kiv-df

Nuru Paşanın adyutantı da repressiya qurbanı olub

Bu, pedaqoq və  publisist Əhməd Triniç idi

1918-ci ildə türklərin Gəncəyə gəlişi münasibəti ilə Nuri Paşa və onun ordusunun şərəfinə möhtəşəm bir görüş təşkil edilir. Bu görüşün təşkilatçısı Əhməd Triniç idi. O zaman Ə.Triniç xalqa üzünü tutaraq deyir:  “Bax çoxdan gözlədiyimiz Nuru Paşa gəldi, artıq müsəlmanları qoruyan gəlib çıxdı…”  Bu görüşdən sonra o, Nuri Paşanın adyutantı olur. Indi söhbət açılacaq mövzu da Stalin repressiyasının qurbanlarından biri, pedaqoq, publisist Əhməd Triniç haqqındadır. Triniç Əhməd Rəcəb oğlu 1893-cü ildə Albaniyanın Üsküp şəhərində anadan olmuşdur. 1912-ci ildə Balkan müharibəsi zamanı ailəsi ilə birlikdə Türkiyəyə gəlmişdir. Burada qaçqın kimi dövlət hesabına litseyə daxil olmuşdur. Litseyi bitirdikdən sonra hərbi xidmətə göndərilmiş, Dardanel cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1916-cı ilin avqustunda Əhməd Triniç rus ordusuna əsir düşmüş, əvvəlcə Tiflisə, sonra isə Kostroma quberniyasının Narıxta şəhərinə göndərilmişdir. 1917-ci ildə Oktyabr inqilabından sonra Əhməd Triniç Türkiyəyə qayıtmaq ümidi ilə Narıxta şəhərindən Bakıya gəlmişdir. Lakin ona vətənə qayıtmağa icazə verilməmişdir. Ə.Triniç məcburiyyətdən Bakıda qalmış, Türkiyə türkçəsindən evlərdə dərs deməklə çörək pulu qazanmışdır. 1918-ci ildə mart hadisələri zamanı Ismailiyyə binasında keçirilmiş mitinqdə çıxış etmişdir.

Bakıya qayıdan Triniç “Ittihad” qəzetində fəaliyyətə başlayır. 1920-ci il aprel inqilabınadək “Azərbaycan füqarası” qəzetində çalışır. Sonralar bu qəzet “Kommunist” adı ilə nəşr edilmiş və Əhməd Triniç onun redaktoru olmuşdur. Əhməd Triniç 1919-cu ildə “Ittihad” partiyasına daxil olmuşdur. Bu zaman onun 26 yaşı vardı. Bir il əvvəl onu ölümün pəncəsindən almış Əli bəy Zizikski isə 39 yaşında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı idi. 1919-cu il fevral ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin mühafizə dəstəsinin yaradılması barədə qanun qəbul edildikdən sonra, “Ittihad” partiyasının üzvü, Əhməd Triniç də 200 nəfərlik mühafizə dəstəsinin tərkibində olmaq üçün parlamentə müraciət etmişdir. Arxivdə bu məktubun Azərbaycan türkcəsindən tərcüməsi saxlanılır.

“Azərbaycan parlamentinin sədrinə. Zati-aliləri, möhtərəm əfəndi! Mən türk ordusu zabitlərindən biriyəm. 1333-cü ildə (hicri təqvimi ilə) əsirlikdən qurtularaq Bakıya gəlmişəm. Bakı Milli Şurasının razılığı ilə müsəlman hərbi məktəbə müəllim təyin olunmuşam. Məhzun mart faciələrindən sonra Xırdalanda və Buzovnada gedən döyüşlərdə iştirak etmişəm. Qubada könüllülərdən ibarət dəstə yaradaraq, türk qoşunlarının Zaqafqaziyaya daxil olmasınadək bolşeviklərə qarşı mübarizə aparmışam. Türk ordusu Azərbaycanda olanda isə rəsmi olaraq Quba qoşun hissələri rəisi təyin edilmişəm. Quba bolşevikləri bütün hərbi qüvvələri ilə birlikdə əsir alındıqdan və Biçeraxovun dəstələrinə bir neçə hücumdan sonra Quba qəzası, bütün Azərbaycan torpağı tamamilə düşmənlərdən təmizləndi. Mən vəzifəcə irəli çəkilərək, Qubada hərbi nümayəndə və komendant təyin olundum. Batumda digər ordu hissələri ilə birlikdə bizim hissəmiz də tərxis edildi və mən döyüş yoldaşlarımla ordudan buraxıldım. Qafqazlı qardaşlarım tərəfindən olduqca səmimi qarşılandığımı nəzərə alaraq, yenidən Bakıya qayıtmaq qərarına gəldim. Parlamentdən mühafizə dəstəsinin yaradılması barədə qəzetlərdən oxuyub xəbər tutdum və Sizdən xahiş edirəm ki, həmin dəstənin təşkil olunmasını mənə həvalə edəsiniz. Qubanın sabiq komendantı Əhməd Bədi”.

Onu təqib edən erməni nifrəti

1927-ci ilin sentyabrında S.M.Kirovdan sonra Azərbaycana təyin olunmuş daşnak rəhbəri Levon Mirzoyan Əhməd Triniçin qəsdinə durmuşdu. 1927-ci il sentyabr ayının 19-da Azərbaycan KBP Rəyasət Heyətinin qərarı ilə “Kommunist” qəzetinin redaktoru Əhməd Triniçin məzuniyyət müddəti oktyabr ayının 15-dək heç bir əsas olmadan uzadılmış, qəzetin redaktorluğu Əliheydər Qarayevə həvalə edilmişdi. 1928-ci ildə yenidən öz vəzifəsində fəaliyyətə başlayan tanınmış ziyalını Almaniyaya, Köln şəhərində keçiriləcək mətbuat sərgisinə rəsmi dəvət etmişlər. Levon Mirzoyan Mərkəzi Komitənin Rəyasət Heyətinin 1928-ci il 10 may tarixli qərarı ilə Ə.Triniçin Almaniyaya səfər etməsini məqsədəuyğun hesab etməmişdir. 1933-cü ilin fevralında Gikalovdan və Polonskidən sonra Azərbaycana göndərilən rəhbər daşnak Ruben də 1918-ci ildə Quba qəzasında daşnakları “əsir almış” Əhməd Triniçi qaralamışdı. Mərkəzi Komitənin qərarı ilə Əhməd Triniçin işini araşdırmaq üzrə  komissiya  yaradılmışdı. Əhməd Triniç həmin dövrdə Azərbaycan Türk Dram Teatrının direktoru vəzifəsində çalışırdı. 1933-cü il dekabrın 10-da M.C.Bağırov Azərbaycan KP MK katibi seçilmiş və beləliklə də, daşnaklar türk zabiti Əhməd Triniçdən intiqam ala bilməmişlər. Əhməd Triniçin “Kommunist” qəzetinin 1933-cü il 24 aprel tarixli sayında “Teatromuzun vəzifələri və gələcək inkişaf yolları” məqaləsi dərc olunmuşdur.

1936-cı ilin aprelində daxili işlər orqanları rəhbərləri Moskvadan Ittifaq komissarı Yejevun operativ məxfi əmrini aldılar. Həmin əmrə görə, antisovet partiyaların üzvləri (eserlər, gürcü menşevikləri, müsavatçılar, ittihadçılar, daşnaklar və s.) “üçlük” tərəfindən işlərinə baxılan kimi güllələnməlidirlər. Əhməd Triniç 1936-cı il aprelin 19-da həbs olundu. 19 aprel 1936-cı ildə Tevosyanın hazırladığı qərarda göstərilir ki, vətəndaş müharibəsi zamanı əksinqilabi fəaliyyəti, türk ordusunun zabiti olduğuna və sair əməllərinə görə Triniç Əhməd Bədi DTK tərəfindən həbs etmək üçün saxlanılsın.

Imza qoyanlar: Tevosyan, May, Avanesyan

Sənədlərdən məlum olur ki, Əhməd Triniçin əsas günahı bütün türk dünyasının qatı düşməni, 1918-ci ildən indiyə qədər torpaqlarımızı zəbt edən, xalqımıza olmazın işgəncələr verən, ona qarşı uzun zaman genosid siyasəti yürüdən, dünyada bir nömrəli terrorçu xalq kimi tanınan erməni millətçilərini, onların ən yaxın havadarı olan bolşevikləri məhv etməsi, “Müsavat” partyasının üzvü olması, Türkiyə xalqının böyük sərkərdəsi, Azərbaycan xalqının xilaskarı Nuru Paşaya rəğbət bəsləməsi, həmçinin şəxsi yavəri olması, nəhayət M.Ə.Rəsulzadənin ona verdiyi dəstək olmuşdu…

Özü işgəncədən öldü, bacısını güllələdilər

Qeyd etmək lazımdır ki, Əhməd Triniç həbs olunandan sonra 14 dəfə dindirilib. Onun haqqında 37 nəfərdən ifadə alınıb.

Xalq artisti Kazım Ziyanın 13 noyabr 1935-ildə verdiyi ifadədən məlum olur ki, o, Ə.Triniç tərəfindən vəhşilik, öldürmə görməmiş və xatırlamadığını qeyd edir. Yalnız 1918-ci ilin mart hadisələrində o, həyətinin darvazasında dayanmışdı. Bu zaman Əhməd Triniç əlində mauzer xalqa müraciət edərək deyirdi: “Qorxmayın qardaşlar, türk ordusu artıq gəlir.” O, sonralar Ə.Triniçi Müsavat hökuməti dövründə Bakıda Yardım Alayı zabiti formasında gördüyünü də qeyd edir. 10 sentyabr 1936-cı ildə Ə.Triniçlə bir yerdə kamerada qalmış Əmrəli Məmməd oğlu Dəmirovun istintaq ifadəsindən:

Müstəntiq: – Əhməd Triniç sizə öz işi haqqında nə danışırdı? 
Cavab: – Əhməd Triniç danışırdı ki, onu Azərbaycanda sovetləşmə dövründə xeyli erməni və bir kommunisti qətlə yetirməkdə günahlandırırlar. Müttəhim həmçinin sözünə davam edərək qeyd edirdi ki, Ə.Triniç 1918-ci ildə onu da həbs etdirmək istəyib. Lakin biləndə ki, mən bolşevikəm, ona görə də həbs etməyib. Müstəntiq bu hadisəni Ə.Triniçə xatırladanda o belə cavab vermişdi:

– Bu 1918-ci il yox, 1919-cu il olub. Əgər o mənə desəydi ki, bolşevikdir, mən onun dilini boğazından çıxardardım.Oyuncaq məhkəməni dinləmək, ona verilən hökmü eşitmək Əhməd Triniçə qismət olmadı. Şair Hacıkərim Sanılı kimi Ə.Triniç də istintaq zamanı ona verilən işgəncələrə dözməyərək dünyasını dəyişdi…

Əhməd Triniçin müəmmalı ölümündən sonra onun kiçik bacısı, 1903-cü ildə anadan olmuş Nemət Kamal Azərbaycan XDIK tərəfindən 23 iyul 1937-ci il qərarına əsasən saxlanılır və SSRI Ali Məhkəməsinin Hərbi kollegiyasının 7 yanvar qərarına müvafiq olaraq Azərbaycan SSR cinayət məcəlləsinin 63-1,70 və 73-cü maddələri ilə güllələnməyə məhkum olunur.

Qardaşından fərqli olaraq, Nemət Kamal qızı Məlikovaya 15 mart 1958-ci il tarixdə SSRI Ali Məhkəmənin Hərbi Kollegiyasının qərarına əsasən bəraət verilir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər QrupuKIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir