaya ötürülür. 2016-cı ilədək isə Azərbaycan qaz ixracını 22-25 milyard kubmetrə qaldırmaq niyyətindədir. Indi siz deyin: dünyaya qaz ixracıyla öyünən ölkənin qazsız vətəndaşlarını dövlət başçısının qaz yatağı tapılmasıyla bağlı təbrik etməsi onları təhqir deyil, bə nədir? Yoxsa, Ilham Əliyev xalqı ailəsi sayır? Nəsə səhv düşüb…