“Mübariz Ibrahimov bir Azərbaycan gəncinin nəyə qədir ola bildiyini işğalçı Ermənistana sübut elədi. Amma Ramil Səfərov haqqında bunu demək olmaz. Valideynlərinə hörmətim var, lakin Ramil Səfərovun addımını qəbul etmirəm. Mübariz Ibrahimovun göstərdiyi şücaət, igidlik, qəhrəmanlıqdır. Ramil Səfərovun etdiyi isə ”qəhrəmanlıq”dır”.
Bunu, politoloq Cümşüd Nuriyev “Bizim Yol” qəzetinə müsahibəsində deyib. C.Nuriyev R.Səfərovu millətimizə xas olmayan davranışda günahlandırıb: “Xalqımız heç bir zaman yatan adamı vurmayıb. Hətta düşmənin qucağında uşaq və ya yanında qadın görəndə onu həmin vaxt öldürməyib. Ramil çox bacarıqlı gənc idi, təəssüflər olsun ki, hisslərinin qurbanına çevrildi. Bu hiss onu kor elədi və nə ona, nə də xalqa başucalığı gətirdi. Bir gənc olaraq ona həm hörmətim var, həm də yazığım gəlir. O, atdığı addımla öz həyatını məhv elədi, eləcə də, onu sevənləri çətin duruma saldı”.
Sahib Səfərov: «Yazıqlar o adama olsun ki, erməninin ayağının altına daş qoyur»
Açıqlamaya münasibət bildirən Ramil Səfərovun atası Sahib Səfərov isə Cümşüd Nuriyevi ermənilərin mövqeyini müdafiə etməkdə ittiham edib: “Cümşüd Nuriyev yaxşı siyasətçidirsə, əvvəlcə hadisənin necə törədildiyini araşdırardı. Sonra deyərdi ki, Ramil onu yatdığı yerdə öldürüb, ya yatmadığı yerdə. Ikincisi də, Ramil yazıq insan deyil. Azərbaycanın namusunu, qeyrətini çəkən bir insandır. Elə bunun da qurbanı oldu. Cümşüd Nuriyev ermənilərin yazdıqlarına əsasən şərh verməkdənsə, gedib Ramilin məhkəməsində iştirak edərdi. Və ya vəkillərin rəylərini öyrənərdi ki, məhkəmənin gedişində bir dəfə də olsun Ramilin ermənini yatan yerdə öldürməsi barədə epizod getməyib. Yazıqlar elə adamlara olsun ki, erməninin ayağının altına daş qoyur”.
Mehriban Vəzir: «Ramili mühakimə etməyə heç bir mənəvi haqqımız yoxdur»

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir isə Cümşüd Nuriyevin müqayisəsini olduqca qüsurlu sayır: “Ilk növbədə Mübarizlə Ramili müqayisə etmək düzgün deyil. Birincisi, mühit, şərait müxtəlifdir. Ikincisi, burada isti otağımızda, rahat yerimizdə oturub böyük gərginliklər, böyük psixoloji sıxıntılar yaşayan insanlar haqqında mühakimə yürütmək qətiyyən doğru deyil. Ramilin vəziyyətinə düşən bir soydaşımızı, övladımızı mühakimə etməyə heç bir mənəvi haqqımız yoxdur. Onun şəraiti, vəziyyəti, keçmişi – itirdiyi insanlar, yaxınları, dostları, yurdu nəzərə alınmalıdır. Bunlar hamısı bu işin zəminidir. Hələ atasının dediyi kimi, işin içində başqa məqamlar var ki, Ramil ermənini yatarkən öldürməyib. Demək, bu işlə bağlı bilmədiyimiz çox şeylər var. Bilmədiyimiz şeylər haqqında danışmaq isə heç düzgün deyil”.
M.Vəzir hesab edir ki, Ramil Səfərovun vəziyyətində olan insanları mühakimə etmək yox, anlamaq lazımdır: “Ramilin hərəkətinin millətə başucalığı gətirməməsinə gəlincə, bununla da qətiyyən razı deyiləm. Hər şeyə bir don geyindirmək olmaz. Cümşüd bəy Ramilin psixoloji durumuna anlayışla yanaşmalıdır. Hansısa müstəvidən yanaşanda Ramilin hərəkətləri kiminsə xoşuna gəlməyə bilər. Amma bu gün dünyanın harasında olmasından asılı olmayaraq azərbaycanlılar onu müdafiə etməli, onun Azərbaycana gətirilməsi üçün çalışmalıdırlar”.
Gültəkin



