Siyasi məhbuslar prosesin vəkilsiz davamını tələb etsə də hakim məhkəməni təxirə saldı
Səbail Rayon Məhkəməsində ötən gün hakim Famil Nəsibovun sədrliyi ilə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli, Müsavat Partiyasının Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı və Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının işi üzrə məhkəmə iclası davam etdirildi.
Proses səhər saat 10.30-a təyin olunsa da, təyin olunmuş vaxtdan 2 saat sonra başladı. Hakim zala daxil olduqdan sonra bildirdi ki, T.Abbaslının iki vəkili – Anar Qasımlı və Səyyarə Heydərova prosesdə iştirak etmir. Hakim belə olan halda prosesin təxirə salınmasını təklif etdi. Lakin T.Abbaslı vəkilinin iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz etmədi. Hakim isə qeyd etdi ki, müdafiəçilərin iştirakı olmadan prosesin davam etdirilməsi mümkün deyil. A.Hacılı bildirdi ki, vəkillərin iştirakı olmadan da proses davam etdirilə bilər: “Biz bununla bağlı ötən məhkəmə iclaslarından birində məsələ qaldırmışdıq. Vəkillərimiz olmadığı halda biz özümüz-özümüzü müdafiə edə bilərik. Buna görə də məhkəmənin təxirə salınmasına əsas yoxdur”.
Hakim isə bildirdi ki, müdafiəçilərin iştirakı olmadan məhkəmənin davam etdirilməsi mümkün deyil. Məhkəmədə T.Abbaslının vəkillərinin iştirak etməsi üçün hakim prosesi günün ikinci yarsına, saat 15.00-a təyin etdi. Günün ikinci yarsında da məhkəmə təyin olunmuş vaxtdan yarım saat gec başlasa da, yenə də vəkillərin iştirak etmədiyi məlum oldu. Hakim bu halda məhkəmənin davam etdirilməsinin mümkün olmadığını bildirdi. T.Abbaslı yenə də məhkəmənin təxirə salınmasına etiraz etdi. O vurğuladı ki, vəkillərindən imtina edir və məhkəmə davam etdirilsin. Vəkillərdən imtinanın qəbul olunduğunu deyən hakim məhkəmə iclasını sentyabrın 14-nə təxirə saldı.
Məhbəsdə ad günü
Xatırladaq ki, bu gün Tural Abbaslının doğum günüdür. Məhkəmə önünə toplaşanlar ad gününü əllərində Turalın şəkillərini tutmaqla, “Turala azadlıq” və başqa şüarlar səsləndirməklə qeyd ediblər. Müsavatçı gənc məhbusun anası Başxanım Abbasova “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, ad günüylə bağlı hakimə müraciət edib görüş alıblar: “Sentyabrın 13-də iki qardaşı və mən onun görüşünə gedəcəyik. Ona həm tort, həm də sevdiyi xörək olan badımcan dolması aparacam”. “Azadlıq” əməkdaşının tədbiri evdə davam etdirib-etdirməməklə bağlı sualına cavabında Turalın anası deyib ki, belə plan yoxdur: “Yox, belə planımız yoxdur. Nə olsa, onun yanında olacaq. Evdə heç bir şey olmayacaq. Bizim evimizi uçurdublar…”.
Natiq