Vaşinqton “WikiLeaks”lə xəbərdarlıq edir

Gec-tez Azərbaycan hakimiyyəti islahatlar yoluna dəvət ediləcək

Zəfər Quliyev: «Azərbaycan oturuşmuş dövlət olsaydı, onu nə tez ələ almaq, nə də ciddi təzyiq göstərmək olardı»

“WikiLeaks”in Azərbaycanla bağlı son açıqladığı məlumatlar hakimiyyətin xarici siyasət vektoru ilə bağlı uzun müddətdir “öyündüyü” bir sıra məqamlara aydınlıq gətirmiş oldu. Məlum oldu ki, Azərbaycanın “balanslaşdırma” siyasəti heç də sözün əsl mənasında qonşularla normal münasibət qurmağa deyil, əksinə onlarla münasibətləri korlamağa yönəlib. Azərbaycan hakimiyyətinə insan hüquqları və demokratik azadlıqlarla bağlı təzyiqlərin artdığı bir zamanda “WikiLeaks”in iqtidarla bağlı ifşaedici məlumatlarının meydana çıxması bir sıra suallar doğurur. Mövzu ilə bağlı bu və başqa sualları siyasi ekspert Zəfər Quliyevə ünvanladıq. Ilk sualımız “WikiLeaks”in bu dəfəki məlumatlarının nəyə xidmət etməsi ilə bağlı oldu:

– Öncə bu suala cavab verilməlidir ki, nəyə görə bu açıqlamalar bir növ silsilə xarakteri daşıyır. Yəni bir qədər fasilədən sonra Azərbaycanla bağlı növbəti dəfə ciddi sənədlər işıq üzü görür. “WikiLeaks”in bu cür fəaliyyət ritmi istər-istəməz müxtəlif suallar doğurur. Bu suallara cavab bizim “WikiLeaks” fenomenini necə təsəvvür etməyimizdən asılıdır. Əgər “WikiLeaks” müstəqil və Asancın öz təşəbbüsüdürsə, hər hansı siyasi məqsəd güdülmürsə, o zaman bu sualların əksəriyyəti öz əhəmiyyətini itirir. Lakin şəxsən məndə elə təsəvvür yaranır ki, burada yalnız özfəaliyyət deyil. Mən ilk gündən hesab edirəm ki, “WikiLeaks”in arxasında ciddi siyasi qüvvələr dayanır və onlar lazım gələndə müxtəlif ölkələrə qarşı bu saytdan istifadə edirlər. Əgər biz ikinci fərziyənin üzərində dayansaq, o zaman sual yaranır ki, nəyə görə Azərbaycanla bağlı növbəti silsilə sənədlər çap olunub. Çünki bu sənədlərin bəzisində dövlət başçısının imicinə zərbə gətirən məlumatlar da var. Bir məqama diqqət çəkmək istərdim. Biz görürdük ki, dövri olaraq Azərbaycan-ABŞ münasibətlərində gərginlik müşahidə olunurdu. Vaşinqton Azərbaycanın daxili və xarici siyasətini qəbul etmirdi.

“WikiLeaks” Azərbaycanla bağlı məqsədinə çatıb

– Belə olan halda, bu sənədlər Vaşinqtonun rəsmi Bakıya bir xəbərdarlığı ola bilərmi?
– Bəli, bu sənədlərdən elə nəticəyə gəlmək olar ki, sanki Vaşinqton Azərbaycan hakimiyyətinə növbəti dəfə xəbərdarlıq edir. Bəyan olunur ki, bizdə kifayət qədər sənəd var. Özü də nəzərə almaq lazımdır ki, çap olunan sənədlərin əksəriyyəti “məxfi” qrifli sənədlər deyil. Ona görə güman etmək olar ki, daha məxfi sənədlər var ki, onlar da meydana çıxa bilər. Bu cür düşünməyə bəzi hakimiyyət yetkililərinin “WikiLeaks”in sənədlərinə çox sərt reaksiya verməkləri də əsas verir. Dərhal həm Əli Həsənov, həm Novruz Məmmədov bu sənədlər çap olunan kimi onların yalan və böhtan olduğunu bəyan etməyə başladılar. Maraqlıdır ki, hər iki məmur “WikiLeaks” fenomeninin ikinci versiyasının üzərində dayanaraq, Qərbdəki qüvvələrin bəzi ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməkdə maraqlı olduqlarını bəyan edirlər. Hesab edirəm ki, bu baxımdan sənədlər öz məqsədlərinə çatıblar. Çünki rəsmi Bakı onlara çox əsəbi və sərt cavab verdi.

– “WikiLeaks”in sənədlərindən məlum oldu ki, hakimiyyətin uzun müddət öyündüyü “balanslaşdırılmış” siyasət anlayışı yox imiş. Azərbaycan rəsmiləri Rusiya təmsilçilərilə görüşlərində ABŞ və Iranın, ABŞ və Iran yetkililəri ilə görüşlərində isə Rusiyanın əleyhinə danışırmışlar. Bu, Azərbaycanın ABŞ və qonşuları ilə əlaqələrinə necə təsir edə bilər?
– Əslində əsl balanslaşdırılmış siyasəti tam oturuşmuş və demokratik strukturlara malik ölkə apara bilər. Azərbaycan kimi avtoritar rejimlərdə sözün əsl mənasında balanslaşdırılmış siyasət aparıla bilməz. Avtoritar ölkələrdə bu daha çox şüar olur. Ona görə mən həmişə Azərbaycanın balanslaşdırılmış siyasəti haqqında danışanda bu ifadənin əvvəlinə konyunktur sözünü əlavə edirəm. Bu, sırf konyunkturadan doğan balanslaşdırılmış siyasətdir. Siyasi konyunktura isə tez-tez dəyişir və rəsmi Bakıda bu siyasətini dəyişən konyunkturaya uyğunlaşdırır. Azərbaycan gah sağa, gah sola meyllənir və çox zaman olduqca qeyri-populyar addımlar atır. Özü də avtoritar rejimlərdə bu siyasət bir neçə şəxsin iradəsindən asılıdır. Çünki Azərbaycanda nə hüquqi dövlət formalaşıb, nə də dövlətin bütün institutları müstəqil formada fəaliyyət göstərirlər. Bu siyasəti dövlət başçısı, onun yaxın ətrafı, Prezident Administrasiyasının rəhbəri formalaşdırır. “WikiLeaks”in də sənədləri göstərir ki, bu şəxslər konkret olaraq öz simpatiya və antipatiyalarının girovunda qalırlar. Daha çox öz maraqlarını və arzularını ifadə etməyə çalışırlar. Onlarda ardıcıl xarici siyasət xətti müşahidə olunmur. Ona görə Azərbaycanın qonşuları da anlayırlar ki, rəsmi Bakının siyasəti çox zaman siyasi konyunktura ilə bağlı olur. Bu baxımdan Azərbaycanın da qonşuları Bakının dəyişən siyasətini, neft amilini, ölkə daxilində gedən prosesləri nəzərə alırlar. Bu faktorlardan çıxış edərək ya rəsmi Bakıya təsir göstərirlər, ya da müəyyən şirnikləndirici vədlərlə çıxış edirlər. Yəni Azərbaycanda oturuşmuş dövlət olsaydı, onu nə belə tez ələ almaq, nə də ciddi təzyiq göstərmək olardı. Azərbaycanın zəif nöqtələri çox gözəl bilinir. “WikiLeaks”in də son sənədləri göstərir ki, Azərbaycan qonşuları və ABŞ-la dostluğun tərəfdarı olduğunu bildirsə də, rəsmi söhbətlərdə tam başqa mövqe sərgiləyir.

Hakimiyyət üçün islahatların alternativi qarşıdurma və inqilabdır

– Bu arada Iran və Belarus qonşu ölkələrlə bağlı öz məxfi məlumatlarını açıqlayacaqlarını bəyan edirlər. Bu məlumatlar nədən ibarət ola bilər?
– Əslində “WikiLeaks” yeni siyasi moda yaratdı. “WikiLeaks”dən sonra bir sıra ölkələr, siyasi qüvvələr çalışacaqlar ki, əllərində olan bu tip məlumatlardan öz məqsədləri üçün istifadə etsinlər. “WikiLeaks”dən əvvəl bu cür məlumatlar təsadüfən ələ keçirilirdi və böyük sensasiyaya səbəb olurdu. “WikiLeaks” isə bu cür sənədləri qloballaşan informasiya məkanına atdı. Ona görə gözləmək olar ki, başqa dövlətlər də bu təcrübədən istifadə edəcəklər. Gözləmək olar ki, sabah Iran və Belarusda hər hansısa məxfi sənədləri açıqlasınlar. Lazım gələndə Azərbaycan da bu cür üsuldan istifadə edə bilər.

– “WikiLeaks”in növbəti məlumatlarından sonra belə fərziyələr var ki, ABŞ-dan Azərbaycana qarşı təzyiqlər daha da artacaq. Və Azərbaycan insan haqları və demokratik azadlıqlar sahəsində Amerika ilə danışıqlara getməsə, münasibətlər gərginləşə bilər?
– Amerika Azərbaycan hakimiyyətinə dəfələrlə müxtəlif mesajlar göndərib, hətta bu mesajlar təzyiq formasında gündəmə gəlib. Burada tək “WikiLeaks” faktorundan istifadə olunmayıb. Yalnız bu ilin ərzində Azərbaycan hakimiyyətinə dəfələrlə həm Dünya Bankı, həm ABŞ və həm də Qərb ölkələri tərəfindən mesajlar göndərilib ki, Azərbaycan ləngimədən islahatlara başlamalıdır. Azərbaycan korrupsiya ilə tam və ciddi mübarizə aparmalıdır. Amma Azərbaycanda korrupsiya ilə mübarizə çox qısa müddətli oldu və yalnız kampaniya xarakteri daşıdı. Bu isə Qərb institutlarını qane edə bilməzdi.
Digər sahələrdə islahatlara gəlincə isə yalnız ümumi bəyanatlar verilir. Dövlət başçısı açıqlamalarında Azərbaycanın islahatlara sadiq olduğunu və bütün sahələrdə islahatlar həyata keçiriləcəyini desə də, reallıq başqa cürdür. Eyni zamanda vurğulanıb ki, inqilablardan qaçmağın yeganə yolu islahatlardır. Ərəb dünyasında gedən prosesləri nəzərə alanda görürük ki, sərt diktaturaya meylli avtoritarizmlə dünya barışmaq istəmir. Bu rejimlər hələ ki, xoş dil, yumşaq təzyiqlə islahatlara dəvət olunur. Bu cür mesajlar Azərbaycan da daxil olmaqla bütün keçmiş sovet ölkələrinə göndərilir.
Azərbaycan hakimiyyəti baş verənlərdən nəticə çıxarmalıdır. Ola bilsin ki, əlavə təzyiq kimi ortaya “WikiLeaks” də atılıb. Düşünürəm ki, gec-tez Azərbaycan hakimiyyəti islahatlar yoluna dəvət ediləcək. Bunun real alternativi qarşıdurma, inqilabdır. Əslində proseslərin tam kritik ssenari ilə reallaşmasını nə Azərbaycan ictimaiyyəti, nə də dünya istəyir. Ona görə indi söz hakimiyyətindir.

Əliyevlə görüşün məzmununu təhrif etməyə səfirin marağı yoxdur

– “WikiLeaksdə” gedən daha bir maraqlı məlumata görə xarici işlər naziri Elmar Məmmədyarov “Azadlıq” qəzetinin redaksiyasından çıxarılmasını və “ANS” telekanalının müvəqqəti efirinin dayandırılmasını məmur axmaqlığı adlandırıb. Bu açıqlama hakimiyyət daxilində nifaqa səbəb ola bilərmi?
– Bu açıqlama ciddidir. Amma bu, elə bir təlatümə gətirib çıxara bilməz. Çünki başqa ölkələrdə xarici işlər naziri postunun mühüm vəzifə olmasına baxmayaraq, Azərbaycanda durum fərqlidir. Azərbaycanda xarici işlər naziri elə bir ciddi fiqur, hakimiyyətdə söz sahibi deyil. Əgər nazirin verdiyi açıqlama ilə bağlı ciddi bir problem yaşanarsa, onun yenisi ilə əvəzlənməsi elə bir prinsipial məsələ deyil.

– Azərbaycanın dövlət başçısı rəsmi açıqlamalarında Gürcüstan və onun prezidenti haqqında xoş sözlər desə də, “WikiLeaks”də gedən informasiyalar fərqli həqiqətləri ortaya qoyub. Məlum olub ki, görüşlərin birində I.Əliyev Saakaşvilini Koreya diktatoruna bənzədib. Bu etiraf iki ölkə arasındakı münasibətlərə necə təsir edə bilər?
– Düşünürəm ki, Gürcüstan-Azərbaycan münasibətləri praqmatik maraqlar üzərində qurulub. Gürcüstan bir çox məsələlərdə Azərbaycandan asılıdır. Nəzərə alsaq ki, 2008-ci il Rusiya ilə müharibədən sonra bu aslılıq daha da artıb. Eyni zamanda Azərbaycanın da son illər Rusiya ilə intensiv münasibətlərinin olmasına baxmayaraq, Bakının konyunktur balanslaşdırılmış siyasət aparması üçün Gürcüstan böyük əhəmiyyət kəsb edir. Bura həm regionda gedən proseslər, həm də Azərbaycanın Ermənistanı Gürcüstan vasitəsilə təkləməyi daxildir. Praqmatik maraqlar iki ölkəni bir-birinə o qədər sıx bağlayıb ki, Gürcüstanın və Azərbaycanın dövlət başçıları bu cür açıqlamalara dözümlü yanaşırlar. Təbii ki, onlar ürəklərində qəzəblənsələr də, heç zaman üzə verməzlər. Ola bilsin hanısa mərhələdə Gürcüstan-Azərbaycan münasibətləri pisləşsə, o zaman bu ifadələr də xatırlanacaq. Amma indiki mərhələdə siyasi səviyyədə bu məsələ qaldırılmayacaq.

– ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza “WikiLeaks”də gedən informasiyalara şərh verməsə də, onu da etiraf edib ki, bu tip yazışmalara görə səfirlər məvacib alırlar…
– “WikiLeaks”in sənədlərini şübhə altına qoymaq, onlarda yalan axtarmağa ehtiyac yoxdur. “WikiLeaks” sanki bir ötürücü funksiyasını həyata keçirir. Əlinə keçən sənədləri olduğu kimi çap edir. Bütün dünyada əvvəlcə bu sənədləri şübhə altına qoysalar da, sonra gördülər ki, bu informasiyalar daha çox yazışmalardan ibarətdir. Azərbaycan nümayəndələri də deyəndə ki, “WikiLeaks” yalan məlumatlar yazır, burada bir məqama diqqət yetirmək lazımdır. “WikiLeaks” məlumatlarında adları çəkilən səfirlərin açıqlamalarını şübhə altına almaq olar. “WikiLeaks” isə özü burada güzgü rolunu oynayır. Ona görə ittihamlarda ünvan səhv göstərilir. “WikiLeaks” əldə etdiyi sənədləri çap edir. Onların nə dərəcədə həqiqətə uyğun olub-olmaması o sənədi tərtib edən səfirliyin işçilərindən asılıdır. Amma mən inanmıram ki, səfirliyin işçiləri dövlət başçısı və ya Prezident Aparatının rəhbəri ilə görüşdə müzakirə olunan məsələlərin mahiyyətini təhrif etsinlər. Çünki onların bu cür marağı yoxdur. Ona görə düşünürəm ki, çap olunan sənədlər reallığı əks etdirir. Belə olmasaydı, bu cür əsəbiliyə də lüzum olmazdı.

Xəyal