«Wikileaks» Enn Dersi ilə administrasiya rəhbərinin görüşündən bəhs edən məxfi məktubu açdı
“Wikileaks” Azərbaycan hakimiyyətinin çirkinlikləri barədə məlumatları açıqlamaqda davam edir. Amerikanın keçmiş səfiri Enn Dersinin növbəti məktubu Prezident Administrasiyasının rəhbərinin düşüncələrindən bəhs edir.
Belə ki, 2008-ci il aprelin 8-də Ramiz Mehdiyev bəzi şərtlər irəli sürüb ki, bu şərtləri yerinə yetirmədən ABŞ Milli Demokratiya Institutu Azərbaycanda fəaliyyət göstərə bilməz. Əsasən o, tələb edib ki, MDI hökumətyönlü və müxalifət partiyaları ilə birgə treninqlər keçirməlidir ki, “bizim qəlbimizdə şübhə qalmasın”.
Sonra Mehdiyev konkret iradlara keçib və Amerika təşkilatlarını müxalifətlə əlaqədə olaraq ölkədə sabitliyi pozmaq istəyən QHT və KIV-ləri dəstəkləməkdə ittiham edib. Konkret kimi nəzərdə tutması ilə bağlı sualın cavabında Mehdiyev onun sözlərini təsdiqləyən məlumatları təqdim etməyi vəd edib. O, həmçinin bildirib ki, Azərbaycan hökuməti yardım və dəstəyi ancaq öz şərtləri ilə qəbul edəcək.
Eyni zamanda o vəd edib ki, NDI-nin fəaliyyəti dayandırılmayacaq. Mehdiyevlə səfirin söhbəti iki saat davam edib və demokratiyanın müxtəlif aspektlərini, insan hüquqlarını əhatə edib. Söhbətdə Əli Həsənov, Fuad Ələsgərov, Şahin Əliyev və Elnur Aslanov da iştirak ediblər. Dersi qeyd edib ki, ABŞ konkret şəxsləri və ya partiyaları dəstəkləmir. Dəstək demokratik proseslərə və layihələrə göstərilir.
O, media sahəsində neqativ proseslərdən ABŞ-ın narahatlığını bildirib. “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin işi xüsusilə qeyd olunub. Mehdiyev bildirib ki, Ilham Əliyev Aqil Xəlilə hücum faktının araşdırılması ilə bağlı ciddi göstəriş verib. O həmçinin deyib ki, bəzi daxili qüvvələr ölkədə sabitliyin pozulmasında və Azərbaycanın imicinin pisləşməsində maraqlıdır. Sonra o bildirib ki, yerli QHT-lərin bəzi layihələri “Azərbaycanın maraqlarına ziddir”. Belə ki, Müsavat Partiyasının üzvü Hikmət Hacızadə 40 min dollar alıb, Müsavat Partiyasının gənclər təşkilatına rəhbərlik edən oğlu Adnan Hacızadə isə Amerika fondlarından 15 min dollar alıb ki, “gəncləri hökumətə qarşı qoysun” (söhbət NED layihəsindən gedir). NED və Soros Fondu müxtəlif yollarla müxalifəti maliyyələşdirir. Demokratik ölkənin müxalifəti olmalıdır. Lakin əgər o, xarici qüvvələr tərəfindən maliyyələşdirilirsə, hakimiyyətə qarşı üsyan edir”, – deyə Mehdiyev bildirib.
“Müxalifətçilərlə görüş zamanı onlara hansı məsləhətlərin verilməsindən xəbərimiz var, müxalifət daha da aqressiv olur. Dövlət özünü müdafiə edəcək”, – Mehdiyev vurğulayıb. “Bizdə müxalifətdə olan siyasi partiyalar tərəfindən yaradılan QHT-lərin siyahısı var və əgər ABŞ onları maliyyələşdirsə, deməli, söhbət radikal müxalifətin maliyyələşdirilməsindən gedir”,- deyə o, qeyd edib.
Mehdiyev səfirdən müasir və əsil demokrat kimi Ilham Əliyevə inanıb-inanmadığını soruşub. Dersi cavab verib ki, Ilham Əliyevin danışdıqlarına və etdiklərinə, həmçinin onun ATƏT, AŞ, NATO və digər təşkilatların qarşısında demokratik öhdəliklərə sadiq olması barədə bəyanatlarına inanır.
Bütün bu bəyanatlara baxmayaraq, reallıqla söz arasında dərin uçurum var. Real sabitlik yalnız uzunmüddətli demokratik islahatlar vasitəsilə yarana bilər və əgər toplaşma azadlığı olmasa, radio və televiziyada alternativ fikirlər səslənməsə, Ilham Əliyevin arzuladığı kimi müasir Avropa müxalifətinə malik olmaq mümkün olmayacaq.
Bunun cavabında Mehdiyev bildirib ki, əgər çox azadlıq verilərsə, vəziyyət nəzarətdən çıxar, xaos yaranar.
Dersi öz şərhində Mehdiyevin mövqeyini Ilham Əliyevin fikirlərindən irəli gələn yeni sərt xətt kimi qiymətləndirir və bu xətt demokratiyanın yalnız müəyyən şərtlərlə qəbul olunacağını əks etdirir(Turan).
“WikiLeaks” ARXİV:
Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib
Əliyev Kramerlə nəyə görə savaşıb?
Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb
Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib
«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar
Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?
İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib
“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər
İlham Əliyevin sərvəti kimin adınadır?