Azad iqtisadiyyat olmadığı üçün imkanlı şəxslər biznesini Rusiyada qurur; icra başçısı özəlləşməni köhnə illərlə aparır; Heydər Əliyev muzeyi büdcədən ayrılan pulla deyil, camaatın hesabına tikilib…
Mətbuatımızın banisinin yazıb-yaratdığı rayondan reportaj
Zərdab rayonu ilk baxışda adamda pis təsir bağışlamır. Elə zənn edirsən ki, burada hüquq elmi yetərincə inkişaf edib. Insanlar öz hüquqlarını bilir, dövlət qulluğunda çalışanlar da hər kəsə hörmətlə yanaşır. Ancaq işin dərinliyinə varanda görürsən ki, sən demə, elə deyilmiş. Yəni ölkəmizə xas olan, adət-ənənə halını almış özbaşınalıqlar burada da hökmranlıq etməkdədir. Icra hakimiyyəti bir tərəfdən, bələdiyyə başqa tərəfdən, yerdə qalan dövlət qurumları da o yandan öz işini görməkdədir. Bir sözlə, qara camaatın işinə mane olmağa çalışırlar.
Mətbuata qayğı
Əslində Zərdaba başqa bir informasiyanı dəqiqləşdirmək üçün getmişdim. Rayonda gördüklərim məcbur etdi ki, Zərdabdan, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yurdundan da yazım.
Rayonun mərkəzində “Əkinçi” qəzetinin yaradıcısının iki heykəli var. Daha dəqiqi, bir büst, bir heykəl. Büst olan ərazidə Zərdabinin ev muzeyi yerləşir. Saat təxminən 11 radələrində həmin muzeyin yan-yörəsində hərlənsəm də, oranın qapısını hey qıfıllı gördüm. Rayon sakinlərdən birinə yaxınlaşıb nə vaxt açılacağını soruşdum. Dediklərindən belə məlum oldu ki, muzeyin qapısı çox nadir hallarda açılır.
H.Zərdabinin ikinci heykəli muzeyindən azca aralıda – Mədəniyyət Evinin qarşısındadır. Mədəniyyət Evi həm də istirahət parkı kimi fəaliyyət göstərir. Daha doğrusu, göstərirdi. Böyük bir ərazi bir neçə yerə bölünərək obyekt tikintisi üçün istifadə edilib. Məsələn, həmin parkda Şahmat Klubu ilə yanaşı, Sosial Müafiə Fondunun yerli şöbəsi, bank fəaliyyət göstərir. Söhbətləşdiyim şəxslər deyir ki, pərən-pərən olan park əvvəllər Zərdabinin bağ evi olub: “Ilin müəyyən vaxtı gəlib bu parkda – bağ evində yazıb-yaradırmış”. Bir sözlə, Azərbaycan mətbuatına hörmət yaradıcısı sayılan şəxsə olan “qayğı”dan görünür.
Ümumiyyətlə, rayonda boş qalan sahələri zəbt eləmək artıq adət halını alıb. Kimin yuxarılarla ilişgisi varsa, o an boş sahələrə göz dikməyə başlayır. Məsələn, Mədəniyyət Evi ilə üzbəüz olan yerdə uşaq parkı tikilməli imiş. Ancaq uşaqlar üçün fontandan başqa orada heç nə quraşdırılmayıb. Əksinə ərazinin qalan hissəsi satılaraq hotel, çayxana, supermarketlərlə əvəzlənib. Sakinlərin haqlı etirazlarından sonra şəhər icra nüməyəndəliyi burada UNICEF-in loqosu olan böyük bir lövhə asıb ki, nə vaxtsa orada uşaq parkı yaradacaqlar. Həmin vaxtsa neçə ildir gəlib çatmır, lap Lazım kimi…
Heydər Əliyev muzeyi və Kür qaçqınları…
Rayonun mərkəzi hissəsində qeyd-şərtsiz Heydər Əliyev prospekti yerləşir. Həmin prospektin də tən ortasında hündür bir tikili var. Heç bir şey soruşmadan o dəqiqə anladım ki, orada Heydər Əliyev adına ya muzeydi, ya da mərkəz…
Bəli, düz tapmışdım. Heydər Əliyev muzeyi imiş. Sakinlərdən öyrəndim ki, rayonun əvvəllər muzeyi varmış. Sadəcə balaca olduğundan məsləhət görülüb ki, yenidən tikilsin. Məlumatlara görə, muzeyin tikintisinə dövlət büdcəsindən 3 milyon manat pul da ayrılıb. Deyəsən, bu məbləğ muzeyin ərsəyə gəlməsi üçün, daha doğrusu məmurların iştahına kifayət etməyib. Əgər belə olmasaydı dövlət işində çalışanların maaşlarından aylıq ən azı 20 manat haqq tutulmazdı. Deməli, muzey daxili imkanlar, rayon camaatının vəsaiti (zorla alınan) hesabına ərsəyə gəlib. Bəs onda tikinti üçün ayrılan 3 milyonun aqibəti necə olub?
Bundan əlavə, Zərdab şəhərinin Icra nümayəndəsi Hafiz Kərimov muzeyin ətrafında bütün obyektləri ələ keçirib.
Muzey üçün pul həmçinin Kür daşqınlarından zərər çəkmiş şəxslərə kompensasiya veriləndə də yığılıb. Sakinlərin iddiasına görə, verilən kompensasiyaların 50 faizi onlardan alınıb. Yəni, zərdablılara bir qapıda pul verirlərmiş, o biri qapıdan onun yarısını alırlarmış.
Rayon camaatı onu da qeyd edir ki, heç də Kürdən əziyyət çəkənlərin hamısı kompensasiya ala bilməyib: “Kimin qohumu icra hakimiyyətində, bələdiyyədə işləyirsə, onlara pul paylanılıb. Pul alanların içərisində elə adamlar var ki, onun, ümumiyyətlə, rayonda nə evi, nə də torpaq sahəsi var. Yaxşı adamı olduğu üçün pul ala bilib. Əksər insanların evləri çat verib, ağacları quruyub. Onların qeydinə qalan yoxdur”.
Kürün fəsadlarından evləri yararsız hala düşənlər üçün rayonun lap girişində bir neçə otaqlı onlarla ev tikilib. Aylardır tikinti işləri başa çatsa da, heç kəsə o evlərdə məskunlaşmaq qismət olmayıb.
Yaşıllığın qənimi
Rayon nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasındadır. Icra hakimiyyətinin başçısı Lütfəli Babayevdir. Bir neçə il öncə Göyçayın indiki icra başçısı Mənsur Məmmədovun yerinə Mingəçevirdən təyin edilib.
Babayev rayona icra başçısı təyin olunan gündən mərkəzdə boş qalan sahələri bələdiyyənin əli ilə imkanlı şəxslərə satıb. Bizə bələdçilik edən şəxsin dediyinə görə, bütün sənədlər onun icra başçısı təyin olunduğu gündən əvvəlki tarixlərə yazılıb. Yəni, sabah icra başçısı üçün problem yarananda sənədləri sübut kimi ondan əvvəl satıldığı kimi təqdim etsin. Məntiqlə belə çıxır ki, Ziya Məmmədovun nəzarətində olan bir başçı nazirin tapşırıqlarını yetirən başqa başçıya badalaq vurur. Bunlara baxmayaraq alış-veriş indiki bazar qiymətlərinə uyğun aparılır.
Icra başçısı rayonda həm də “yaşıllıqların qənimi” kimi ad çaxarıb. Elə 2010-cu il “Ekologiya ili”ndə o, təkcə şəhərdə 780 ağac kəsdirib. Bələdçinin sözlərinə görə, başçı kəsilən ağacların bir hissəsini doğratdıraraq rayondakı məktəb və bağçalara satıb. Bu yolla da büdcədən həmin sahəyə ayrılmış 100 min manatdan çox vəsaiti ələ keçirib: “Yerdə qalan kəsilmiş ağaclar başçının Mingəçevirdəki Yuxarı Qarabağ kanalının sahilində yerləşən fermasına daşınıb. Son zamanlar rayonda heç bir yaşıllaşdırma işi aparılmır. Bununla belə Babayev şəhərin küçə və parklarında 10 min ağacın əkildiyini elan edib”. Bu il nə qədər ağac məhv ediləcəyi isə, sakinlərin sözlərinə görə, başçının insafından asılı olacaq.
Zibilli fabrik
Rayonda əhaliyə göstərilən xidmətin səviyyəsi olduqca aşağıdır. Idarə, müəssisə və təşkilatlar iflic vəziyyətə salınıb. Rayonun mərkəzindən azca aralı yerlər zibil içində itib-batır. Köhnə Ipək kombinatı olan ərazidə üfunətdən tərpənmək olmur. Sovetin yadigarı olan bu zavodun sonuncu dəfə AXC hakimiyyəti dövründə işlədiyi qeyd edilir. Əliyevlərin ölkəyə hökmranlığından sonra yalnız divarları, bir də isinmək üçün keyfiyyətli odun olacaq damı qalıb. Görəsən, bütün boş yerləri satan icra hakimiyyəti nə əcəb buranı satmaq eşqinə düşməyib? Bu sualla müraciət etdiyim şəxslər bildirdilər ki, iki il öncə buranı bir biznesmen almaq istəyirmiş: “Əslən Zərdabdan olan imkanlı şəxs köhnə fabrikin yerində qəşəng tərtibatda yeni irək fabriki açmaq istəyirmiş. Ancaq ona elə qiymət oxudular ki, yazıq bir illik qazancını belə versəydi, deyilən məbləğə yetməyəcəkdi. Odur ki, buna razı olmayıb, yenidən Rusiyaya qayıtmalı oldu”.
***
Zərdabda yaşayanlardan çox eşidərsən ki, filankəsin oğlanları Rusiyada geniş bizneslə məşğuldur. Ancaq o filankəsin oğlanları dədə-baba yurdlarına dönəndə azad iqtisadiyyat görmədikləri üçün geri qayıtmalı olurlar. Çünki onlara vətəndən də yaxşı qonşu ölkə qucaq açıb. Ziya Məmmədovun kadrları sayəsində…
Ramin DEKO,
Bakı-Zərdab-Bakı



