Məmurların İsveçrə banklarında 12 milyard pulu var

İsveçrə hesabların açılmasında problem görmür

Rahim Hacıyev: «Avtoritar rejim rəhbərlərinin xalqlarından oğurladıqları vəsaitləri aşkara çıxarmaq, terrorla daha effektiv mübarizə aparmaq üçün bu istiqamətdə çox ciddi addımlar atılır»

Amerika hökuməti Isveçrə banklarından vətəndaşlarının bank hesablarını açıqlamasını tələb edib. Qərb mətbuatının yaydığı məlumata görə, əks təqdirdə Vaşinqton məhkəmə vasitəsilə bankları buna məcbur edə bilər. Lakin Isveçrə Banklar Assossasiyasının rəhbərliyi məsələnin məhkəməsiz həllinin mümkün olduğunu deyib.
Isveçrə müştəriləri haqda məlumatların məxfi saxlanması baxımından ən etibarlı banklara malik olan ölkə kimi tanındığından uzun illərdir diktatorlar, eyni zamanda qanunsuz yollarla sərvət əldə edən digər şəxslər pullarını məhz orda saxlayır. ABŞ-ın belə bir tələblə çıxış etməsi heç də təsadüfi sayılmır. Xatırladaq ki, ərəb ölkələrində baş verən inqilablar zamanı devrilmiş diktatorların, Liviya diktatoru Qəzzafinin isə hələ hakimiyyətdə olduğu dövrdə hesabına həbs qoyuldu. Wikileaks saytının açıqladığı ifşaedici faktlardan sonra hakimiyyətdə olan diktatorların da hesablarına həbs qoyula biləcəyini ehtimalları var. Qeyd edək ki, Isveçrə banklarının Azərbaycandan olan kifayət qədər zəngin müştəriləri var. Bəzi məlumatlara görə, Isveçrə banklarında azərbaycanlı müştərilərin təxminən 12 milyard vəsaiti saxlanılır. Bəs ABŞ-ın son təşəbbüsü yaxın vaxtlarda digər ölkələri də əhatə edə bilərmi?
Siyasi ekspert Rahim Hacıyev bir ildən artıqdır ABŞ-ın bu istiqamətdə Isveçrəyə çox ciddi təyziqlər göstərdiyini deyir. Artıq müəyyən irəliləyişlər var. Bu isə daha böyük vəsaitlərin geri qaytarılması, vergiyə cəlb olunması üçündür.
Ekspert digər tərəfdən xeyli vaxtdır ABŞ-ın dünya miqyasında çirkli pulların yuyulmasının qarşısını almaq üçün səylər göstərdiyini qeyd etdi. O cümlədən avtoritar rejim rəhbərlərinin xalqlarından oğurladıqları vəsaitləri aşkara çıxarmaq, terrorla daha effektiv mübarizə aparmaq üçün bu istiqamətdə çox mühüm addımlar atılır. ABŞ-ın səyləri nəticəsində dünya birliyi bu istiqamətdə, əvvəlkindən çox fərqli siyasət aparır.
Ekspertin sözlərinə görə, ABŞ diktatorlarla yox, xalqlar işləmək strategiyası seçdiyindən avtoritar rejim rəhbərlərinin xalqlardan oğurladığı pulların xalqlara qaytarılması ilə bağlı qəti və prinsipial qərar var: “Heç bir şübhə yoxdur ki, bundan sonra da avtoritar rejimlər çökdükcə, diktatorların xalqlardan oğurladığı vəsaitin ölkəyə qaytarılması təmin olacaq”.

Fizzə