Artur Rəsizadə də Ilham Əliyevi vecinə almırmış

Irili-xırdalı bütün nazirlər sanki cənabi-möhtərəmimizin sözünün boyunu yerə soxmağa amadədirlər. Elə bil, güdüyə durublar ki, Ilham Əliyevin ağzından bir söz, bir tapşırıq gəlsin – anında əksinə fəaliyyət göstərməklə cənabımızın qumarxanalar kralı Ömər Lütfü Topala 500 min manat borclu qalmaqdan, xizək sürməkdən və Dubayda villa almaqdan başqa bir işə yaramadığını diqqətimizə çatdırmaqdan ötrü sinov gedirlər.

Hörmətli Rövnəq Abdullayevin evsökmə əməliyyatını qət-təzə baş verən proses kimi buna misal göstərmək olar. Uca Yaradanın bu xalqa bəxş etdiyi misilsiz və tayı-bərabəri olmayan hörmətlimiz qanunsuz tikililərin qeydiyyata alınması ilə bağlı tapşırıq verən kimi Neftxuda qollarını çirməyib camaatın min bir əziyyətlə tikdiyi komalarını başlarına uçurmağa girişdi. Və beləliklə, Hacıbala Abutalıbova evlərin qeydiyyata alınması üçün verilən tapşırıq getdi işinin dalıyca və cənabımızın sözü oldu qoz qabığı!

Elə güman edirdim ki, bu, yalnız hörmətlimizin dediyi sözlərə, tapşırıqlara aiddir. Sən demə, qanunların anasını mələtməklə məşğul olanlar cənabi-möhtərəmimizin verdiyi sərəncamları da veclərinə almırlarmış.

Sübut: 2009-cu ilin 30 iyununda Ilham Əliyev “Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri” haqqında Sərəncam verib. Sərəncamda göstərilir ki, illərlə Milli Məclisdə müzakirə olunduqdan sonra nəhayət qəbul olunan bu andıra qalmış qanun 2009-cu il oktyabrın 1-də qüvvəyə minir.

Prezident Sərəncam verir və Məcəllənin işlək mexanizmə çevrilməsini üç ay sonraya təyin edir. Qanuna müvafiq olaraq bu üç ay müddətində Nazirlər Kabineti əsasnamə və təlimat hazırlamalıydı ki, yerli strukturlar Mənzil Məcəlləsinin icrası ilə məşğul ola bilsinlər.

Çifayda – prezidenti, yəni cənabi-möhtərəmimiz Ilham Əliyevi vecinə, onun verdiyi Sərəncamı eyninə almayan Artur Rəsizadə təlimat və əsasnaməni hələ də hazırlamayıb. Nəticədə “Inkişafın Azərbaycan modeli”ndə “analoqu olmayan” vəziyyətlə üz-üzəyik: köhnə məcəllə qüvvədən düşüb, yeni məcəllə Nazirlər Kabinetinin sayeyi-mərhəmətindən işlək mexanizmə gətirilməyib və 2 il 3 aydır ki, ölkədə Mənzil Məcəlləsi faktiki olaraq yoxdur! Problem təkcə bu olsaydı, nə vardı ki?!

Sərəncamdan tam 11 ay ötəndən sonra qumarxanalar kralı Topala 500 min dollar borcunu necə ödədiyi və Dubaydakı villasının çökən unitazını düzəltdirib-düzəltdirmədiyi haqda müfəssəl bilgi əldə edə bilmədiyimiz zati-alimiz təzədən bir Fərman imzalayıb. “Mənzil Məcəlləsinin icrasının təmin edilməsi” barədə 24 may 2010-cu ildə imzalanan bu Fərman qanundakı bəzi boşluqları aradan qaldırmağa və Məcəllənin daha işlək olmasına görə verilib.Bir köpəyoğlu tapılmır deyə ki, ey şahənşah, sənin sərəncamını vecinə alan var ki, fərmayışına da əməl edən tapılsın? Guya sərəncamla “təmin edilməyən icra” fərmanla həyata keçiriləcək? Bilə-bilə ki, sərəncam və fərmanların icra edilmək üçün deyil, niyə zibil qutusunun əmlakına çevrilən belə zadlarla özün haqda qeyri-ciddi imicin yaranmasına səbəb olursan?

Bu ölkədə ləyaqətli məmur yoxdurmu?

“Tərəqqi” liseyinin direktoru – Nəqliyyat naziri Ziya Məmmədovun və millət vəkili Elton Məmmədovun bacısı, icra başçısı Əhəd Abıyevin gəlini – Məhbubə Məmmədovanın orta məktəbin birinci sinfinə qəbul olunmaq istəyən 6 yaşlı cocuqlardan 1000 manat rüşvət yığması barədə bu ölkənin özündə ləyaqətin olduğunu düşünən bütün yekə adamlarına müraciət etmişdim, Misir Mərdanovun təhsildəki rüşvətin aradan qaldırılması üçün yaratdığı “qaynar xətt”ə də xəbər vermişdim.Elə bil, kor quyuya daş atmısan – kimsə maraqlanmır!

Məgər, bu ölkədə “özündə ləyaqətin olduğunu düşünən” məmur yoxdur?