Azərbaycan Türkiyənin yanında olmalıdır

Vəfa Quluzadə: «Israil bunu yaxşı başa düşməli və iki ölkəni bir-birinə qarşı qoymamalıdır»

Türkiyə ilə Israilinin münasibətlərinin kəskinləşdiyi bir dövrdə Azərbaycanın hansı mövqeni tutacağı hələ bəlli deyil. Lakin “Wikileaks”ın açıqladığı sənədlərdə Ilham Əliyevin ABŞ diplomatları ilə görüş zamanı Israil-Türkiyə münasbətlərinə dair səsləndirdiyi fikirlər də yer alıb.
Məlum olub ki, ölkə başçısı Azərbaycanın strateji müttəfiqi, bütün prinsipial məsələlərdə ölkəmizin yanında olan Türkiyənin deyil, Israilin mövqeyini haqlı sayır. O, hətta Türkiyəyə görə Israillə münasibətləri korlamayacağını da vurğulayıb. Bu günlərdə Israilin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem Israil-Türkiyə münasibətlərindəki mövcud gərginliyin Israil-Azərbaycan əlaqələrinə mümkün təsiri barədə danışıb. Səfir iki ölkə arasında münasibətlərin ortaq maraq və hədəflərə söykəndiyini bildirib. O, həmçinin bu münasibətlərin üçüncü tərəfin maraqlarının predmeti olmayacağını deyib. Şübhəsiz ki, burda üçüncü ölkə deyəndə Türkiyə nəzərdə tutulur. Bəs Azərbaycanın bu məsələyə mövqeyi necə olmalıdır?
Politoloq Vəfa Quluzadənin fikrincə, Azərbaycan Türkiyə ilə bir mövqedə dayanmalıdır. Çünki iki ölkə bir-biri ilə strateji müttəfiqdir və Türkiyə də Qarabağ məsələsində Azərbaycanla bir mövqedə dayanır.
Ekspertin sözlərinə görə, Azərbaycan Türkiyə ilə bir mövqedə dayanmasa, onda Türkiyə də bizimlə Qarabağ məsələsində bir mövqedə dayanmaya bilər, Ermənistanla sərhədləri aça bilər: “Israil səfiri öz maraqlarından çıxış edir. O istəyir ki, Azərbaycan Türkiyə ilə bir mövqedə olmasın, Israilin tərəfində olsun. Amma bizim milli maraqlar baxımından yaxşı olardı Israillə də, Türkiyə ilə də əlaqələrimiz əla olsun. Ancaq Türkiyə ilə əlaqələr bizim üçün strateji əhəmiyyət daşıyır”.
Ekspertin sözlərinə görə, Israil bunu yaxşı başa düşməli və iki ölkəni bir-birinə qarşı qoymamalıdır.

Fizzə