İqtidardaxili savaşın şok detalları

Heydər Babayev necə yüksəlib və nəyə görə vurulub?

“WikiLeaks”dən hakimiyyətə növbəti “sillə”

 

ABŞ diplomatlarına aid məxfi teleqramları açıqlayan “WikiLeaks” saytında ölkəmizlə bağlı yayılan məxfi sənədlərin dərcini davam etdiririk. Açıqlanan növbəti gizli teleqram keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin nazir olduğu dönəmə təsadüf edir. ABŞ-ım ölkəmizdə səfiri olmuş Enn Dersinin 1 yanvar 2008-ci il tarixli məxfi məktubunda Babayevin nazir postuna gətirilməsinin, onun başçılıq etdiyi ailənin sahib olduğu siyasi-iqtisadi gücün və eləcə də hakimiyyət daxilində digər klanlar arasında gedən nüfuz savaşının şok detalları öz əksini tapır.

İlham Əliyev “yeyib-içmək” dostunu nazir etdi

Heydər Babayevin 2005-ci ildən iqtisadi inkişaf naziri təyin edilməsindən sonra onun siyasi çəkisi və şəxsi varidatında yüksəliş dönəmi başladı. Çoxları onun bu vəzifəyə təyinatını ölkə başçısı İlham Əliyevlə yaxın münasibətdə olması ilə əlaqələndirir. İddialara görə, Əliyev və Babayev Kiyevdə oxuduqları vaxt “yeyib-içmək” dostu olublar. Uzun müddət ölkə xaricində bank və maliyyə sektorunda çalışdıqdan sonra Azərbaycana qayıdan Babayev hazırda ən iri oliqarx-məmurlardan biri hesab olunur. Onun ailəsinə məxsus ABU şirkətlər qrupu da ölkənin ən nəhəng konqlomeratlarından biridir.

2007-ci ildə Babayevə məxsus 2 tibb mərkəzinin bağlanmasından sonra yayılan iddialara görə, nazirin cəzalandırılması və gücünün məhdudlaşdırılması porsesinə start verilib. Hətta bəzi xəbərlərdə onun hökumətin toplantıları zamanı tənqid olunduğunu və kabinetdən “ofsayt”da qaldığı bildirilir. Hökumətin atdığı qeyri-adi addımlar iri məmur-oliqarxlar arasında savaşın tərkib hissəsi kimi dəyərləndirilir. Bu savaşın Heydər Əliyevin dönəmində formalaşmış “köhnə qvardiya”ya və İlham Əliyevin “yeni qvardiya”sına üzv olanlar (Babayev kimi yeni məmur-oliqarxlar) arasında getdiyi söylənilir.

“AzərCELL”in məcburi siğorta razılığı

Heydər Babayevin zəiflədilməsi prosesinin siyasi tərəfləri hətta xarici medianın da diqqətindən yayınmayıb. “Economist’s Intelligence Unit”in məlumatına görə, iri dövlət konsernləri Babayevlərə məxsus ABU holdinqlə siğorta əməkdaşlığından imtina ediblər. Mötəbər mənbələrin hesabatlarında deyilir ki, Azərbaycanın ən iri banklarından biri Babayevə məxsus “Standart Bank”la əməkdaşlıq edən xarici investorlar ciddi problemlərlə üzləşiblər. 2007-ci ilin sonlarında hökumətə yaxın və müxalifyönlü qəzetlər də Azərbaycanın ən böyük möbil operatoru “AzərCELL”in məcburən Babayevlərə aid “Standart İnsurance” ilə sığırta müqaviləsi imzaladığını yazırdı. Səbəb kimi isə şirkətin Heydər Babayevin rəhbərlik etdiyi İqtisadi İnkişaf Nazirliyi ilə problemlərdən yayınmaq istəyi göstərilirdi.

Bəzi politoloqlar Heydər Babayevin fövqəladə hallar naziri, Azərbaycanın ən iri məmur-oliqarxı sayılan Kəmaləddin Heydərovun ailəsinə məxsus şirkətlərə maneələr yaratdığına dair açıqlamalar verirlər. Bəzi iddialara görə isə Heydərov ölkə başçısı İlham Əliyevi inandırmağa çalışıb ki, 2007-ci ildə yaşanan kəskin qiymət artımına görə Babayev məsuliyyət daşıyır. Başqa bir iddialara gör isə bu il yanvarın 11-də keçirilən və İlham Əliyevin sədrlik etdiyi hökumət üzvlərinin toplantısında Babayevin iştirak etməməsi onun “vurulması” prosesinə az qaldığından xəbər verir.

Babayevin yüksəlişi

İqtisadi İnkişaf Nazirliyi Azərbaycan hökumətinin ölkənin iqtisadi inkişaf strategiayasının müəyyənləşdirilməsi və gücləndirilməsi işində ən aparıcı dövlət qurumudur. Babayevin 2005-ci ildə bu posta gətirilməsiylə onun siyasi və iqtisadi gücünün artmasına təkan verildi. Babayevin səlahiyyətlərinin artırılması və ölkə başçısı İlham Əliyevə yaxınlığı onun son iki ildə aparılan bütün iqtisadi-biznes əməliyyatlarında iştirakını təmin edib. İtaliya və Yunansıtanla Azərbaycan arasında enerji danışıqlarında Babayev birbaşa olaraq ölkə başçısının təmsilçisi kimi iştirak edib. Əliyevə yaxınlığı ona imkan verib ki, ölkə başçısını Azərbaycanın Ümumdünya Ticarət Təşkilatıyla sıx əməkdaşlıq etməyə və quruma üzvlüyə çalışmağa razı sala bilsin. Babayevin nazir postuna təyinatı ÜTT ilə danışıqlarda Azərbaycanı təmsil edən Xarici İşlər Nazirliyinin prosesdən uzaqlaşması ilə nəticələndi.

Babayev həmçinin İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərindən istifadə etməklə təsir imkanlarını genişləndirib. “AzPromo” ASC vasitəsiylə Azərbaycana xarici investisiyaların qoyuluşunda artım müşahidə olunub. Dövlətə məxsus Azərabycan İnvestisiya Kompaniyası Heydər Babayevin nazir təyin olunmasından sonra 2006-cı ildə yaradılıb. O, həmçinin beynəlxalq iqtisadi-maliyyə qurumlarıyla danışıqlarda, konfrans və toplantılarda iştirak edən ölkə başçısı Əliyevi müşaiyyət edir.

Babayevin əlaqələri

Heydər Babayevin karyera yüksəlişi və ölkənin güclü məmur-oluqarxına çevrilməsində onun İlham Əliyevlə şəxsi münasibətləri mühüm rol oynayıb. O və Əliyev Kiyevdə təhsil alıblar. (Xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şəfirov, informasiya texnologiyaları nazırı Əli Abbasovun da İlham Əliyevlə məktəb və tələbə dostları olduğu söylənilir). Babayevin Əliyevin ən yaxın “yeyib-içmək” dostu olduğu deyilir.

Azərbaycanda siyasi cəhətdən yüksəliş şəxsi biznesin genişlənməsinə stimul verir. Ölkənin nüfuzlu nazirləri və siyasi oyunçuları müxtəlif sahələr üzrə iri biznes imperiyalarına başçılıq edir. İqtisadi inkişaf naziri Heydər Babayevin ailəsinə məxsus ABU Holdinq ölkənin iri biznes imperiyası olaraq bank, tibb, neft, qiymətli kağızlar, qida sənayesi, siğorta, reklam və s. gəlirli sektorlarda paya sahibdir.

Paşayevlərin Babayevlərə qarşı ilk həmləsi

2007-ci ilin noyabrında Səhiyyə Nazirliyi Babayev ailəsinə məxsus ABU Klinikayla bağlı araşdırmalardan sonra tibb müəssisəsinin lisenziyasını ləğv etdi. Araşdırmalardan sonra klinikaların bağlanmasına səbəb kimi tibbi müəssisəsinin gəlirlərinin gizlədilməsinin göstərilməsi Heydər Babayevə ciddi xəbərdarlıq kimi xarakterizə olundu. Bir qəzetdə yazılan xəbərə görə isə 50 illik yubileyi münasibətiylə keçirilən ziyafətdə Heydər Babayevin sahib olduğu varidat və gücə görə həyat yoldaşına təşəkkür etməsi və onun şərəfinə badə qaldırması İlham Əliyevi qəzəbləndirib. Digər mətbuat orqanlarında gedən məlumatlarda isə Babayevlərə məxsus klinikaların bağlanması ölkənin birinci xanımı Mehriban Əliyevanın ailəsi ilə əlaqələndirilib. Klinikaların bağlanması haqda qərar çıxaran Səhiyyə Nazirliyinə rəhbərlik edən Oqtay Şirəliyevin Mehriban Əliyevanın ailəsiylə yaxın olduğu söylənilir. Deyilənlərə görə, Babayevlərə məxsus klinikaların bağlanması Mehriban Əliyevanın üzv olduğu Paşayevlər ailəsinin tibb sektorunu nəzarətə keçirməklə bağlı ilk addımıdır. Bu ilin yanvarında yayılan başqa bir xəbərdə isə artıq ABU klinikalarının Mehriban Əliyevanın rəhbərlik etdiyi “Heydər Əliyev Fondu”na satıldığı deyilirdi.

“Heydərçilər”lə “İlhamçılar”ın savaşı

Enn Dersi məxfi mətkubunun sonunda verdiyi şərhdə yazır ki, Heydər Babayevə qarşı atılan son addımlar hakimiyyətdaxili nüfuz savaşının görsənişləridir. Bu savaşın biznes dünyasına nəzarət etmək uğrunda Babayevlər-Heydərovlar-Paşayevlər ailələri arasında getdiyinə dair iddialar dolaşır. Fərhad Əliyev və Əli İnsanov klanlarının zərəsizləşdirilməsindən sonra keçmiş ölkə başçısı Heydər Əliyevə yaxın “köhnə qvardiya”nın sıradan çıxarılması və indiki rəhbər İlham Əliyevə bağlı ailələrin, xüsusən də ölkənin birinci xanımı Mehriban Əliyevanın üzv olduğu Paşayevlər ailəsinin yüksəlişi müşahidə olunur. İddialara görə, “köhnə qvardiya”nın üzvləri Ramiz Mehdiyev və Ramil Üsubovla İlham Əliyevin yaxın çevrəsi sayılan Heydər Babayev və milli təhlükəsizlik naziri Eldar Mahmudov arasında hakimiyyətdaxili nüfuz savaşı gedir.

Hökumətin iş dünyasını nəzarətdə saxlamaq cəhdi

Enn Dersinin digər gizli məktubu isə Azərbaycanda korrupsiyanın xarici investorlara yaratdığı problemlər, hakimiyyətin iş dünyasını nəzarətdə saxlamaq cədhlərindən bəhs edir. Diplomat 12 fevral 2008-ci il tarixi məxfi teleqramında yazır ki, korrupsiya Azərbaycanda başçıla problemlərdən biridir.

“Azərbaycanda korrupsiya xüsusilə də qeyri-neft sektorunda ən qorxulu problemlərdən biridir. Bu hal eyni zamanda investisiyaların qoyuluşuna da ciddi maneələr yaradır. Korrupsiyaya qarı mübarizə aparılması üçün mövcud olan qanun və sərəncamlar effektli deyillər. Qanun və göstərişlərə tam riayət olunmaması və s. hallar korrupsiyanın geniş yayılmasına yol açır. İdarəetmənin keyfiyyətinin aşağı olması, idarəçilik sistemində sui-istifadə hallarının baş verməsi, imzalanan müqavilə və razılaşmalara tam əməl olunmaması böyük şirkətlərin Azərbaycanda fəaliyyət imkanlarına xeyli maneələr yaradır. Bu tip problemlərin mövcudluğu bəzi əcnəbi şirkətlərin, xüsusən də nəhəng Qərb kompaniyalarının Azərbaycan bazarından uzaqlaşmasıyla nəticələnib.

2007-ci ilin yayında hökumət korrupsiyaya qarşı mübarizə aparılması məqsədiylə yeni antikorrupsiya milli strategiyası hazırladı. Yeni strategiyaya uyğun olaraq bəzi müsbət addımlar atıldı. “Transparency International” təşklatının hesabatına görə, Azərbaycanda korrupsiyanın vəziyyəti 2007-ci ildə daha da pisləşib. Ölkə korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 157-ci yeri tutub. 2006-cı ildə isə 163 ölkə arasında 130-cu yerdə idi. Vergilərin ödənilməsində, mübahisəli məsələlərin həllində korrupsiya halları daha geniş yayılıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bəzi nazirliklərin fəaliyyətində də ciddi korrupsiya halları aşkar edilib.

Hökumətin verdiyi qərarlarla ötən bir neçə il ərzində bəzi şirkətlərin birləşdirilməsi iqtisadiyyat üzərində siyasi idarəetmənin təsirini artırıb. Bundan zərər çəkən investorlar arasında ABŞ şirkətləri də var. Hal-hazırda Xəzər Gəmiçiliyi və Azərbaycan Hava yolları (AZAL) kimi dövlətə məxsus güclü müəssisələr bazara yeni iştirakçıların girişinin qarşısını almağı bacarıblar. Hökumət bu şirkətlər vasitəsilə öz kommersiya maraqlarını qoruyub saxlaya bilib. Belə şirkətlərdə korrupsiya və vəzifədən sui-istifadə halları daha çox müşahidə olunur.

Siyasət şöbəsi

“WikiLeaks” ARXİVİ:

XİN əməkdaşları İlham Əliyevi satıb

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib