Iki şeydən biridir; ya Ilham Əliyevin siyasi yaddaşsızlıq problemi var, ya da Azərbaycanın ən yeni siyasi tarixi barədə məlumatsızdır.
Lütfən diqqət edin. Açıqlanan “WikiLeaks” məxfi teleqramlarına görə 2007-ci il noyabrın 13-dəÿ ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi Daniel Fridlə görüşdəÿ Ilham Əliyev bildirib ki, o, 2003-cü il prezident seçkiləri zamanı 76 faiz səs toplayıb. Mixail Saakaşvilinin isə seçkilərdə 96 faiz seçicinin səsini qazandığı elan edilib. Bu isə dünya praktikasında Şimali Koreya lideri Kim Yonq Il istisna edilməklə görünməmiş hadisədir.
Məsələ burasındadır ki, dünya ictimaiyyəti belə bir hadisəni görüb, özü də Ilham müəllimin mərhum atasının timsalında. Həm də çox uzaqda yox, 1993-cü ildə.Internetə çıxışı olan yoldaşlar Mərkəzi Seçki Komissiyasının saytından əldə etdiyim bu linkdən baxa bilərlər: http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1993.htm
Interneti olmayanlar üçün isə yazıram. MSK-nın rəsmi nəticələrinə görə, Heydər Əliyevə 1993-cü ilin prezident seçkisində 99 faiz səs yazılıb. Necə deyərlər, Saakaşvilinin ölənlərinə rəhmət.
Yeri gəlmişkən, 2010-cu ilin parlament seçkisində 96 faizli göstəricini fəth etmək astanasında olanlardan biri də Əliyevin ailə üzvlərindəndir – Mehriban Əliyeva. O, parlament seçkisində 95 faizli nəticə göstərmişdi. Göründüyü kimi, Xoşqədəm Hidayətqızı demişkən, Şimali Koreya lideri Kim Yonq Il tək deyil, onu azı 2 Əliyev soyadı müşayiət edir.
Iki Səməd
Müğənni Səməd Səmədova xalq artisti adı verildi. Əsəbiləşdik. Məncə, çox nahaq yerə… Səməd Seyidovun millət vəkili olduğu ölkədə Səməd Səmədov neyçün xalq artisti olmasın ki?
Bəli, razıyam ki, Səməd Səmədov bir qəpiklik oxumur. Ancaq onun zay səsi və indi aldığı ad daha çox xalqımızın həyatında problem yaradır, ya Səməd Seyidovun oğurladığı halal səslər?
Müğənni Səmədə ən yüksək mədəniyyət təltifinin verilməsindən sonra mən saray filosofu Ramiz Mehdiyevin il yarım əvvəl dillər əzbəri olan məqaləsinə “fatihə” verdim. O məqalədə yoldaş Mehdiyev televiziyaları asıb kəsirdi ki, onlar səviyyəsiz müğənniləri ulduz edib camaatın zövqünü korlayırlar. Həmin məqalədən sonra Ilham Əliyev xalqın “bozbaş müğənni” kimi tanıdığı nə qədər sənət adamına ali mükafatlar, ev-eşik, ad verdi. Mən heç nəyə etiraz etmirəm; sadəcə, Prezident Administrasiyası xalq üçün bir açıqlama versin, bilək: onlar nəyi səviyyə, nəyi səviyyəsizlik hesab edirlər. Yoxsa, ictimaiyyəti belə çaş-baş qoymaq olmaz. Bir tərəfdən ATV-nin səmədsəmədovları tərənnüm etməsinə qızırsınız, o biri yandan isə belələrinin başından şabaş tökürsünüz. Yahu, bu nə pəhriz, bu nə tutma?Deyirlər ki, fikrini dəyişməyən bir ölülərdir, bir də dəlilər..
Onların heç birindən olmadığımdandır ki, “WikiLeaks” teleqramları mənim Qərb barədə fikirlərimi dəyişdi.
Əlbəttə, kino hələ davam edir, ola bilər ki, fikrim yenə dəyişsin.
Özəlliklə 2005-ci ilin saxtalaşdırılan seçkilərindən sonra bir çox vətəndaşımız kimi, mən də ABŞ və başqa Qərb ölkələrinin demokratiya ilə bağlı bəyanatlarına ikrahla yanaşırdım. Bunu ikiüzlülük sayırdım. Üzdə demokratiyadan danışırlar, bağlı qapılar arxasına keçən kimi Əliyevlərlə neft bazarlığı edirlər, deyirdim.
Ifşa olanÿ teleqramlarından isə gördük ki, Qərb diplomatları Ilham Əliyevlə demokratiya, insan haqları mövzusunda üzdə olduğundan daha qətiyyətli və daha sərt danışıblar. Bu, sevindirici haldır. Demək, Qərb dəyərlərə sayğısını itirməyib.
ABŞ diplomatları ilə Ilham Əliyevin sərt dialoqları isə məni bir məsələdə hələ də düşündürür: Yəni, Ilham Əliyev özünü o qədər qüdrətli və güclü bilir ki, ABŞ-a meydan oxuyur?
Axı sənədlərdən görünür ki, ən azı 4 ildir ABŞ ondan insan hüquqlarına hörmət etməyi tələb edir, mətbuatı əzməməyi xahiş edir… Ilham Əliyev isə onların heç birinə məhəl qoymur.
O, nəyə arxayındır görəsən? Arxasında nə xalq var, nə də ABŞ-la döyüşəcək ordu? Bəs bu özündənarxayınlığın əsası nədədir? Hə, nədədir?