Səfirlər müxalifətlə iqtidarı görüşdürəcək

Fuad Qəhrəmanlı: «İqtidar-müxalifət dialoqu ilə bağlı problem həmişə hakimiyyətdən qaynaqlanıb»

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Azadlıq” radiosuna müsahibəsində maraqlı açıqlamalar verib. M.Brayza etiraf edib ki, ölkəmizdə fəaliyyət göstərən bəzi səfirliklər, müxalifətlə iqtidarın dialoqunu təşkil etməyin üzərində işləyir. Həmin səfirliklərin sırasına ABŞ səfirliyi də daxildir.
“Məncə, bu iş burdakı istənilən səfirin əsas məqsədlərindən olmalıdır. Bütün qüvvələri – siyasi və qeyri-siyasi qüvvələrin bir araya gəlməsinə, ölkənin görmək istədikləri istiqamətə aparılmasına kömək etmək lazımdır. Bu gün Azərbaycanda böyük təəssürat oyadan vətəndaş cəmiyyəti rəhbərləri var. Onlar böyük vətənpərvərlərdir, ölkələri ilə fəxr edirlər. Ölkədə uzunmüddətli sabitlik, azadlıq, çiçəklənmə istəyirlər. Hökumətin yuxarı eşelonlarında da insanlar var ki, bu cür müzakirələrin faydasını anlayırlar”, – deyə M.Brayza vurğulayıb.
Azərbaycandakı hansı siyasi təşkilatlara iqtidar-müxalifət dialoquna qatılmaq barədə təklifin gəldiyini öyrənmək üçün onlara müraciət etdik.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bu istiqamətdə nə partiyalarına, nə də Ictimai Palataya təklifin daxil olduğunu dedi. AXCP-nin daxil olduğu IP tərəfindən bu yaxınlarda ölkənin demokratiyaya keçidi ilə bağlı “yol xəritəsi”nin təqdim olunduğunu xatırladan F.Qəhrəmanlı bildirdi ki, bu sənəd həm də müxalifətin proseslərə konstruktiv yanaşdığını, dinc və demokratik metodlara üstünlük verərək ölkədə dəyişikliklərin tərəfdarı olduğunu göstərir: “Iqtidar-müxalifət dialoqu ilə bağlı problem həmişə Azərbaycan hakimiyyətində olub. Hakimiyyət ümumiyyətlə müxalifətin siyasi sistemdəki varlığına son qoymağa çalışır. Hakimiyyət həmişə repressiya yolu ilə müxalifətin fəaliyyətini zəiflətməyə çalışıb. Böyük ehtimalla, diplomatik korpus ilk növbədə bu problemi hakimiyyətlə çözməyə çalışır. Hakimiyyətdən dialoqla bağlı müsbət cavab aldıqdan sonra müxalifətə bu təklifləri vermək olar. Onsuz da müxalifət ”demokratiyaya yumşaq keçidlə bağlı yol xəritəsi”ndə öz baxışlarını ortaya qoyub”.

Fəzail Ağamalı: «Müxalifətlə iqtidar arasında normal münasibətlərin olması cəmiyyətə, dövlətə lazımdır»

AVP sədri Fəzail Ağamalı təşkilatlarının belə bir dəvət almadığını söylədi. Yalnız dəvət alındıqdan sonra bu barədə müzakirə aparılmasını mümkün sayan F.Ağamalı vurğuladı ki, qəti qərar yalnız bu zaman verilə bilər: “Öncə gərək təklif daxil olsun, görək müzakirə olunan məsələlər nədən ibarətdir, format necədir. Biz həmişə müxalifətlə iqtidar arasında konstruktiv dialoqun mövcudluğunda maraqlı olmuşuq. Hesab edirik ki, müxalifətlə iqtidar arasında normal münasibətlər olmalıdır. Bu, Azərbaycan cəmiyyətinə, dövlətimizə lazımdır”.

Xəyal