MTN-in keçmiş zabiti polkovnik Ramin Nağıyevin “Azadlıq”ın sualları əsasında yazdığı məqalələri oxuyuruq; Şəmsi Rəhimovun qətli ilə bağlı əsassız yerə işgəncələr görən, indi Işgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudovun tükürpərdən müsahibələrinə baxırıq; “WikiLeaks”in yaydığı məxfi sənədlərlə tanış oluruq; intiharların statistikası, günün günorta çağı öldürülən iş adamları, elm-mədəniyyət-siyasət xadimləri və təhsil; Naxçıvanda baş verən ağlasığmaz olaylar, MR MTN-in zirzəmisində işgəncələr sonucu həyatını itirən bir vətəndaşımızın dəhşəti; miqyası təsəvvür edilməyəcək həddə böyük, arın-arxayın həyata keçirilən saxta seçkilər; orduda baş verən biabırçılıqlar, atəşkəs dövründə valideynlərinin üstünə tabutda qayıdan oğullar; şəxsi mülkiyyətə qarşı dövlət vandalizmi, ucu-bucağı görünməyən korrupsiya; və… və…
Bütün bunları gör, bil və aqressiv yanaşma bunlara, düşünmə, beynini bu məsələləri saf-çürük eləmək üçün işə salma – insan olan, azacıq vicdanı olan düşünməyə, yanıb yaxılmaya, aqressiv olmaya bilərmi?
Bilər, qardaşlar, bilər! Nə qədər vicdansız saydığımız adam görmüşəm …alim, mühəndis, ədəbiyyat-incəsənət adamı, fəhlə, işli-işsiz… Çəkilib bir meyxanə küncündə oturursan… və məlum olur ki, onlar sənin dediklərini səndən beş də artıq bilirlər. Bilirlər… ama nə olsun – ürəklərində. Onlar vicdansız deyil, ama vicdanlarını ürəklərində həbs eləyən adamlardı. Onların vicdanı Vicdan məhbusudu!
“Elm sübut edib ki, dəyişikliklərin həm kəmiyyətinin, həm də onların təbiətinin dərk olunması cəhətdən şüur dəqiq hüdudlara malikdir. Fasiləsiz şoklar silsiləsindən sonra əhalinin hədəf qrupu elə bir vəziyyətə düşür ki, bundan sonra onun üzvləri dəyişən şəraitdə seçim etmək arzusunda olmurlar. Onlar apatiyaya qərq olurlar ki, bu vəziyyətin ərəfəsində çoxsaylı mənasız zorakılıqlar, silsilə qətllər, zorlamalar və uşaqların oğurlanması kimi cinayətlər baş alıb gedir”,- bu cümlələr keçmiş ingilis məxfi xidmət əməkdaşı Con Kolemanın “Üçyüzlər komitəsi” (Komitet 300) kitabındandı. Oxuyanlar bilir ki, kitabda insan üzərində aparılan psixoloji sınaqlardan, onun kütləşdirilməsi, zombiləşdirilməsi üçün istifadə olunan ağlagəlməz üsullardan bəhs edilir.
Deyilənləri bir anlıq ölkəmizə tətbiq eləyərək düşünün. Hərçənd, Koleman, yazımın əvvəlində sadaladığım faktları, yəni dəhşətli şokları yaşamış hədəf qrupun daha seçim etmək, düşünmək arzusunda olmadığını yazır. Dərindən düşünəndə də sitatın sonunda deyilənlərin nə qədər doğru olduğunu görürsən. Hələ Kolemanın sadaladıqları Amerika tipli inkişaf etmiş cəmiyyətlərə aiddi, bizdə bunun yüz, min qat artığı var. Və bunlar da hansı səbəbdən baş verir? O səbəbdən ki, əhali artıq keyləşdirilib və gündəlik zəruri tələbat mallarını çıxmaq şərtilə heç nə haqda düşünmür, hər hansı şəraitlə bağlı seçim etməyi arzulamır.Mənzərəni təsəvvür eləmək üçün Ramin Dekonun “Binə” ticarət yarmarkasından bəhs eləyən “Kəbirə Məmmədova sahibkarlara qan uddurur” yazısını oxumaq yetər. Yazıda sadalanan faktları rəqəmlə olmasa da, dumanlı şəkildə hər kəs bilir, lakin nəinki bunun hesabını soruşmağı arzulamır, hətta böyük həvəslə, kütləvi şəkildə o bazara alış-veriş üçün yollanır və hakimiyyət başçılarının daha da varlanmasında yardımçı olur. Çünki onunçün bu şərait yaradılıb, onunsa seçim arzusu belə, yoxdu.
“Budur, dünyanın həqiqəti bilmək istəməyən böyük millətlərindən biri. Bizə bundan sonra təbliğat idarələri gərək deyildir. Bizə bu millətdən həqiqəti gizlətmək üçün səy göstərmək lazım deyildir, onlar həqiqəti öz istəkləri ilə rədd edirlər. Bu, boş millətdir”. Bunu da Koleman kitabında yazır. Gəlin, əlimizi-qolumuzu yanımıza salsaq belə, heç olmasa arzulamağa başlayaq. Eləcə quru arzu. Arzuya görə isə kimsəni həbs eləmirlər…