“Ən böyük korrupsioner Heydərovun özüdür”

Dünya Bankı gömrük xidməti ilə bağlı niyə narahatdır?

“Azadlıq” qəzetinin 9 sentyabr tarixli sayında “Əliyev qarşısında 4 məmurun istefa tələbi” başlıqlı məlumat hakimiyyət daxilindəki qruplaşmalar arasında güclü rezonansa səbəb olub.
Xatırladaq ki, həmin yazıda Dünya Bankının öz təsir dairəsində olan siyasi çevrələr vasitəsilə Azərbaycan hakimiyyətindən 4 məmurun istefaya göndərilməsini tələb etməsindən bəhs olunur. Bu məmurların isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Səfər Əbiyev və nəqliyyat naziri Ziya Məmmədov olduğu bildirilir.
Onu da xatırladaq ki, bu məlumatı redaksiyamıza verən mənbə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan şəxslərə istinad edib və mənbə Dünya Bankının Azərbaycanda korrupsiyanın çiçəklənməsindən narahat olduğunu vurğulayıb. Lakin həmin mənbə bu məsələyə görə niyə məhz adıçəkilən məmurların istefaya göndərilməsinin səbəbləri barədə məlumatsız olduğunu deyib…
Bu dəfə isə redaksiyamıza fövqəladə hallar naziri Kəmaləddin Heydərova əks çevrələrdən sensasiya doğuracaq bir məlumat daxil olub. Əvvəla, bu məlumatı bizə verən mənbə iddia edir ki, “Azadlıq” qəzetində dərc olunan məlum yazı “fövqəlnazir”in təxribatıdır. “Bütün dünya bilir ki, Azərbaycanda ən böyük korrupsioner Kəmaləddin Heydərovun özüdür. Dünya Bankının onu qoyub, digər adıçəkilən məmurların istefasını tələb etməsi gülünc və absurddur”, – deyə mənbə bildirib.
Mənbə “fövqəlnazir”in “təxribatı”nı onun özünü sığortalamağa çalışması ilə əsaslandırıb və əlavə edib ki, bu yaxınlarda Dünya Bankı Azərbaycanda məhz gömrük xidmətinin inkişafa əngəl olması, eləcə də bu sahədə güclü korrupsiyadan narahatçılığını Dövlət Gömrük Komitəsinin rəhbərliyinə çatdırıb. “Gömrük Komitəsinin başında faktiki olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov durur və ölkədə idxal-ixrac əməliyyatlarının onun inhisarında olması heç kimə sirr deyil” – deyən mənbənin fikrincə, “fövqəlnazir” məhz Dünya Bankının gömrüklə bağlı iradlarından təşvişə düşüb və özünə rəqib olan məmurların adını mətbuata çıxarmaqla zərbədən yayınmağa və ictimai rəyi azdırmağa çalışıb.

Informasiya şöbəsi