Hakimiyyət ABŞ-a qarşı kampaniyaya başladı

«Hökumətin nəzarətində olan TV-lər ABŞ-ı terrora dəstək verən dövlət kimi təqdim edir»

Razi Nurullayev: «Bunu hakimiyyətin əndişəsi kimi dəyərləndirmək lazımdır»

Wikileaks saytı ötən ilin sonlarında məxfi məlumatları açıqlamağa başlayanda Azərbaycan hakimiyyəti onları təkzib etməyə çalışdı. Artıq iki dəfə rəsmi şəxslər səviyyəsində belə cəhdlər edilib. Əgər Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Wikileaksi sarı mətbuatla müqayisə edibsə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dolayısı ilə ABŞ-ın burda əlinin olduğunu deyib. Şübhəsiz rəsmilər bu sənədlərin açılmasının arxasında ilk növbədə Amerikanı görür.
Bu səbəbdən də əsas hədəf kimi ABŞ seçilib. Hələ ötən il rəsmi mətbuatda ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirilirdi. Hətta “Azərbaycan” qəzeti təhqir və hədələrə yol verməkdən də çəkinməmişdi. Sonradan orda yazılanlar müəllifin mövqeyi kimi təqdim olundu. Lakin heç kəsə sirr deyil ki, rəsmi dövlət qəzetlərində dərc edilən bu kimi yazılar birbaşa hakimiyyətin mövqeyi kimi qəbul edilir. Wikileaksin açıqladığı son sənədlərdə də Azərbaycanla bağlı xeyli məlumatlar var. hakimiyyət yenə də buna cavab olaraq ABŞ-ı hədəfləyib. Bu dəfə meydana televiziyalar girib. Görünür hakimiyyətin öz taktikasını dəyişməsinə səbəb rəsmi qəzetlərdən fərqli olaraq televiziyaların daha böyük auditoriyaya malik olmasıdır. Belə ki, 11 sentyabr terror aktı ilə bağlı ATV telekanalında hazırlanan verilişdə hadisədən söz açmaq əvəzinə ABŞ dünyada terroru dəstəkləyən dövlət kimi təqdim edilirdi. Terror aktı baş verən vaxt hakimiyyətdə olan prezident Buşun ailəsinin Ben Laden ailəsi ilə yaxın münasibətləri, həmçinin Vaşinqtonun bu hadisədən Əfqanistan və Iraqa qarşı istifadə edilməsi qeyd edilirdi. Bütün telekanallar hakimiyyətin nəzarətində olduğundan  verilişin birbaşa sifariş əsasında hazırlandığını demək olar. Bəs belə bir addımı atılması hakimiyyətin Wikileaksa cavabı kimi qiymətləndirilə bilərmi?
AXCP sədrinin müavini, politoloq Razi Nurullayev Wikileaksda yazılanlar bütün dünyada fakt kimi qəbul olunduğunu deyir. Azərbaycan hakimiyyətinin Wikileaksin birinci dalğasına, eyni zamanda indiki yayılan məlumatlara verdiyi reaksiya narahatçılıqdan xəbər verir. Bunu hakimiyyətin əndişəsi kimi dəyərləndirmək lazımdır: “Orda yazılanlar faktdır. ABŞ nümayəndələrinin orda göstərilən faktları təkzib etməməsi də bunu deməyə əsas verir. Bu isə hakimiyyəti ciddi şəkildə narahat edir”.
Ekspertin fikrincə, Wikileaksin açıqladığı faktlar xarici siyasətindəki boşluqları da ortaya çıxardı. Eyni zamanda hakimiyyətə müəyyən təzyiqlərin olduğu ortaya çıxdı. Mətbuat və televiziyada gedən antiABŞ təbliğatı isə buna cavab kimi qiymətləndirilə bilər.

Fizzə