Vəzifədə ölənə qədər!

Dövlət qurumlarında çalışanlar üçün 65 yaş həddi dövriyyəyə buraxıldıqdan sonra bəzi qəzetlər bu yaş həddini haqlamış nazirlərin işdən çıxarılacağı barədə mülahizələr yürütməkdədir.

Azərbaycanda “istefa mədəniyyəti” məfhumu yoxdur. Əminliklə deyə bilmərəm, ancaq eşitmişəm ki, keçmiş dövlət müşaviri Vəfa Quluzadə işindən könüllü çəkilib. O dönəm ölkəni idarə edənin Heydər Əliyev olduğunu xatırlayanda hörmətli Vəfa Quluzadənin istefa cəhdində bulunması bir az qaranlıq qalır və “ulu öndər”in idarəetmə xüsusiyyətlərindən xəbəri olanlar yəqin ki, mənimlə razılaşar.

Bir daha altını cızaraq yazıram, Azərbaycanda öz xoşuna kreslonu təhvil vermə faktı qeydə alınmayıb hələ. Adam ya ölənə qədər o vəzifədə işləməlidir, ya cəmdəyini kreslodan qaldırıb təcili yardım maşınına qoyurlar, ya da yığdıqlarını əlindən alıb Bayıla 5-10 illik “istirahətə” göndərirlər.Mənə görə istefa mədəniyyətindən məhrum olmamızın üç mühüm səbəbi var.

Birincisi, sovet tərbiyəsi almağımızdır. Ki, o tərbiyənin də içində “könüllü istefa” anlayışı heç vaxt olmayıb.

Ikincisi, həddi-hüdudu olmayan nəfsimizdir. Vəzifə də ki, nəfsimizin, tamahımızın inkişafına, “bezrazmer” olmasına xidmət edir.

Üçüncüsü, qorxudur. Haramla yığılan pulun miqdarı artdıqca sahibi səksəkəyə düşür. Qorxusundan bir küncə çəkilib milyonları səssiz-səmirsiz həzm-rabedən keçirə bilmir.

Odur ki, oyun qaydalarına riayət etmək məcburiyyətində qalırlar. Aşağılardan toplayır, yuxarıdakılara verir və bir də gözlərini açıb-görürlər ki, Əzrail kabinetə təşrif buyurub.

Bu gün dünyanın sivil dövlətlərində prezident, baş nazir və nazir vəzifələrində bir seçki müddətindən (5 ildən) artıq qalmağa müsbət yanaşmırlar. Psixoloji aspektdən yanaşdıqda bu qərarın yanlış olmadığı aşkar olur. 10-15, hətta 20 il nazir postunda oturmaq tər-təmiz idarəetmə anormallığıdır ki, var.
Sivil Qərbdə belə düşünürlər. Müsəlman dünyasının isə öz standartları mövcuddur. Burada “vəzifədə ölənə qədər” prinsipi əsas götürülür. Mübarək, Qəzzafi, Bəşər Əsəd və digər müsəlman padşahlar vəzifədən yana xalqı qanına-qəltan etmədilər, məgər?

Yaşı 65-ə çatmış, yaxud o həddi ötmüş nazirlərimizin vəzifədən kənar ediləcəyini yazır qəzetlər.

Açıq deyirəm, şəxsən mən bunun əleyhinəyəm və həm də bu, baş tutan iş deyil. Heç bir müsəlman padşah illərlə əl-ələ verib işlədiyi, üzü-üzünə, gözü-gözünə öyrəşdiyi nazirlərinin beş-onunu birdən-birə işdən uzaqlaşdırmaz. Nədən ki, oyun-qaydalarını təzə təyin olunmuşlara anladana qədər xeyli itkilər baş verə bilər.

Indiki halda ən yaxşısı yaşı 65-i ötmüş nazirləri elə onların öz övladları ilə əvəzləməkdir.

Sual edirəm, hansı nazirlikdə nazirin oğlu və ya qızı söz sahibi deyil?

Misal üçün, Nəqliyyat nazirliyində hansı nazir müavini, idarə rəisi cəsarət edib nazir Ziya Məmmədovun oğlu Anar Məmmədova “gözünün üstündə qaşın var” deyə bilər? Bəlkə nazirliyin ən gəlirli sahələri nazir oğlunun holdinqinin tabeçiliyində deyil?

Yaşı 65-in həndəvərində olan və 65-i ötmüş yüksək vəzifəliləri – Bakı meri Hacıbala Abutalıbovun, baş nazir Artur Rasizadənin, onun müavini Abid Şərifovun, daxili işlər naziri Ramil Usubovun, Komitə sədri Hidayət Orucovun, qocaman neftçi Xoşbəxt Yusifzadənin və digərlərinin də kreslosunu başqalarına yox, məhz onların uşaqlarına vermək lazımdır.
Iki səbəbdən:
1. Bu zatlara 10-15 ildir ki, xalqın gözü öyrəşib. Xalqa da sayğı göstərmək gərəkdir;

2. Ilham Əliyev məhz atasının kreslosuna sahib olmadımı? Və elə bilirsiniz, 2013, yaxud 2018-ci ildə padşahımız taxt-taca Əliyevlərdən savayı kimsənin sahib olmasına razı olacaq?

Bura Azərbaycandır, müsəlman dünyasının bir parçası olan Azərbaycan.

Burada “vəzifədə ölənə qədər” mahnısını oxuyurlar.