“Siz kimsiniz Vasif Talıbovdan hesab sorasınız?”

Jurnalistlər və hüquq müdafiəçiləri Naxçıvandan qovuldu

DIN-in idarə rəisi Bakıdan gələn nümayəndə heyətindən Naxçıvanı tərk etməyi tələb edib

Dünən 20-yə yaxın jurnalist və hüquq müdafiəçisi Naxçıvana səfər edib. Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun təşkilatçılığı ilə keçirilən səfər Norveç Xarici Işlər Nazirliyinin dəstəyi ilə reallaşıb. Bir günlük səfərin məqsədi muxtar respublikada insan hüquqlarının vəziyyəti ilə tanışlıq olub. Nümayəndə heyətinə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Arzu Abdullayeva, Anar Məmmədli, Cəsur Sümərinli, vəkil Əsabəli Mustafayev, jurnalistlər Mehman Əliyev, Şahvələd Çobanoğlu, Asif Mərzili, Emin Hüseynov, Zabil Müqabiloğlu, Habil Vəliyev, Nurəddin Abbaslı, Əvəz Zeynallı, Əfqan Muxtarlı, Idrak Abbasov, Nemət Hüseynli, Seymur Kazımov, Ülkər Akifqızı və Elbrus Ərud daxildir.

Naxçıvan MTN-i jurnalistləri qəbul etməyib

Günorta saatlarında nümayəndə heyəti Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsində olub. Onlar bir müddət öncə Naxçıvan MTN-nin təcridxanasında ölmüş Turac Zeynalovun taleyi barədə araşdırma aparmaq istəyiblər. Lakin MTN rəhbərliyi onlarla görüşdən imtina edib. Qurumun mətbuat xidmətinin əməkdaşları bildiriblər ki, rəhbərlik nümayəndə heyətini dialoq tərəfi kimi tanımır.

“Qafqazinfo”nun baş direktoru Elbrus Ərudun verdiyi məlumata görə, MTN-in mətbuat xidmətinin rəhbəri jurnalistlərə hadisə ilə bağlı hər hansı informasiya verməkdən imtina edib. Bunun səbəbini isə “Qafqazinfo”da və “Yeni Müsavatda” Vasif Talıbova qarşı yazılmış yazı ilə əlaqələndirib. “Siz kimsiniz, Vasif Talıbovdan hesab sorasınız?” deyən mətbuat xidməti rəhbəri buna görə jurnalistlərə məlumat verilməyəcəyini bildirib.
Bundan sonra hüquq müdafiəçiləri və jurnalistlər Naxçıvanın Ombudsmanı Ülkər Bayramova ilə görüşə cəhd ediblər. Lakin burada da onları qəbul edən olmayıb.

“Ümid edirik buranı sağ-salamat tərk edə biləcəyik”

“Ümid edirik buranı sağ-salamat tərk edə biləcəyik. Belə səfərlər Naxçıvanda buzu sındırır”. Bunu, vəkil Əsabəli Mustafayev “Media forum”a açıqlamasında deyib. Vəkil hesab edir ki, tam blokadada olanda, heç kim getmək istəməyəndə Naxçıvandakı məmurların ayağı yer alır: “Heç kimi ora buraxmaq istəmirlər, nəticədə vəziyyət ağırlaşır. Ancaq insanların səfərləri vəziyyətə təsir edir. Həm səfər edənlər Naxçıvana getməyin elə bir problem olmadığını görürlər, həm də yerli məmurlar belə səfərlərin, hüquq müdafiəçilərinin, jurnalistlərin araşdırma aparmalarının adi qayda olduğunu, insan hüquqlarına əməl olunmasının vacibliyini başa düşürlər”.

Vəkil Naxçıvanda fəaliyyət göstərən jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin Şərur Rayon Məhkəməsində keçirilən mühakəməsi barədə də məlumat verib: “Içəri girəndə məndən əl çantasını təhvil verməyi tələb etdilər. Vəkil olsam da, üst-başımı yoxladılar. Mən də buna əsəbiləşdim. Çünki bütün dünyada, o cümlədən Azərbaycanda məhkəmə zalına girən vəkilin üst-başını yoxlamaq qadağan olunub. Bunu nəzarətçilərin nəzərinə çatdırdım. Amma xeyri olmadı, dedilər, yoxlama aparmasaq, zala buraxmayacağıq. Çantanı əlimdən aldılar. Məhkəmə başlayanda hakimə irad tutdum ki, bəyəm Naxçıvanda başqa qanunlar işləyir? Hakim də cavab verdi ki, belə bir hal ola bilməz. Günün ikinci yarısında məhkəməyə gedəndə nə çantamı, telefonumu aldılar, nə də üst-başımı yoxladılar. Bir gündə dəyişikliyi gördük. Məlum oldu ki, Naxçıvanda vəkillərin də üst-başını axtarırmışlar”.

Turac Zeynalovun yaxınlarına təzyiq edilir

Ə.Mustafayev onu bildirib ki, həbsdə müəmmalı şəkildə dünyasını dəyişən Culfa sakini Turac Zeynalovun yaxınları ilə də görüşüblər: “De.dilər ki, hakimiyyət orqanlarının böyük təzyiqləri ilə üzləşiblər. Ona görə də şikayət verə bilmirlər, hüquq müdafiəçilərinin, jurnalistlərin bu işə qarışmasını istəmirlər”.
Dünən günün sonunda Şahvələd Çobanoğlu ilə əlaqə saxlayıb Naxçıvan səfərinin yekunları barədə məlumat öyrənməyə çalışdıq. Ş.Çobanoğlu Naxçıvanda gördükləri və eşitdiklərindən dəhşətə gəldiklərini bildirdi: “Ombudsmanla görüşmək istəyəndə işçilərdən biri qapıdan dedi ki, heç bir görüş olmayacaq. Dedik, qoy, özü desin ki, bizi qəbul edir ya yox. Bundan sonra görüşləri qruplar şəklində davam etdirdik. Mən və bir neçə nəfər parkda Naxçıvandakı fəallarla görüşürdük. Bu zaman polis bizə yaxınlaşıb dedi ki, DIN-in idarə rəisi ilə görüşməlisiniz. Təbii ki, bizi idarəyə aparmadılar. Parkın ətrafında idarə rəisi dedi ki, Ombudsman Aparatından onlara bizimlə bağlı şikayət olub. Guya biz ictimai qaydaları pozmuşuq. Rəis bizə xəbərdarlıq etdi ki, belə halın bir daha təkrarlanmaması üçün biz Naxçıvanı tərk etməliyik. Başa saldıq ki, biz ictimai qaydanı pozmamışıq, sadəcə görüş istəmişik. Üstəlik, bura bizim torpağımızdır, bu ölkənin vətəndaşı olaraq buranı tərk etmək anlayışı bizə aid ola bilməz. Qanunu pozsaq, məsuliyyət daşıya bilərik, amma bu cür xəbərdarlıq hüquqi deyil. O yenə də bildirdi ki, axırıncı dəfə xəbərdarlıq edir, biz Naxçıvanı tərk etməliyik”.

“Qorxu və xof rejimi adamı heyrətə gətirir”

Xəbərdarlığa baxmayaraq Ş.Çobanoğlu görüşləri davam etdirdiklərini deyir: “Başa düşdük ki, bütün bunlar bizim Naxçıvanda olmağımızdan yaranan gərginlikdir. Ictimai fəallara, hüquqları pozulan adamlara xəbərdarlıq olunub ki, bizimlə görüşməsinlər və heç bir şikayət etməsinlər. Bunu bizimlə görüşən adamlar özləri dedilər. Burada adamları az görmək olur, görəndə də danışmaqdan imtina edirlər. Söhbət etdiyimiz insanların danışıqlarından isə dəhşətə gəlmək olardı. Bu cür avtoritar, qapalı mühit, qorxu və xof rejimi adamı heyrətə gətirir. Təsəvvür edin ki, burada xüsusi qayda tətbiq olunub. Iki insanın bir yerdə oturmasına da nəzarət olunur. Adamlar elə şeylər danışır ki, təəccüblənməyə bilmirsən. Baxmayaraq ki, onların çoxunu mətbuatdan bilirik, nələr baş verdiyindən xəbərimiz var. Amma yenə də təəccüb edirsən. Insanlar çox aciz duruma salınıb, hüquqlarını müdafiə etmək iqtidarında deyillər. Onların əlində və qəlbində heç bir hey qalmayıb…”.