Vicdan məhbuslarının üzünə duranlar danışdı

Yalançı zərərçəkənlər ağlasığmaz şər-böhtana əl atdı

İfadələr yenə hakimiyyətin saxtakarlığını üzə çıxardı

Ictimai Palatanın 2 aprel aksiyasını təşkil etməkdə təqsirləndirilənlərin – Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidlinin işi üzrə dünən Səbail Rayon Məhkəməsində proses davam etdirildi.

Mülki iddiaçılar yenə yoxdur

Prosesin ilk vəsatəti A.Hacılının vəkili Nemət Kərimlidən gəldi. O bildirdi ki, müdafiə etdiyi şəxsə və o biri təqsirləndirilənlərə qarşı 19 min manatlıq mülki iddia qaldırılıb. Lakin mülki iddiaçılar 3 iclasdır prosesə qatılmır. Vəkil dedi ki, qanuna əsasən iddiaçı tərəf  məhkəməyə iki dəfə gəlməyəndə mülki iddia ləğv oluna bilər.  Hakim Famil Nəsibov onun vəsatətini rədd etdi.

“Vay, qulağım”

Porses zərərçəkən kimi tanınan Yasamal Rayon Polis Idarəsinin 29-cu polis bölməsinin rəisi, polis polkovniki Faiq Hüseynovun ifadə verməsi ilə davam etdi. O, Tural Abbaslının üzünə durdu. Polkovnikin sözlərinə görə, aksiyada Tural Abbaslıya iki dəfə xəbərdarlıq edib. Lakin Tural “Azadlıq”, “Istefa” deyərək onların əməkdaşlarına hücum çəkib: “Bir də gördüm yıxıldım sağ qulağım zədələndi. Saat 6-7 arası məni qospitala apardılar”. F.Hüseynov aldığı xəsarətə görə 12 gün DIN-in hospitalında yatdığını dedi.

Armatur da “göründü”

Ifadəsindən sonra “zərərçəkən” vicdan məhbuslarının və vəkillərin sualları önündə zor anlar yaşadı. Kim tərəfindən xəsarət yetirildiyini soruşanda F.Hüseynov dedi ki, o zaman T.Abbaslının yanında bir neçə nəfər olub: “Görsəm, tanıyaram”.
A.Hacılı:
– Sənə Tural xəsarət yetirib?
– Turalın yanında bir-iki nəfər var idi. Əllərində qəzet, qəzetin içində dəmir armatur var idi.
– Armaturu qəzetin altında necə gödün?
– Vuranda hiss etdim.
– Tural vurub sizi?
– Görmədim.
F.Qəhrəmanlı:
– Istintaq materiallarında bir dəfə də olsun dəmir əşya dəlili yoxdur. Necə olur ki, 26 polisə küt alətlə xəsarət yetirilir. Amma istintaqda bir dəfə də olsun əşyayi-dəlil yoxdur?
– Kim vurduğunu tələb etmədim. Humanistlik göstərdim.
Nemət Kərimli onun bu cür danışığına etiraz etdi.
– Sizdə məlumat varmı ki, Tural, Arif, Məhəmməd sizi vuranlara göstəriş verib?
– Xeyr.
T.Abbaslı:
– Mənə nə zaman xəbərdarlıq etmisiniz?
– MUM-un yanında bir dəfə siz mənə, sonra da mən sizə yaxınlaşdım və sizə xəbərdarlıq etdim. Dedim mitinq qanunsuzdur.
– Niyə məhz mənə?
– Aqressiv idiniz.
– Nə zaman baş verdi?
M.Məcidli:
– Aksiyanın qanunsuz olduğunu sizə kim deyib?
– Rəhbərlik deyib.
– Maraqlanmısınız, rəhbərlik düz, ya yalan deyir?
– Biz rəhbərliyin göstərişini müzakirə etmirik.
– Rəisiniz qeyri-qanuni göstəriş verib.
– Vətəndaşlar istirahət edən yerdə aksiya etmək olar? Rəisin dediyi qanundur.
Vəkil Əsabəli Mustafayev:
– Aksiya zamanı hansı geyimdə idiniz?
– Mülki geyimdə.
– Sizə zor tətbiq edənləri tanımırsız?
– Görsəm, bəlkə tanıyaram.
– Bu dörd nəfərdən biri sizə zor tətbiq edibmi?
– Yox.
– Tabeçiliyinizdə olan insanlar sizi vuranı tutmağa cəhd etdilər?
– Görmədim.
– Ifadənizi harda vermisiniz?
– Prokurorluqda.
– Harda ekspertizadan keçdiniz?
Polis işçisi bu suala cavab verə bimədi.
Hakim Ekspertiza Institutunda deyəndən sonra “hə” dedi.
N.Kərimli:
– Polis haqqında qanunun ikinci maddəsinə görə insan hüquq və azadlıqlarını qorumalı idiniz.
– Qanunsuz keçirilən piketin qarşısını alırdıq.

Zərəri vuran gözəgörünməz olub?

T.Abbaslı dedi ki, onu saxlayan bu polis əməkdaşı olmayıb:  “Məni saxlayan bu deyildi. Çevik Polis Alayının əməkdaşları və mülki geyimdə əlində rezin dəyənək olan bir nəfər idi. Həmin şəxs məni dəyənəklə vurmaqda davam edirdi. Faiqin  mənə xəbərdarlıq etdiyini xatırlamıram.
Vəkillər bir məqama diqqət çəkdilər. Onlar bildirdilər ki, xəsarət aldıqlarını iddia edən polislərin heç biri zərərvuranı görməyib, onlar müəyyən olunmayıb: “Sərbəst toplaşma hüququndan istifadə edənlər tutulub, bir nəfər vuran tutulmayıb. Bu humanistlikdi, yoxsa polisin fəaliyyəti ilə əlaqədardır?”.
Azər Nağıyev: 
– Bu hadisə ilə bağlı müsahibə vermisiniz?
– Yox.
Prokuror etiraz etdi.
Vəkil bildirdi ki, polis yalan danışır. Belə ki, həmin şəxsin “Azərbaycan” qəzetində müsahibəsi çıxıb.
T.Abbaslı da dedi ki, həmin polis nəfəri məhkəmə qərarı olmadan şahid ifadəsi verib: “Bizi tutursunuz ki, istintaqa mane olmayaq. Buna nə ad verirsiniz?”
Hakim sualı protokoldan çıxardı.

Zorakılığın mükafatı

Vəkillər dedi ki, F.Hüseynov hadisədən dərhal sonra verdiyi ifadəsində T.Abbbaslının adını çəkməyib. Amma məhkəmə zalında birinci T.Abbaslı barəsində danışmğa başladı.
Ə.Mustafayev:
– Qəzetdə rütbəniz mayor gedib. Aksiyadan sonra rütbənizi artırıblar?
Prokuror suala etiraz etdi.
– Istintaqa ifadənizdə əlinizdən və qulağınızdan xəsarət aldığınız yazılıb. Burda dediniz ki, təkcə qulağınızdan xəsarət almısınız.
Polis nəfəri sualı tam cavablandıra bilmədi.

“Zərərçəkən” zərəri kimdən çəkdiyini bilmir

22 saylı polis bölməsinin baş əməliyyat müvəkkili Elşən Quliyev məhkəmədə ifadəsində 2 apreldə “göstəriş əsasında qanunsuz aksiyanı” necə dağıtmaqlarını göstərdi. O, peşə fəaliyyətini yerinə yetirərkən xəsarət aldığını da dedi.
Arif Hacılı əməliyyat müvəkkilindən aksiya zamanı onu, Tural Abbaslını, Fuad Qəhrəmanlını və Məhəmməd Məcidlini görüb-görmədiyini soruşdu.
– Bunların heç birini görməmişəm. Burdakılar mənə xəsarət yetirməyib.
A.Hacılı:
– Nədən bildiniz biz təşkilatçıyıq?
– Istintaqçı deyib.
– Istintaqa verdiyiniz ifadədə mitinqçilərin polis kordonunu yardığını bildirmisiz.
– Ifadəmdə polis kordonu deməmişəm.
Fuad Qəhrəmanlı E.Quliyevin istintaqa verdiyi ifadəsini oxudu. Məlum oldu ki, polis əməkdaşı istintaqa düzgün olmayan ifadə verib.
F.Qəhramanlı:
– Aksiya iştirakçılarının əlində küt alət var idimi?
– Aksiya iştirakçılarının əllərində qəzet var idi. Amma küt alət görməmişəm.
Prokuror verilən suallardan narahat olaraq sualların verilməsinə etirazını bildirdi.

Daş, dəmir…

Zərərçəkən qismində ifadə verən Nizami Rayon Polis Idarəsinin baş cavuşu Abbasov Yusif ayağından daş, yaxud dəmir parçası ilə xəsarət aldığını bildirdi.
F.Qəhrəmanlı:
– Istintaq materiallarında aksiyaçıların küt alətdən istifadə etdiyinə dair dəlil yoxdu?
– Bilmirəm.
Y.Abbasov da müttəhim kürsüsündə əyləşən dörd nəfərin heç birinin ona xəsarət yetirmədiyini dedi.
Yasamal Post-Patrul Xidmətinin əməkdaşı Elnur Aşırov aksiya günü sağ əlindən xəsarət aldığını söylədi: “Məni qabaqdan vurdular. Amma vuranı görmədim. Məni qəzetin arasına bükülən dəmir parçası ilə vurdular”.
F.Qəhrəmanlı:
– Bəlkə qəzetin arasındakı taxta olub, dəmir yox?!
– Küt alət idi.
– Onda niyə dəmir yazmısan?
Polisin cavabı olmadı.

“Şərə bulaşmayın”

PPX-nin əməkdaşı Idris Hüseynov mitinq günü aksiyaçılar tərəfindən sağ əlinin daraq sümüyünün dəmir parçası ilə sındırıldığını dedi: “Məni vurandan sonra dəmir parçası əllərindən yerə düşdü. Kimin vurduğunu görmədim. 10 gün qospitalda yatdım. Bu şəxslərin heç birini görməmişəm, mənə də xəsarət vurmayıblar”.
A.Hacılı polis çavuşuna məsləhət verdi ki, çox gəncdir, belə şər işlər etməsin.
F.Qəhrəmanlı:
– 3-4 nəfər polisə xəsarət yetirir, polis onları  zərərsizləşdirə bilmir?
T.Abbaslı:
– Bəlkə sizi vuran bir xuliqan olub?
– Görməmişəm.

Sınıq əllə yazılan izahat…

I.Hüseynovun da ifadələrində ziddiyyət var idi. O,  hospitala gah xəsarət alan kimi, gah da tədbirdən sonra aparıldığını söylədi. I.Hüseynov dedi ki, onu vuran şəxsləri Yasamal polisinə aparıblar. Amma sonradan onlarla maraqlanmayıb. Vəkillər zərərçəkənin yalan danışdığını dedilər və ifadəsinin sübutlar siyahısından çıxarılmasını  tələb etdilər.
A.Qasımlı:
– Yasamala, ya da istintaqa sual vermədinizmi o tutulanların aqibəti necə olub?
A.Nağıyev:
– Bayaq da deyirdi ki, onu vuranları tuta bilməyiblər.  Sonra da dedi onu vuranları Yasamal polisinə aparıblar. Adam ikili ifadə verir.
– Ifadəni özünüz yazmısınız, yoxsa, müstəntiq?
– Öz əlimlə yazmışam.
– Bəs bayaq dediniz ki, sağ əliniz sınmışdı. O zaman necə yazmısınız?
– Mən demişəm yazıblar. Sonra da imzaladım birtəhər.
– Sizə dəmirlə xəsarət yetirildiyini necə anladınız?
– Yerə düşəndə cingildədi. Təxmin etdim ki, dəmir səsidir.

Hakim yenə tərəf saxlayır

Vəkil Ə.Mustafayev I.Hüseynovun ifadəsinin sübutlar siyahısından çıxarılmasına dair vəsatət verdi. Lakin hakim onu təmin etmədi. A.Qasımlı hakimə etirazını bildirdi. Vəkil dedi ki, müdafiə tərəfə tez-tez irad tutursuz, amma qarşı tərəf əlli cür ifadə verir, ona heç nə demirsiniz. Bundan sonra hakim A.Qasımovun zərərçəkənlərin DIN-in hospitalında yatdıqlarına dair arayış tələbinə dair vəsatətini təmin etdi.
Vəkil bildirdi ki, zərərçəkənlərin dedikləri müddətdə hospitalda yatdıqları təsdiqlənsə, korrupsiya halları ilə bağlı əlavə sualları olacaq.

Ittiham aktı yenidən hazırlanmalıdır!

Binəqədi rayon 7-ci polis bölməsinin polis kapitanı, əməliyyat müvəkkili Elşad Əliyev aksiya günü boynundan zədə aldığını dedi. 
Məhkəmə prosesində məlum oldu ki, müdafiəçilərə verilən ittiham aktı düzgün yazılmayıb. Belə ki, cinayət işi materiallarında yazılanlar ittiham aktında təhrif olunaraq müdafiəçilərə verilib. Vəkillər ittiham aktının yenidən hazırlanmasını tələb etdilər. Daha sonra Ə.Mustafayev bildirdi ki, E.Əliyev də məhkəməyə yalan ifadə verir. Çünki cinayət işinə tikilən ekspert rəyində yazılıb ki, E.Əliyev heç bir xəsarət almayıb.
Vəkil onun da ifadəsinin dəlillər siyahısından çıxarılmasına dair vəsatət qaldırdı. Hakim vəsatəti təmin etmədi.

YAP-çıdan da betər polis

Nəsimi Rayon Polis Idarəsinin polis serjantı Asəf Nəbiyev onurğa nahiyəsindən və kəllə-beyin travması aldığına görə bir həftə reanimasiya şəraitində yatdığını dedi. A.Qasımlı A.Nəbiyevin partiya mənsubiyyətini soruşdu. A.Nəbiyev bitərəf olduğunu dedi. Bundan sonra vəkil zərərçəkmişin aprelin 6-da “Azərbaycan” qəzetinə verdiyi müsahibəsini oxudu: “Radikal müxalifət xalqın dəstəyindən məhrum olduğunu gözəl anlayır. Indiki radikal müxalifət hakimiyyətdə olanda dağıdıcılıqla məşğul olub. Xalqımız prezident Ilham Əliyevin siyasətini dəstəkləyir. Xarici dairələrin ölkəmizlə bağlı planları baş tutmayacaq”. Vəkil dedi ki, bu polis siyasi  mövqe ortaya qoyub, bu səbəbdən də polis sıralarından  çıxarılmalıdır.
Hakim dedi ki, onun mövqeyinin heç bir əhəmiyyəti yoxdur.
A.Qasımlı:
– Polis nədir, dövlət siyasətini dəstəkləmək nədir. Bir şeyə diqqət yetirin. Asəf Nəbiyev bu müsahibəni 6 aprel tarixində – reanimasiyada olanda verib. O, belindən xəsarət aldığını deyir. Amma qəzetdəki şəklində əlinin sarındığı görünür. Bu, cəmiyyəti aldatmaq deməkdir. Bu insana inanmaq olmaz.
Prokuror dedi ki, bu, polisin mövqeyidir.
Hakim onun ifadəsinin də sübutlar siyahısından çıxarılmasına dair vəsatəti də rədd etdi.

Polis: “Məni qız vurdu”

Binəqədi rayon 40-cı polis bölməsinin polis serjantı Rafiq Həmzəyev, Nəsimi Polis Idarəsinin əməkdaşı Sahib Rəcəbov, Binəqədi rayonu 7-ci polis bölməsinin əməkdaşı Rövşən Məmmədov ifadə verdilər. R.Məmmədov dedi ki, mitinq zamanı nəinki oğlanlar, hətta qızlar da onu vurublar.
T.Abbaslı:
– Necə kişisən ki, səni qız da vurub?
Hakim:
– Məmmədov, qız söhbəti etməsəniz də olardı.
T.Abbaslı:
– Utanmır, tumsatanlardan üç manat alıb ailə dolandırır, hələ gəlib qız söhbəti də edir.
Proses sentyabrın 12-si davam edəcək.

Natiq Güləhmədoğlu