Azadlığa akademik “yanaşma”

«Əgər çox azadlıq verilərsə, vəziyyət nəzarətdən çıxar, xaos yaranar» (R.Mehdiyev, PA rəhbəri)

«Canavar və quzunun azadlıq haqda fərqli düşüncələri, cəmiyyətdəki fikir ayrılığının mahiyyətini təşkil edir»
(Avraam Linkoln)

…Çətin də olsa bir anlığa təsəvvür edək ki, avtobuslar ancaq dayanacaqlarda dayanır, orta məktəblərdə valideynlərdən rüşvət alınmır, “JEK”lərdə arayış üçün pul istəmirlər, yeni binalara tükənməz sərvətimiz olan qaz verilir, AFFA prezidenti futbol və Foqts sözünü düzgün tələffüz edə bilir.., kifayətdir, dərinə getməyək…

Indi isə sual olunur, “çay qaşığında” verilən bu azadlıqlar cəmiyyətdə xaosa gətirib çıxara bilərmi? Adını yaza bilməyən savadsız da deyər ki, yox, əksinə bu, hökumətə olan inamı artırar. Amma nə edək ki, hörmətli akademikimiz hələ bizim (yoxsa özlərinin?) buna “hazır” olmadığımız qənaətindədir. Yəni xalqın azadlığını o qədər məhdudlaşdırmışıq ki, elementar haqlar verilsə, ardını tələb edəcəklər. Bəs akademik Ramiz Mehdiyev bizi nəyə hazır bilmir, maraqlı sualdır, deyilmi?

Əslində məsələ Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki kefli Iskəndərin məhşur monoloqundakı ölənlərin “dirilməsi”nə (haqqı tapdanmışların) bənzəyir. 18 ildə haqqı tapdanmış millətin ən xırda haqqına sahib olma şansı vermək, iqtidar üçün vahiməli yuxuya bənzəyir. Gözəl başa düşürlər ki, korrupsiya maşınından bir vintin boşalması bu maşını yararsız hala salacaq.

…Siz 64 min 700 manat verib yeni tikilən binada mənzil alıb, təmirə başlamaq istəyirsiniz və gəlib görürsünüz ki, mənzil artıq “başqasınındır” (“Nur-AY” deyil – X.Ə). 5 dəfə Həccə getmiş, mənzili sizə satmış şəxsin işçisi sizə deyir ki, get əlindən gələni beş qaba çək, doğrudanmı, onun  haradan və kimin qardaşı olduğunu bilmirsən, yoxsa özünü bilməməzliyə vurursan?.. Atmışıq, belə əcəb eləmişik… Cənab akademik, bu binəvaya azadlıq verməmişdən öncə, onun halal mənzilini qaytarmaq lazımdır. Bu onun doğal haqqıdır, illərlə işləyib, borc xərc edib, nəhayət özünə ev alıb. Bu insan üçün ən böyük azadlıq mənzilinə qovuşmaqdır, hətta bu şad xəbəri ona çatdırmaq üçün təcili yardım maşını ilə getmək lazımdır ki, sevincdən ürəyi gedəndə kömək göstərilsin, siz isə deyirsiniz ki, bu zavallı “qudurub”, xaos yaradacaq…

…Bakıda hazırda süni “tıxac” böhranı yaradılıb. Hətta adi günlərdə belə tıxacdan uzaq “Şamaxinka”da bu bazar günündəki görünməmiş tıxacı əhali belə şərh edirdi: “Dövlət Yol Polisində ixtisarlar gözlənildiyindən, özləri qəsdən tıxaca şərait yaradırlar”. Burada akademikə cüzi də olsa “haqq”(?) qazandırmaq olar, amma bunu xaossuz-filansız həll etmək olar. Bu cür xırda dərəbəylik faciə deyil, öhdəsindən gəlmək və dözmək olar, təki azadlıq olsun. Necə olur heç azadlıq və demokratiyanı məhdudlaşdıranda etiraz edənləri “zərərsizləşdirirsiniz”, əksinə millətin qanuni haqqının bir damlasın verəndə “ara qarışacağından ehtiyat edirsiniz?”… Əslində məsələ bir az başqa cürdür.

Iqtidardakılar sadəcə xalqın daha “irəliyə gedəcəyindən” və daha çox azadlıq istəyəcəyindən qorxurlar. Lakin bu qaçılmazdır, müxalifət sıraları gündən-günə artır və hər keçən gün azadlıq və demokratiya, insanların tapdanmış hüquqlarının bərpası tələbi, daha geniş sahələri əhatə edəcək. Bu gün iqtidar üçün “qorxulu” sayıla biləcək şərtləri sabah xalq qəbul etməyəcək, məqsədinə nail olmaq üçün iradəsini ortaya qoyacaq.

Bu gün bütün dünya azadlıq və demokratiyaya doğru irəliləyir, bu, qlobal bir prosesdir, kənara çəkilmək şansını hətta Rusiyaya belə tanımırlar. Hələ gec deyil…